Bu gün teatr və kino sənətinin usta aktyorlarından olan Əməkdar artist, Dövlət mükafatı laureatı Hamlet Xanızadənin doğum günüdür.
Oxu.Az xatırladır ki, Hamlet Xanızadə 1941-ci il iyun ayının 5-də Bakının Şağan qəsəbəsində dünyaya göz açıb. Uşaqlıqdan teatra həvəsi olsa da, atası Bəbir kişi oğlunu aktyor görmək istəmirdi.
İncəsənət Universitetinə 50-ci illərin sonlarında daxil olan H.Xanızadə1961-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işə başlayır.
"Xəyyam" tamaşasında "Həsən Səbbah", "İblis" tamaşasında "İblis" ,"Vaqif" tamaşasında "Qacar"la bərabər neçə-neçə yadda qalan obrazlar yaradıb.
Hamlet Xanızadə Mehdi Məmmədov, Hökümə Qurbanova, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı kimi sənət korifeyləri ilə bir yerdə çalışıb.
Teatr səhnəsində ən unudulmaz obrazı kimi "İblis" tamaşasında "İblis"i yaradıb. Bu obraz həm də aktyorun teatrdakı son rolu olub. Məhz "İblis" tamaşasından sonra Hamlet Xanızadə həmişəlik teatrdan gedib.
Aktyorun qızı Aygün Xanızadə müsahibələrinin birində bu məsələyə belə aydınlıq gətirir: "İblis" onun teatrdakı son rolu olmuşdu. Doğrudan da həmin rolu gözəl ifa etmişdi. Dublyoru isə Həsənağa Turabov idi. Ümumiyyətlə, Turabov da, atam da, hər ikisi güclü aktyor olublar. Onların arasında həmişə rəqabət, rol üzərində mübarizə olub. Düzdür, mən inanmıram ki, atam Turabova məxsus hansısa obraza yiyələnsin. Amma bildiyim qədər Turabov atama qarşı belə rəqabət ovqatında olub. Təbii ki, mən sənət müstəvisində rəqabətdən bəhs edirəm. "İblis" rolu barədə eşitmişəm. Ümumiyyətlə, elə nə olubsa, "İblis" tamaşasından sonra olub. Həmin tamaşadan sonra atam teatrdan getdi".
Unudulmaz aktyorun yaradıcılığında ikinci bir mərhələni də kino sənətindəki xidmətləri təşkil edib. Kinoya 1970-ci ildə rejissor Tofiq Tağızadə tərəfindən ekranlaşdırılan "Yeddi oğul istərəm" filmindəki "Gizir" obrazı ilə gəlib.
"Axırıncı aşırım", "Arxadan vurulan zərbə", "Şəhərin yay günləri", "Qızıl uçurum", "Babək", "Bir Cənub şəhərində", "İnsan məskən salır", "İstintaq davam edir", "Qatarda", "Qatır Məmməd", "Qəm pəncərəsi", "Qərib cinlər diyarında", "Möcüzələr adası", "Nizami", "Topal Teymur", "Yaramaz", "Yol əhvalatı","Qətl günü" kimi 70-dən çox filmdə yaratdığı müxtəlif xarakterli obrazlarla həmişəlik yadda qalır.
1990-cı ilin 20 Yanvar hadisələri Hamlet Xanızadənin həyatında faciəyə səbəb olub.
Yaxınlarının dediyinə görə, ölümündən iki gün əvvəl bütün qohum-əqrəbasının hamısı ilə görüşüb, söhbət edib, 20 Yanvar hadisələrindən danışıb ağlayıb. Növbəti gün yenidən Şəhidlər xiyabanına gedəndə orada qəfildən halı pisləşib və məlum olub ki, onun beyninə qan sızıb. Həmin günü xəstəxanaya yerləşdirilən aktyor ertəsi gün fevralın 3-də 48 yaşında dünyasını dəyişib.
Hamlet Xanızadə doğma kəndindəki qəbiristanlıqda torpağa tapşırılıb.
Unudulmaz obrazlarla kino tarixinə adını yazan Hamlet Xanızadənin doğum günüdür
Əzizə İsmayılova