Bu gün Xalq artisti Afaq Bəşirqızının doğum günüdür.
Oxu.Az xatırladır ki, Afaq Bəşir qızı Səfərova 1955-ci ildə Bakı şəhərində, Xalq artisti Bəşir Səfəroğlunun ailəsində anadan olub. 1974-1979-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) təhsil alıb.
Aktyorluq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teatrında başlayıb. Elə ilk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək, tamaşaçıların dərin rəğbətini qazanıb.
Xalq artisti Afaq Bəşirqızının doğum günüdür
Afaq Bəşirqızı 1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrında işləməyə başlayıb. Əsasən komik rolların ifaçısı kimi daha da püxtələşib, Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək şöhrət qazanıb. Onun "Bəxt üzüyü" tamaşasında yaratdığı "Söylü" obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə nümunədir. Eyniadlı filmin xalq tərəfindən sevilməsində də aktrisanın xidmətləri böyükdür.
1989-cu ildə Afaq Bəşirqızı Musiqili Komediya Teatrına dəvət alıb və işlədiyi ilk gündən tamaşalarda baş və əsas rolları ifa edərək bir-birindən maraqlı obrazlar yaratmağa nail olub.
Afaq Bəşirqızı teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib. Bunlardan "Bəxt üzüyü", "Evləri köndələn yar", "Yaşıl eynəkli adam", "Nekroloq" və s. adlarını qeyd etmək olar.
Afaq Bəşirqızı Azərbaycan teatr sənətinin və kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə 1989-cu ildə "Əməkdar artist", 1993-cü ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. O, 2013-cü ildə "Şöhrət" ordeninə, 2015-ci ildə Prezidentin fərdi təqaüdünə layiq görülüb.
2015-ci ildə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.
Afaq Bəşirqızının 5 aprel 2024-cü il tarixdə Oxu.Az-a verdiyi müsahibəni bu linkdən oxuya bilərsiniz.
Rəylər