"Bəzi idmançılarımızın göstəriciləri zəifdir, heç yeniyetmə səviyyəsində də deyil. Bu, sadəcə, çəki ilə əlaqəli deyil. Buraya fiziki göstəricilər də daxildir. 78 kq çəki dərəcəsində olan bir xanım cüdoçunun boyu minimum 175 sm olmalıdır ki, nəticə əldə edə bilsin. Amma bizdə bu boya malik qadınlar çox azdır".
Bu sözləri Oxu.Az-a müsahibəsində Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib. Müsahibəni təqdim edirik:
- Azərbaycanda ən çox maraq göstərilən iki idman növü var - biri güləş, digəri cüdodur. Bunun səbəbi nədir?
- Bizim insanlarımızda mübarizə ruhunun yüksək olması döyüş idman növlərinə olan marağı artırır. Bu, yalnız güləş və cüdoda deyil, boks və karatedə də belədir. Cüdoda olan prinsiplər bizim milli dəyərlərimizə çox yaxındır.
- Cüdoya marağın keçmiş illərə nisbətən daha çox artmasının səbəbi nədir?
- Cüdo idman növü kimi Azərbaycanda 1952-ci ildən təşəkkül tapıb və öz inkişafını yaşayıb. Onun populyarlaşmağa başlamasının bir neçə mərhələsi var. Ən birincisi 1990-cı illərin əvvəllərində olub. 1992-ci ildə cüdonun Olimpiya idman növlərinə daxil edilməsi, Nazim Hüseynovun Barselonada Olimpiya çempionu olması ilk təkan idi. Növbəti dəfə 2008-ci ildə, Elnur Məmmədli Pekində keçirilən Yay Olimpiya Oyunlarının qalibi oldu və bundan sonra bu idman növü haqqında məlumatı olmayanların belə, cüdoya həvəsi artdı.
Bizim federasiyanın qarşısına qoyduğu əsas məqsədlərdən biri cüdo idman növünün daha da kütləviləşdirilməsidir. Bunun üçün də müxtəlif kampaniyalar həyata keçiririk. Azərbaycanda hazırda 19 minə yaxın idmançı cüdo ilə məşğul olur. Bu da özlüyündə son iki il ərzində 50% artım deməkdir. Çünki 2022-ci ildə bu rəqəm 12 min idi.
- Parisdəki Yay Olimpiya Oyunlarına yollanan iki idmançımız dünya reytinqində zirvəni ələ keçirib. Zelim Kotsoyev və Hidayət Heydərovdan Paris-2024-də hansı nəticəni gözləyə bilərik?
- Tək Zelim və Hidayətdən yox, yarışlara qatılacaq hər bir idmançımızdan ilk növbədə layiqli mübarizə gözləyirik. Cüdo elə bir idman növüdür ki, burada proqnoz vermək çox çətin məsələdir. Xüsusilə də Olimpiya Oyunları kimi bir yarışda. Amma rahatlıqla deyə bilərəm ki, idmançılarımızın keçdikləri hazırlıq prosesi bizə uğurlu nəticə gözləməyə imkan verir. Yenə də əvvəlcədən proqnoz verə bilmərik. Nəticə idmançılarımızın tatamiyə çıxdığı zaman bilinəcək. Komanda olaraq, istər tibbi heyət, istərsə də məşqçilər korpusu idmançılarımızın vətənə qızıl medalla qayıtması üçün çalışır.
- Niyə heç vaxt olimpiadada iki dəfə ard-arda çempion ola bilməmişik?
- Bunun hər birinin ayrı-ayrılıqda səbəbləri var. Olimpiya çempionlarımızdan Nazim Hüseynovun ikinci dəfə qələbə qazana bilməməsinin səbəbi 1990-cı illərdə yaranan çətinliklər idi, müharibə dövrü idi. Namiq Abdullayev 2000-ci ildə Sidneydə çempion oldu, ancaq dörd il sonra turnirə qatıla bilmədi, çünki yaş öz sözünü deyirdi. 2004-cü ildə Afinada Fərid Mansurov güləş üzrə qızıl medal qazansa da, zədələri ardıcıl ikinci dəfə çempion olmağına əngəl oldu. Elnur Məmmədli 2008-ci ildə Olimpiya çempionu olduqdan sonra çəki dərəcəsini dəyişdi və 81 kq-da mübarizə aparmağa başladı. Həmin çəkidə Avropa çempionu oldu. 2012-ci il London Olimpiadasında kanadalı idmançı ilə görüşdə Elnur Məmmədli qalib gəlsə də, yanlış qərar idmançımızın çempion olmasının qarşısını kəsdi. Ümumi götürsək, zədələr, yaş problemləri iki dəfə ard-arda çempionluq qazanmağımıza mane olub.
- Qadın cüdoçularımız hansı nailiyyətləri ilə öyünə bilərlər?
- Azərbaycanda cüdoda ən titullu qadın idmançı Kifayət Qasımovadır. Avropa çempionatında bir gümüş, iki bürünc medal qazanan Qasımova 2008-ci il Olimpiadasında iştirak edib, 1/8 final mərhələsində uduzmuşdu. Bundan bir il sonra isə dünya çempionatının bürünc mükafatçısı oldu.
Ramilə Yusubova-Kaştayeva da dünya mükafatçısıdır. 2010-cu ildə Yaponiyada dünya çempionatının bürünc, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında isə qızıl medal qazanıb.
İndi də nəticələr verə biləcək qadın idmançılarımız kifayət qədər var. Bu, xüsusilə yeniyetmə və gənc idmançılara aiddir.
Cüdo ilə məşğul olmaq üçün səbir və iradə lazımdır. Təəssüf ki, idmançıların bəziləri bir müddət sonra artıq davam etmək istəmirlər. Əlbəttə ki, bunun da səbəblər var. Amma deyə bilərəm ki, növbəti Olimpiya Oyunları üçün lazımi qədər ehtiyat idmançı formalaşdıra bilmişik. Misal üçün, 48 kq çəki dərəcəsində Leyla Əliyeva və Könül Əliyeva, 52 kq-da Aydan Vəliyeva, Xədicə Qədəşova kimi idmançılarımız var.
Əsas vəzifələrimizdən biri 78 kq-dan yuxarı çəki dərəcələrində olan idmançıları yetişdirməkdir. Təəssüf ki, bizdə bu çəki dərəcəsində olan idmançılarımızın göstəriciləri zəifdir, heç yeniyetmə səviyyəsində də deyil. Bu, sadəcə, çəki ilə əlaqəli deyil. Buraya fiziki göstəricilər də daxildir. 78 kq çəki dərəcəsində olan bir xanım cüdoçunun boyu minimum 175 sm olmalıdır ki, nəticə əldə edə bilsin. Amma bizdə bu boya malik qadınlar çox azdır.
- Yaxınlarda gəncləri narkotiklərdən çəkindirmək üçün federasiyanız onların cüdoya cəlbi ilə bağlı reklam kampaniyası başlatdı. Hansı nəticələr var?
- Bilirsiniz ki, kampaniyanın adı "Doğru yol budur"dur. Məqsədimiz, təbii ki, sosial bəla ilə mübarizə aparmaqdır. Biz federasiya olaraq bu cür məsələlərə diqqət çəkib yeniyetmələri, gəncləri çirkin əməllərdən uzaq tutaraq idmana yönləndirməyə çalışırıq. Sözügedən kampaniya başladıqdan sonra 750 nəfərə yaxın şəxs cüdo ilə məşğul olmağa başlayıb. Hesab edirəm ki, yaxşı göstəricidir, amma biz yenə də bu tərzli kampaniyalar keçirməyə davam edəcəyik.
- Bölgələrdə cüdoya marağı daha da artırmaq üçün hansı işlər görülür?
- Bununla bağlı bir neçə istiqamətdə işlər görməyə başlamışıq. Burada ən önəmli məsələ məşqçilərin təhsilidir. Etiraf etməliyəm ki, regionda olan məşqçilərin peşəkarlıq səviyyəsi Bakı, Sumqayıt və Gəncədəkilərlə eyni deyil. Məhz buna görə də Beynəlxalq Cüdo Federasiyası ilə birlikdə kurslar keçirir və region məşqçilərini də cəlb edirik. Çünki məşqçi olmadan regionda idman növünü inkişaf etdirə bilmərik.
İkinci məsələ isə regionlarda maddi-texniki bazanın gücləndirilməsidir. Yeni cüdo zallarının açılışına həm özümüz gedirik, həm də dəstək veririk. Regionda olan zallara tatamilərin verilməsi də vacib məsələdir. İki il ərzində 6 500 tatami paylamışıq. Bu, özlüyündə regionlarda cüdo ilə məşğul olan uşaqlarımızın sayının artmasına gətirib çıxarıb.
Digər bir məsələ isə regionlarda yarışların daha çox keçirilməsidir. Bakıda keçirilən yarışların eynisini bölgələrdə də təşkil edirik. Bütün qaydalara və reqlamentə uyğun olan yarışlar keçirilir. Başqa işlərdən biri isə regionlarda ustad dərslərinin keçirilməsidir.
- Cüdo Federasiyası növbəti beş il üçün hansı məqsədləri hədəfləyib?
- Bizim 2024-29-cu illər üçün strategiyamız aprel ayının 20-də federasiyanın ümumi iclasında təsdiq olunub. Həmin strategiyanın reallaşması üçün hazırlıq işləri görməyə başlamışıq. Əsasən, üç istiqamətdə işləyəcəyik. Birincisi, cüdo ilə məşğul olan idmançıların sayının daha da artırılması. İkincisi, istedadların seçilməsi və inkişafı prosesinin təşkili. Son olaraq isə elit idman dediyimiz, yəni böyüklər arasında Avropa, dünya çempionatlarında nəticələrimizi stabilləşdirmək və 2028-ci il Olimpiya Oyunlarında kişilər arasında bütün çəki dərəcələrində medal uğrunda mübarizə apara biləcək rəqabətqabiliyyətli komanda yaratmaq. Qadınlarda isə 48, 52 və 57 kq çəki dərəcələrində rəqabətqabiliyyətli komandalar formalaşdırmaq fikrindəyik.
Daha çox foto burada: PhotoStock.az
Anar Həsənov
Rəylər