"Oktyabrın 15-də Fransa ərazisində panafrikan siyasi fəal Kemi Seba hüquq-mühafizə orqanları tərəfindən əsassız və qanunsuz şəkildə həbs edilib. Kemi Seba bir müddət əvvəl Bakıda Afrikada Fransanın neokolonializm siyasətinə həsr edilən beynəlxalq konfransda iştirak edib. Bundan sonra Kemi Sebanın rəhbərlik etdiyi qeyri-hökumət təşkilatı və Bakı Təşəbbüs Qrupu (BTQ) arasında əməkdaşlıq başladı. Yəni Fransa hökumətinin bu ərəfədə belə bir addım atması heç də təsadüfi hadisə deyil. Bu, Fransa hökumətinin Bakı Təşəbbüs Qrupunun uğurlu fəaliyyətinə olan və beynəlxalq ictimaiyyətə tanış reaksiyasıdır".
Bunu Oxu.Az-a müsahibəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov deyib. Onun sözlərinə görə, bu gün azadlığa buraxılan Kemi Seba panafrikan qeyri-hökumət təşkilatının rəhbəri olmaqla yanaşı, həm də Niger Respublikası prezidentinin müşaviridir. Buna görə də o, Fransa ərazisinə diplomatik pasportla daxil olub:
- Amma bu faktlara baxmayaraq, Fransanın hüquq-mühafizə orqanları onu qanunsuz şəkildə həbs etdi. Bu isə birbaşa Kemi Sebanın siyasi fəaliyyəti ilə, yəni Fransa müstəmləkəçiliyinə qarşı apardığı mübarizəsi ilə bağlıdır. Bu bir daha onu göstərir ki, Fransa Afrikada öz neokolonializm siyasətini yürütməyə davam edir.
- Fransa tərəfindən Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə hansı maneələr törədilir?
- Fransa hökumətinin bu kimi addımlarını biz ilk dəfə deyil ki, müşahidə edirik. Bizimlə əməkdaşlıq edən digər siyasi partiyaların, müqavimət partiyalarının rəhbərləri və milli müstəqillik hərəkatlarının üzvlərini də bu formada, yəni öz üsulları ilə sıxışdırmağa davam edirlər. Bu, Bakı Təşəbbüs Qrupunun son bir ildə neokolonializmlə bağlı apardığı mübarizə müstəvisindəki uğurlu fəaliyyəti ilə bağlıdır.
- Son illərdə Fransanın müstəmləkəsi olan ölkələr ardıcıl olaraq Parisin bu fəaliyyətinə qarşı çıxır və etirazlar hər keçən gün böyüyür. Görünən odur ki, bu addımlar Fransanı daha da aqressivləşdirir və onu neokolonial siyasətə daha da təhrik edir. Siz necə düşünürsünüz?
Fotoda Kemi Seba
- Təəssüf ki, elədir. Baxmayaraq ki, hazırda müstəmləkə sayılan Yeni Kaledoniya, Fransız Polineziyası və Martinikdə milli müstəqillik hərəkatları müqavimət göstərir və BMT-nin 14 və 15 nömrəli qətnamələrinin həyata keçirilməsini, yəni birbaşa beynəlxalq hüququn tələbinin yerinə yetirilməsini tələb edirlər, Fransa nəinki bu qətnamələrə əməl edir, hətta Afrikada artıq öz müstəqilliyini əldə edən ölkələrdə də öz neokolonial siyasətini yürütməyə davam edir. Bu siyasətini də çox şiddətli şəkildə tətbiq etməyə davam edəcəyi görünür.
- Fransanın özünün dövlət kimi ayaqda qalması istismar etdiyi müstəmləkə ölkələrinin yeraltı və yerüstü sərvətləri sayəsindədir...
- Bəli! Çünki neokolonializm iqtisadi və maliyyə sektorları üzərində bir dövləti əsarəti altında saxlamaqdır. O da yaxşı məlumdur ki, Afrika ölkələri müstəqil olsalar da, neokolonializm siyasətinin təsiri altındadırlar.
- Perspektivdə bu siyasətin sona çatacağı və müstəmləkə altında olan xalqların heç bir asılılıq olmadan öz müqəddəratlarını həll edəcəyini demək olarmı? Çünki bu gün neokolonial siyasətlə məşğul olan təkcə Fransa deyil, eləcə də Niderland, Norveç və başqa bəzi ölkələr də var ki, müstəmləkə siyasəti onların ayrılmaz hissəsidir. Gözləntiləriniz nədir?
- Bildiyiniz kimi, neokolonializm kolonializmin ikinci mərhələsi hesab olunur. Düşünürəm ki, neokolonializm siyasətinin də növbəti beş-on il ərzində sonu gələcək. Çünki hazırda müstəmləkə olan dövlətlərin öz müstəqilliyinə qovuşması ehtiyacı çox böyük zərurətə çevrilib. Biz ümid edirik ki, beynəlxalq hüquq çərçivəsində aidiyyəti beynəlxalq təşkilatlar, o cümlədən də bizim tərəfimizdən aparılan fəaliyyətlər nəzərə alınacaq və kolonializm siyasəti sona çatacaq.
- Bəs Fransanın dənizaşırı ərazilərdəki fəaliyyəti? Bu gün Fransanın assimilyasiya və zorakı siyasətinə qarşı həmin ərazilərin xalqları aktiv fəaliyyətlə məşğuldurlar.
- Bu hadisələr 1980-ci illərdən başlayıb və hələ də davam edir. Sadəcə olaraq, Bakı Təşəbbüs Qrupundan əvvəl heç bir beynəlxalq aidiyyəti təşkilatlar, qeyri-hökumət təşkilatları bu problemi dünya ictimaiyyətinin diqqətinə çatdırmayıb və bu istiqamətdə heç bir iş görməyiblər. Ona görə də bu hadisələr gizli qalırdı. Biz oradakı hadisələri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırıq və artıq bir müddət əvvəl Yeni Kaledoniyada başlayan hadisələr Martinikdə də davam edir.
Yeni Kaledoniyadakı hadisələr keçiriləcək referendumla bağlı idisə, Martinikdə baş verənlər iqtisadi və maliyyə sektorunda yaranan böhrandan qaynaqlanır. Çünki Fransa onları həm əsarət altında saxlayır, həm də onlara qarşı neokolonial siyasət üsullarından istifadə edir. Həmin regionu iqtisadi və maliyyə baxımından tamamilə özündən asılı saxlayan Fransa hökuməti orada yaşayan insanların rifahı naminə heç bir addım atmır. Bununla bağlı da artıq etiraz aksiyaları başlayıb. Fransa isə həmişəki kimi, bu etirazları yatırmaq üçün komendant saatı tətbiq edir, əraziyə əlavə qoşun göndərir və problemləri bu yolla həll etməyə çalışır. Təbii ki, biz də Bakı Təşəbbüs Qrupu olaraq, həmin xalqlara beynəlxalq hüquq çərçivəsində göstərdiyimiz dəstəyimizi əsirgəməyəcəyik.
Mərahim Nəsib