Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Vətən müharibəsinin 39-cu günü: 7 kənd işğaldan azad edilir
2020-ci il noyabrın 4-ü, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz doqquzuncu günü.
Oxu.Az xatırladır ki, döyüş əməliyyatları əsasən cəbhənin cənub və cənub-şərq hissələrində - Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edir.
Düşmən gecə boyu bölmələrimizin yerləşdiyi mövqelərimizi və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlardan atəşə tutur. Ağdərə, Ağdam və Xocavənddə hücuma keçməyə cəhd edən düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilir.
Azğın düşmən acığını yenə də mülki şəxslərdən çıxmağa çalışır. Səhər saatlarından başlayaraq, Tərtər rayonunun Hüsənli və Qazian kəndlərini, Şıxarx qəsəbəsini, eləcə də Tərtər şəhərini, Ağcabədinin Hacılar, Qaraxanlı və Boyat kəndlərini, həmçinin Ağdamın kəndlərini artilleriya atəşinə tutur.
Prezident İlham Əliyev İtaliyanın "La Repubblica" qəzetinə müsahibəsində torpaqlarımızın azadlığı uğrunda sona qədər mübarizə aparacağımızın mesajını verir:
"Bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək idi və biz bu vəzifəyə yaxınlaşırıq. Biz ərazi bütövlüyünün bərpasını demək olar ki, 30 il idi gözləyirdik. Bildiyiniz kimi, bütün bu müddət ərzində Azərbaycan danışıqlar prosesinə ciddi şəkildə sadiq olub. Lakin əfsuslar olsun ki, bu, hər hansı əhəmiyyətli nəticə vermədi. Bundan əlavə, son bir neçə ildə Ermənistan rəhbərliyi öz bəyanatları və əməlləri, o cümlədən hərbi təxribatları ilə bizi hər zaman təhrik edirdi. Sonuncusu sentyabrın 27-də baş verdi. Biz cavab verməli olduq və bizim cavabımız Ermənistan üçün çox həssas idi. Biz qələbədən danışarkən qarşımıza belə bir hədəf qoymamışdıq. Biz onu danışıqlar masasında həll etmək istəyirdik. Lakin biz bunu döyüş meydanında etməyə hər zaman hazır idik və bunu da edirik".
Bütün bunların fonunda dövlət başçısı həmin gün xalqa növbəti müjdəni verir. Prezident özünün "X" səhifəsində Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli kəndləri, Cəbrayıl rayonunun Mirək, Kavdar kəndləri, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərinin işğaldan tam azad edildiyini açıqlayır.
Beləliklə, müharibənin 39-cu günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfində olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verir.
Mərahim Nəsib
"44 günlük Vətən müharibəsi" teqi üzrə xəbərlər
- Ermənistanda 44 günlük müharibədə oğurlanan silah-sursatların bir qismi tapıldı
- Vətən müharibəsi ilə bağlı filmlərin çəkilişinə ayrılan vəsait AÇIQLANDI
- Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir
- ARKA İkinci Qarabağ müharibəsindən sonra istehsal etdiyi filmləri təqdim edib
- Polkovnik Raqif İsrayılov: "Aprel döyüşlərindən sonra hazırlıqlarımızı artırmağa başladıq"
Rəylər