“Alqoritmika” Beynəlxalq Proqramlaşdırma və Riyaziyyat Məktəbi Azərbaycanda təkcə uşaqlara deyil, həmçinin böyüklərə də İT sahəsi üzrə tədris proqramı təqdim edir.
Belə ki, təxminən bir il əvvəl Azərbaycanın Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə 25-45 yaş arası böyüklər üçün “IT - Academy” layihəsinə start verilib. Bununla yanaşı bir müddətdir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Azərbaycan Texniki Universitetində (AzTU) İT ixtisası üzrə təhsil alan tələbələrə ödənişsiz əsaslarla fəaliyyət göstərən “Code for Future” adlı kursları üzrə ilk axın başladılıb.
“Alqoritmika” nın hər iki layihəsi çərçivəsində, ilyarım ərzində 3 istiqamət üzrə (veb-tərtibatıçısı, sistem inzibatçısı, QA mühəndisi) 1200-ə yaxın tələbə məzun olub.
Bu günlərdə “Alqoritmika” komandası kursları bitirdikdən sonra nə qədər məzunun yeni ixtisas üzrə işlə təmin olunduğunu yoxlamaq qərarına gəlib və İT kurslarının məzunlarının işlə təmin olunması ilə bağlı Azərbaycanda ilk belə araşdırmanın aparılması üçün “SIAR” Konsaltinq və Tədqiqat şirkətinə müraciət edib.
“SİAR” tədqiqatın başlamasına ən azı 3 ay qalmış təhsilini başa vurmuş 655 məzunla sorğu həyata keçirib. Əldə olunan nəticələrə əsasən son bir il ərzində yeni ixtisas üzrə iş tapmaq istəyən bütün məzunlar arasında 40%-i iş tapıb və bunu altı ay ərzində həyata keçirib. Burada nəzərə almağa dəyər ki, “Alqoritmika” kurslarını bitirənlərin əksəriyyəti təhsilini davam etdirən universitet tələbələridir.
Eyni zamanda, “IT-Academy” tələbələrinin təxminən 29%-i “Alqoritmika” kurslarına ona görə müraciət edir ki, daha sonra ixtisasını dəyişmək və yeni iş tapmaq imkanı əldə edə bilsin. Məzunların 64%-i isə öz peşələrində sərbəst fəaliyyət göstərmək üçün yeni bilik və bacarıqlar əldə etməyə çalışır.
Bununla yanaşı, sorğunun nəticələrinə əsasən işlə təmin olunan məzunların əksəriyyəti (64%) müxtəlif şirkət və qurumlarda işçi kimi, digər hissəsi (31%) isə sərbəst iş tapıb. Eyni zamanda yeni başlayanların 72%-i 1000 AZN, 28%-i isə 1000-dən - 2500 AZN-ə qədər aylıq əməkhaqqı qazanır.
Olqa Malaxova, Azərbaycanda “Alqoritmikanın” IT-Academy və “Code for Future” layihələrinin rəhbəri:
“Bizim üçün işlə təmin olunan tələbələrin 40%-i təşkil etməsi böyük nailiyyətdir. Bu nəticə, kurslar çərçivəsində həyata keçirilən təlim və karyera fəaliyyətlərinin yüksək effektivliyini nümayiş etdirir. Biz tələbələrə düzgün tərcümeyi-hal yazmağı, müsahibədən uğurla keçməyi, “yumşaq” bacarıqların inkişafı üzrə təlimlər və mühazirələr həyata keçiririk. Bu istiqamətdə biz, Azərbaycanda da işəgötürənlərlə fəal əməkdaşlıq edir və əlaqələr qururuq”.
Hazırda isə “IT-Academy” kurslarına böyüklərin qəbulu bağlansa da, ADNSU və AzTU tələbələrinin təhsili davam edir.
Gələcək planlarla bağlı qeyd edək ki, “IT-Academy” bu il üçüncü axın üçün qeydiyyat açmağı planlaşdırır. Bu fürsətdən yararlanmaq istəyən şəxslər kursların sosial şəbəkələrinə https://www.instagram.com/it_academy_az
və https://www.youtube.com/@it_academy_az
abunə olub, burada bütün xəbərlər və yeniliklər barədə məlumat əldə edə bilərlər.