ABŞ Dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin sentyabrın 26-da Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutan görüşündən sonra ortaya ənənəvi sual çıxır: nəticə nə oldu? Hələ görüşdən öncə hansısa inqilabi yekuna dair xüsusi illüziya bəsləməyin əbəs olduğu aydın idi. Tərəflərdən gələn ilkin açıqlamalar da göstərir ki, indi "nəticə nə oldu" deyil, "bu görüş niyə təşkil olunmuşdu" sualı daha aktual səslənir.
"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.
Blinkenin ümidləri
Görüşün nəticələrini şərh edən vasitəçi tərəf - ABŞ-nin Dövlət katibi A.Blinkenin ofisindən gələn açıqlamanın səthiliyi və süniliyi də qənaətimizi təsdiq edir: "Dövlət katibi Blinken dayanıqlı və layiqli sülh yolunda tərəflərin əldə etdiyi irəliləyişi yüksək qiymətləndirir və hər iki ölkəni razılaşmanın yekun mətninin sonlandırılması üçün fəaliyyəti davam etdirməyə səsləyir. Dövlət katibi qeyd edir ki, sülh razılaşması bölgəyə sabitlik və çiçəklənmə gətirəcək". Və...?
Böyük dövlətlərin, xüsusilə də ABŞ-nin əsas xarici siyasət problemlərindən biri odur ki, Ermənistanla Azərbaycan arasındakı münaqişə kimi proseslərin tarixi barədə yetərincə və hərtərəfli məlumatları olmadığı halda, zorla və israrla öz kabinetlərində hazırladıqları "yol xəritələri"nin reallığa çevrilməsini arzulayırlar. Özü də bunun üçün nəinki real addımlar atırlar, hətta pozitiv nəticənin əldə olunmasına əngəl yaradan gedişlərdən belə çəkinmirlər. Məsələn, Blinken gələcək sabitlik və çiçəklənmədən danışır, ancaq ölkəsinin hərbi kontingentinin 30 il işğalçı olmuş və revanş hissi ilə yaşayan kvazidövlətin hərbçilərinə təlimlər keçdiyini "unudur". Vaşinqtonda sülh "ümidi"ndədirlər, ancaq Avropada əsas müttəfiqlərinə çevrilmiş Fransanın işğalçı dövləti intensiv silahlandırmasına göz yumurlar. Məğlub olmasına və kapitulyasiya aktına imza atmasına baxmayaraq, 4 il əvvəlki razılaşmaya məhəl qoymayan dövlətin sürətlə militaristləşməsi fonunda hansı dayanıqlı sülhdən danışmaq olar?
ABŞ dövlət katibi sülhün regional sabitlik və çiçəklənməyə yol açacağını indi bəyan edir, özü də boğazdan yuxarı, - biz isə bunu son 30 ildir deyirik. Vaşinqton administrasiyası bütün bu zaman kəsiyində Cənubi Qafqaz bölgəsinin bu potensialını görmürdümü? Görürdülərsə, ATƏT-in Minsk qrupu niyə vəziyyətin dondurulması və de-fakto rejimdə qalması uğrunda geosiyasi alətə çevrilmişdi? İndi hansı çiçəklənmədən danışaq ki, Azərbaycan tək özünün deyil, bütün regionun iqtisadi tərəqqisinə gedən yolu özü qurub-yaradıb və bölgədəki bütün pozitiv dəyişikliklərin önündə durub? Gec deyilmi?
ABŞ seçkiləri üçün "sülh müqaviləsi"
Vaşinqtonun Parislə birgə Ermənistanla Azərbaycan arasında yekun sülhə dair hansısa çərçivə sənədinin imzalanmasına çalışması problemin çözümündən daha çox ABŞ-də keçiriləcək seçkilərin yekununa hesablanıb. Demokratların son hakimiyyətləri dövründə dünyanın yüzminlərlə insanın ölümünə səbəb olmuş qan çanağına çevrilməsi faktdır. ABŞ Ukraynada axan qanın heç də sonuncu səbəbkarı deyil və respublikaçıların namizədi Donald Trampın seçki kampaniyasında bu faktı xüsusilə qabartması Baydeni əvəzləyən Harrisin əsas başağrılarından biridir. Demokratlara hansısa geosiyasi uğur lazımdır və belə görünür ki, Vaşinqtonda Azərbaycanla Ermənistan arasındakı mümkün razılaşmanı ən optimal variant hesab edirlər.
Ancaq gerçəklik bundan ibarətdir ki, ABŞ-də seçkilərin, bölgədə isə xalqların taleyi həll olunur. Azərbaycan siyasi sabitliyi və iqtisadi tərəqqini yekun sülh sazişi olmadan da əldə edib. Özü əldə edib. Bizə indi çiçəklənmə vədləri və proqnozlarından çox tarixi ədalətin bərpa edilməsi lazımdır. Vaşinqtonda və Parisdə kimlərin nə düşünməsindən asılı olmayaraq, biz bu ədaləti bərpa edirik və belə alayarımçıq "sülh təşəbbüsləri" rəsmi Bakını yolundan döndərə bilməz. Azərbaycan kimlərinsə seçki gözləntiləri üçün ssenariləşdirilmis geosiyasi avantüraların iştirakçısı olmaq niyyətində deyil.
Tərəfkeş "vasitəçilik"
Blinkenin sülhdən danışdığı reallıqda ABŞ-nin birtərəfli siyasi gedişləri, erməni tərəfkeşliyi yekun müqavilə yolunda ən böyük əngəllərdəndir. 30 il tarixi olan və ən azı iki əsrlik tarixi ədalətsizlik üzərində qol-budaq açan problemi bir tək Vaşinqtonun istəyi ilə, özü də ədalətsiz istəyi ilə çözmək mümkün deyil. İndi XXI əsrdir. ABŞ-nin dəyənək geosiyasəti gücünü itirib. Fransanın müstəmləkə siyasəti iflasa uğrayıb. İki müharibə edən dövləti barışdırmaq üçün onlardan birini aşkar müdafiə kursundan ən azı imtina etmək lazımdır. Yoxsa Ermənistanı silahlandırın, maliyyə yardımlarını artırın, siyasi və mənəvi dəstəyi gücləndirin, sonra da Azərbaycanın onunla sülh müqaviləsi imzalamasına ümid edin. Seçicilərinizi aldada bilərsiniz, amma bizi yox...
Aşkar anti-Azərbaycan mövqeyi
Bu gün ABŞ həm qanunverici, həm də icra hakimiyyətləri səviyyəsində aşkar anti-Azərbaycan mövqeyində duran bir dövlətdir. ABŞ Konqresində Azərbaycan xalqına düşmən münasibəti bəsləyən şəxslərin müəllifliyi ilə müxtəlif sənədlər və qanunverici aktlar qəbul edilir. Azərbaycanın öz ərazisində kökünü kəsdiyi separatizmin qaçıb aradan çıxmış qalıqlarının nümayəndələri bu ölkənin qanunverici orqanında qəbul edilir, onlara söz verilir və bu gün Blinkenin üzərində "çalışdığı" yekun sülh sənədinin reallıq olmaması üçün siyasi hədyanlar söyləyən erməni psevdodövlət xadimləri alqışlanır, revanşizmə həvəsləndirilir. ABŞ hökumətinin əsas agentliyi olan USAİD Ermənistana maliyyə yardımını iki dəfə artırır, İrəvanın kiber, enerji və sərhədyanı təhlükəsizliyini himayəsi altına alır və siz Vaşinqtonda oturub sülhdən danışırsınız? Ayırdığınız yardımı 120 milyondan 250 milyon dollara qaldırırsınız, Paşinyan hökuməti bu vəsaiti sosial-iqtisadi ehtiyaclarına ödəyir və qadağan olunmuş məhsulların tranzitindən əldə edilən böyük pulları silah almağa xərcləyir, siz isə israrla yarımçıq müqavilənin nəyin bahasına olur-olsun tarixi sənədə çevrilməsi arzusundasınız?
Dayanıqlı sülh müqaviləsi o vaxt imzalanır ki, bir dövlətin digərinə qarşı ərazi iddiası konstitusiyasında əks olunmur. Əsl sülh missiyası həmin maddələrin Ermənistan konstitusiyasından çıxarılmasına çalışmaqdır. Bu problem həll ediləndən sonra yekun sülh müqaviləsinin imzalanmasında vasitəçiliyə də ehtiyac olmayacaq. Biz çox seçkiləri gözləmişik, siz də birini yola verin.