"Flightradar" uçuş izləmə xidmətinin məlumatına görə, avqustun 2 və 3-də ABŞ-nin Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından Ermənistanın Zvartnots hava limanına iki hərbi təyyarə enib.
Caliber.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, ABŞ Silahlı Qüvvələrinə məxsus "Boeing C-17" hərbi təyyarəsində yüklərlə birlikdə şəxsi heyət də hava limanına gətirilib.
Aprelin 5-də Brüsseldə imzalanmış sənədin hərbi əməkdaşlığı nəzərdə tutan məxfi hissəsinə uyğun olaraq, Ermənistan Silahlı Qüvvələrinə ABŞ istehsalı olan yeni nəsil silahlar - snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnika, həmçinin Ermənistan xüsusi təyinatlıları üçün ABŞ ordusunda istifadə edilən mini-hücum pilotsuz təyyarələri, kiçik ölçülü minalar və digər döyüş sursatları gətirilib.
Məlum olub ki, əvvəllər ABŞ erməni xüsusi təyinatlıları üçün bu sursatların istifadəsi ilə bağlı təlimlər keçirib, bundan sonra Ermənistan tərəfi silahları real şəraitdə yoxlamaq məqsədilə Kəlbəcər istiqamətində Azərbaycan ordusunun bölmələrinə qarşı hərbi təxribat törədib.
Daha sonra, yuxarıda qeyd edildiyi kimi, ABŞ-nin hərbi yük təyyarələri ilə Ermənistana böyük miqdarda silah və sursat çatdırılıb. Həmçinin bildirilir ki, bu silahlar yerli relyef və hərbi şəraitə uyğunlaşdırılıb. Bu zaman Aİ missiyasının Azərbaycan ordusunun mövqeləri haqqında topladığı kəşfiyyat məlumatlarından istifadə edilib.
İki təyyarədən birində İran ərazisindən buraxılan raketlərin və digər uçuş aparatlarının trayektoriyalarını izləyən xüsusi cihazlar gətirilib. Bu zaman İran ərazisindən İsrailə mümkün hücum riski xüsusilə nəzərə alınıb. Gətirilən cihazlar Ermənistanın İranla sərhədində yerləşdiriləcək.
Lakin bu hələ hamısı deyil. ABŞ, təbii ki, bu missiyanı erməni hərbçilərinə etibar etməyib və həmin cihazları idarə edəcək 30-50 nəfər gətirib. İranla sərhəddə yerləşdiriləcək şəxsi heyətə Rusiya və İranın diqqətini cəlb etməmək üçün hərbçilər diqqətlə seçilib - onların əksəriyyəti ABŞ ordusunda xidmət edən erməniəsilli ABŞ vətəndaşları, həmçinin postsovet ölkələrindən ABŞ-yə köçmüş slavyan və qafqaz görünüşlü şəxslərdir. Şəxsi heyət Ermənistan Silahlı Qüvvələrinin forması ilə təchiz edilib və Zəngəzurda Ermənistan Silahlı Qüvvələrinin hərbi bazasında yerləşdirilib.
ABŞ öz istehsalı olan yeni nəsil silahları Ermənistana çatdırıb