Caliber.az-ın iki eksklüziv materialı regional mediada geniş müzakirələrə səbəb olub. Məqalələrdə ABŞ-nin hərbi nəqliyyat təyyarələrinin silah və şəxsi heyətlə Ermənistana gəlməsi barədə məlumat verilirdi. ABŞ-nin İrəvandakı səfirliyi bu məlumatı təkzib etməyə çalışıb, lakin uğursuz olub.
Bizim ABŞ-nin təyyarələri haqqında yeni faktlarımız var və biz onları oxucularımızla bölüşəcəyik. Amma əvvəlcə bu məsələnin tarixçəsini xatırladaq.
Əvvəllər bildirdiyimiz kimi, avqustun 2-si və 3-də ABŞ-nin Rumıniya və Qətərdəki bazalarından iki hərbi təyyarə Ermənistanın Zvartnots hava limanına uçub. ABŞ Silahlı Qüvvələrinə məxsus "Boeing C-17" hərbi nəqliyyat təyyarələrində hərbi yükdən əlavə, 50 nəfərədək ABŞ ordusu şəxsi heyəti də daşınıb.
Ermənistan Silahlı Qüvvələri ABŞ-dan yeni silahlandırma - snayper tüfəngləri, gecə görmə cihazları, müasir rabitə vasitələri, xüsusi təyinatlı qüvvələr üçün zirehli gödəkçələr, ABŞ ordusunda istifadə olunan zərbə mini-dronları, həmçinin kiçik ölçülü minalar və digər döyüş sursatları alıb. Bu silahlar artıq Ukraynada praktiki sınaqdan keçirilib və müasir döyüş əməliyyatlarının xüsusiyyətləri nəzərə alınaraq təkmilləşdirilib. Məsələn, dəbilqələr və zirehli gödəkçələr xüsusi olaraq Rusiya və sovet istehsalı olan qəlpə və odlu silahlardan effektiv müdafiə üçün uyğunlaşdırılıb.
Bundan əlavə, təyyarələrdən biri İran ərazisindən gələcək raket və uçuş aparatlarının trayektoriyalarını izləmək üçün Ermənistana avadanlıqlar çatdırıb və bu avadanlıqlar Ermənistan-İran sərhəddində quraşdırılacaq. ABŞ hərbçilərinin mövcudluğuna diqqət çəkməmək üçün Vaşinqton və İrəvan keçmiş SSRİ ölkələrindən ABŞ-yə mühacirət etmiş erməni əsilli hərbçiləri, slavyan və Qafqaz simalı insanları seçiblər.
ABŞ səfirliyinin "təkzibi" ilə eyni vaxtda Ermənistan tərəfdən də bəyanatlar səsləndirildi ki, ABŞ hərbi qulluqçuları "daşlar diyarı"nı avqustun əvvəlində tərk ediblər. Bununla belə, qeyd etmək lazımdır ki, 15-24 iyul tarixlərində Ermənistanda keçirilən "Eagle Partner 2024" təlimləri və avqustun əvvəlində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus hərbi-nəqliyyat təyyarələrinin gəlişi iki tamamilə fərqli haldır. Buna görə də onların təlimlərin bitməsindən 9 (!) gün sonra ölkəni tərk edə biləcəklərini iddia etmək düzgün deyil.
Yeni məlumatlara keçid edək: təqdim olunan fotoşəkildə iki marşrut qeyd olunub ki, bu marşrutlar üzrə hərbi yüklər və ABŞ Silahlı Qüvvələrinin şəxsi heyəti ilkin olaraq "Zvartnots" hava limanından Ermənistan Müdafiə Nazirliyinin İrəvan ətrafında yerləşən 513-cü əlahiddə batalyonuna çatdırılıb.
ABŞ qoşunları gələnə qədər bu batalyonun şəxsi heyətinin sayı 300 nəfər idi.
İki vacib məqamı vurğulamağa dəyər.
Birincisi, Cənubi Qafqaz regionunda baş verən hər şey Azərbaycanın diqqətindədir və biz bunu bir neçə dəfə praktikada nümayiş etdirmişik.
İkincisi, erməni tərəfinə xatırladaq: Fransanın, Hindistanın, Avropa Sülh Fondunun və ya ABŞ-nin dəstəyindən asılı olmayaraq, hərbiləşdirmə siyasətinin davam etdirilməsi istər-istəməz ciddi nəticələrə gətirib çıxaracaq. Ermənistan bu cür təxribatların cavabsız qalmasına imkan verəcək strateji dərinliyə malik deyil. Nəticədə o, istər-istəməz yeni məğlubiyyətlərlə üzləşəcək.
Bununla bağlı Prezident İlham Əliyevin sözlərini xatırlatmaq yerinə düşər: "Əgər Ermənistana verilən silahların kritik həddə çatdığını görsək, heç kim bizdən inciməsin. Bizim nəyə qadir olduğumuzu, Ordumuzun nəyə qadir olduğunu, iradəmizin nə qədər güclü olduğunu hər kəs bilir. Heç kim bizə müqavimət göstərə bilməz".
Qaldırdığımız məsələnin əhəmiyyətini nəzərə alaraq, ABŞ-nin Ermənistandakı səfirliyindən ətraflı cavab gözləyirik.
ABŞ və Ermənistan Müdafiə Nazirliyinin 513-cü əlahiddə batalyonunu nə birləşdirir?