Avropa İttifaqının (Aİ) 2022-ci ildə Rusiyaya qarşı sanksiyalara başlamasından sonra Ermənistanın Rusiyaya olan ticarət dövriyyəsində əhəmiyyətli dərəcədə artım müşahidə olunur. Belə ki, Ermənistanın bu artımın kökündə Avropa İttifaqından aldığı məhsulları Rusiyaya satması dayanır.
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano "Report"a bildirib ki, Avropa İttifaqı Aİ-dən üçüncü ölkələrə və üçüncü ölkələrdən, o cümlədən Ermənistandan Rusiyaya sanksiyalı malların ticarət axınını yaxından izləyir.
O, Ukraynaya dəstək fəaliyyətlərinin bir hissəsi olaraq bütün ölkələri bu sanksiyalara uyğunlaşmağa çağırdıqlarını vurğulayıb:
"Avropa İttifaqı Rusiyaya Ukraynaya qarşı qeyri-qanuni müharibəsi səbəbilə bir sıra genişmiqyaslı sanksiyalar tətbiq edib. Ukraynaya dəstək fəaliyyətimizin bir hissəsi olaraq bütün ölkələri oxşar milli tədbirlər görməyə və ya heç olmasa, hər hansı bir yayınma (və ya pozuntu) halına yol verməməyə çağırmışıq".
P.Stano qeyd edib ki, sanksiyaların pozulmasının qarşısını almaq Rusiyanın Ukraynaya qarşı müharibədə texnoloji və maliyyə imkanlarını effektiv şəkildə azaltmaq baxımından olduqca önəmlidir:
"Bu, xüsusilə Rusiya hərbi sistemlərində istifadə olunan ən həssas mallara tətbiq olunan sanksiyalarımız baxımından çox önəmlidir. Buna görə də biz Avropa İttifaqından üçüncü ölkələrə və üçüncü ölkələrdən, o cümlədən Ermənistandan Rusiyaya sanksiyalı malların ticarət axınını yaxından izləyirik. Həmçinin bu kimi halları önləmək üçün səylərimizi artırırıq. Məsələn, platforma rolu oynayan ölkələrlə diplomatik əlaqələri intensivləşdiririk ki, sanksiyalı Aİ mallarının üçüncü ölkələr vasitəsilə Rusiyaya keçməsinin qarşısı alınsın".
Digər tərəfdən, Avropanın sanksiyalarını faktiki olaraq nəzərə almamağa yetərincə əsaslar var. Buna sübut kimi "Brookings" İnstitutunun aparıcı mütəxəssisi Robin Bruksun sosial şəbəkələrdəki paylaşımlarına diqqət yetirmək olar. Həmin paylaşımlardakı qrafiklərdə Ermənistanla Avropa İttifaqı ölkələri arasındakı ticarət dövriyyəsinin də kəskin artımı əks olunur.
İqtisadçı ekspert Vüqar Bayramlı "Report"a bildirib ki, Qərb dairələri Ermənistandan təkrar ixrac ilə Rusiyaya sanksiyalı malların ticarət axınına ikili yanaşırlar - ermənipərəst mövqe nümayiş etdirirlər və Ermənistanın təkrar ixracına göz yumurlar:
"Rusiya Ukrayna müharibəsi başladıqdan sonra Ermənistanın xarici ticarət dövriyyəsində kəskin artımlar müşahidə olunur. Həm Rusiya ilə ixracatda və eləcə də idxalda kəskin artım ondan xəbər verir ki, Rusiyaya lazım olan bir sıra məhsullar əslində Ermənistan vasitəsilə təkrar ixrac olunur".
Onun sözlərinə görə, Avropa İttifaqının, eləcə də ABŞ-nin fəlsəfəsinə uyğun olaraq, Ermənistana da sanksiyalar tətbiq olunmalıdır:
"Baxmayaraq ki, bu məsələ çox fərqli dairələrdə müzakirə olunur. Məsələn, Avropa Parlamentinin Avronest Parlamentlərarası iclasında bu məsələ müzakirə olundu, xarici ekspertlər tərəfindən xüsusi təqdimat həyata keçirildi. Amma təəssüf ki, Avropada, Qərbdə rəsmi dairələr bu məsələyə göz yumurlar. Əslində bu, ermənipərəst mövqeyin və ikili standartların olmasından xəbər verir. Qərb öz standartları ilə Ermənistana qarşı sanksiyalar tətbiq etməli olduğu halda, biz Qərbin Ermənistana dəstəyini müşahidə edirik".
V. Bayramlı qeyd edib ki, Azərbaycan QHT-ləri bununla bağlı əsaslandırılmış müraciət ünvanlayıblar:
"Müraciətdə həm illər üzrə xarici ticarət dövriyyəsinin dəyişməsi ilə bağlı rəqəmlər, eləcə də Ermənistan və Rusiya arasında ticarət dövriyyəsində Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra baş verən dəyişikliklər çox açıq şəkildə təsdiq edir ki, Ermənistan təkrar ixrac vasitəsilə Rusiyaya beynəlxalq sanksiyalardan yayınmağa şərait yaradıb. Ümid edək ki, Qərb dairələri bu müraciətə ciddi yanaşacaqlar və qərəzsiz olaraq araşdırıb Ermənistana qarşı sanksiyaların tətbiqini həyata keçirəcəklər".