Avropada Fransadan, Cənubi Qafqazda isə Ermənistandan Azərbaycana hədyanlar yağdırılır. Hər ikisi duet oxuyurmuşlar kimi eyni məsələni müxtəlif səviyyələrdə gündəmə gətirirlər. Çox nadir hallarda Yelisey sarayı solo ifada özünü ermənilərin fədakar müdafiəçisi kimi aparır.
Avropa Parlamentində oktyabrın 22-də "Azərbaycandakı vəziyyət, insan haqlarının, beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər"ə dair müzakirələr olacaq. Mövzu səsə qoyulmadan artıq gündəliyə daxil edilib. Hətta bununla bağlı uyğun "qətnamə"nin qəbul olunacağı da gözlənilir. Necə deyərlər, dünyaya demokratik dəyərlərlə bağlı liderlik iddiasında olan Avropa İttifaqının parlamenti öz göbəyini özü kəsir.
Bütün bu kimi kampaniyalar Fransanın təşəbbüsü və təşkilatçılığı ilə aparılır. Yelisey sarayı Azərbaycana qarşı təzyiq etməyə əsas tapmayanda Ermənistanla bağlı uydurmalara əl atır. Odur ki, rəsmi Paris öz ampluasındadır. O, Azərbaycana qarşı müxtəlif məzmunlarda və kürsülərdə təzyiqlərini davam etdirir.
Müasir dövrdə belə öz vətəndaşlarına qul, kölə kimi münasibət göstərən Yelisey sarayı öz gözündə tir görməyib, başqa gözdə çöp axtarmaqla məşğuldur.
Avropa Parlamenti Fransanın təşəbbüslərinə "amin" deyərək ənənəvi anti-Azərbaycan isteriyasını davam etdirir. Bu ölkənin canfəşanlığı Avropada mövcud islamofob, irqçi, səlibçi və türkofob dairələrin aktivləşməsinə səbəb olub.
Tarixən Afrika, Asiya ölkələrində özlərinin törətdikləri insanlığa qarşı əməllərə görə hələ də həmin qitələrin yerli sakinlərindən üzr istəməyiblər.
Fransa və indi Avropa Parlamentində insan haqlarından boşboğazcasına ağız dolusu danışanların Vyetnam, Kamboca, Laos kimi ölkələrin xalqlarına zülmü uzaq keçmişdə edilməyib. Həmin işgəncələrin, qətliamların şahidləri bu gün də sağdır.
Fransa təhlükəsizlik qüvvələrinin sentyabrda Yeni Kaledoniyada dinc etiraz aksiyasına qarşı törətdiyi vəhşiliyi yada salmaq onların mahiyyətini bir daha təsdiqləyir.
Bu yaxınlarda ada sakinləri Parisdə Yeni Kaledoniya ərazisində 10 ildən çox yaşayan şəxslərə yerli seçkilərdə iştirak üçün seçki hüquqlarının verilməsini nəzərdə tutan konstitusiyaya olunmuş dəyişikliyə etiraz ediblər. Fransa təhlükəsizlik qüvvələri güc tətbiqi ilə dağıtdığı etiraz aksiyasının 12 iştirakçısını öldürüb.
Fransa və onun müttəfiqlərinin Afrikada törətdikləri terror, soyqırımı cinayətlərinin izləri, şahidləri qalır. Benin, Ruanda, Kot-d'İvuar, Əlcəzair, Mali, Çad, Anqola, Mozambik və başqa bu kimi ölkələr onların müstəmləkəçilik, quldarlıq siyasətinin qurbanlarıdır.
Yeni müstəmləkəçiliyinə qarşı mübarizə aparanlardan, XXI əsr panafrikanizmin əsas fiqurlarından biri, "Qara radikalizm"in ikonası, Fransa neokolonializminə qarşı cəbhənin qurucusu, yazıçı, jurnalist, siyasətçi Kemi Sebanın bu yaxınlarda qanunsuz həbsi Fransanın insan hüquqlarına öz maraqları baxımından yanaşmasından xəbər verir. Ancaq yeni müstəmləkəçiliyə qarşı olan mütərəqqi insanların, beynəlxalq ictimaiyyətin təzyiqi nəticəsində Paris onu sərbəst buraxmağa məcbur olub. Onun həbsi nsan hüquqlarına qarşı kobud bir pozuntu, həm də Afrika xalqlarının neokolonializmə qarşı mübarizəsinə və suverenlik hüququna yönəlmiş bir təzyiq idi.
Bir neçə gün həbsdə saxlanılan Kemi Seba artıq azadlığa buraxılıb. Bu, həm də Fransanın Afrika xalqlarının hüquqları uğrunda mübarizələri sındıra bilməməsinə nümunədir. Onu başqa ölkələrin maraqlarına qulluq etməkdə ittiham ediblər. Kemi Sebanın polis əməkdaşları tərəfindən deyil, Fransa xüsusi xidmət orqanları tərəfindən saxlanılması rəsmi Parisin azadlıqsevər, antineokolonistlərdən qorxduğunu, ehtiyat etdiyini təsdiqləyir.
Yeri gəlmişkən, K.Sebanın müxtəlif sosial şəbəkələrdə geniş auditoriyası var. O, "Facebook"da 1,3 milyon, "TikTok"da 370 min, "Instagram"da 306 min, "X"da 280 min, "YouTube"da isə 230 min izləyiciyə malikdir.
Paris belə insanlardan qorxduğu üçün haqsızdır. Deməli, Fransanın Afrika, Asiya və Okeaniyadan üzüsulu getməsinin vaxtıdır.
Keçmiş müstəmləkə torpaqlarında yerli xalqlarla münasibətlərini tənzimləyə bilməyən Fransa Cənubi Qafqaza soxularaq regionu qarışdırmaq üçün Ermənistan ölkəsindən alət kimi istifadə etməyə çalışır.
Avropa Parlamentində sanki anti-Azərbaycan, türkofob, islamofob olmayanlar deputat seçilə bilmir, vəzifəyə təyin olunmurlar. Anti-Azərbaycan və şovinist mövqeyi ilə tanınan Natali Luazonun bu günlərdə Avropa Parlamentinin Cənubi Qafqazla Əməkdaşlıq Komitəsində sədrin birinci müavini təyin edilməsi də buna örnəkdir. Odur ki, Azərbaycana qarşı müzakirələr və qətnamə təşəbbüsü təəccüblü deyil. Bu, Avropa Parlamentində erməni lobbisinin təsiri altında olan qrupların mövcudluğunu təsdiqləyir. Heç şübhəsiz, onlar bu xidməti "qonorar"sız etmirlər. Avropa Parlamentinin keçmiş sədri Eva Kaylinin həbs edilməsi bu qurumun rüşvətxor və korrupsioner olduğunu təsdiqləyən ən biabırçı hadisədir.
Azərbaycanda törətdiyi cinayətlərə görə Bakıda həbsxanada saxlanılan, terrorçuluqda ittiham olunan Ruben Vardanyan Azərbaycan ictimaiyyətinə yaxşı tanışdır. O, "Troyka" adlı bankla çoxsaylı maliyyə fırıldaqları etməklə də məşhurdur. Vardanyan həmin çirkli pulları xaricdə Azərbaycan və türklərə, Cənubi Qafqazda sülh və əməkdaşlığın yaranmasına mane olmaq üçün sərf edib. Onun çirkli pullarının bu gün də Avropa Parlamentində Azərbaycana qarşı "qətnamənin" qəbul edilməsinə xərcləndiyinə şübhə yoxdur. Çünki araşdırmalar nəticəsində məlum olub ki, Avropa Parlamentində Azərbaycan və Türkiyəyə qarşı korrupsiya ilə məşğul olan qrup da fəaliyyət göstərib.
Onlardan biri Natali Luazondur. O, bu il noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 iqlim konfransının iştirakçılarını terrorçuların azad edilməsi üçün rəsmi Bakıya təzyiq etməyə çağırıb. Avroparlamentdə Luazon kimilərin Azərbaycana qarşı çıxış etməsi, uydurmalara dayanan "qətnaməyə" səs verməsi gözləniləndir. Çünki onlar buna görə adını heç vaxt doğrulda bilməyən Avropa Parlamentinə seçdiriliblər.
Belə saxtakar deputatları bol olan Avropa Parlamenti qarşısında təmsilçi ölkənin heç bir öhdəliyi yoxdur. Odur ki, onların müzakirəyə çıxararaq qəbul etdikləri qətnamələr də Azərbaycan üçün heç bir hüquqi qüvvəyə malik deyil. O, bir qrup boşboğazın, Avropa Parlamentinə ötürülən erməni lobbisinin, terrorçuluqda ittiham olunan rubenlərin çirkli pullarının yuyulması hesabına qəbul olunan əhəmiyyətsiz kağız parçasıdır.
Bir məsələ də hələ aydın deyil. İndiyədək Ermənistanın azərbaycanlılara qarşı törətdiyi 35 illik cinayətlər Avroparlamentdə müzakirəyə çıxarılmayıb. Görünür, terrorçu rubenlərin qanunsuz yolla əldə edilmiş pulları ermənilərin Qərbi Azərbaycanda, Qarabağda və ətraf rayonlarda son 35-36 ildə törətdikləri cinayətlər də bu "parlament"də ört-basdır edilir.
"Report" İnformasiya Agentliyi