Prezident İlham Əliyev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında fərman imzalayıb.
AZƏRTAC xəbər verir ki, fərmana əsasən, Holdinqin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı təsdiq edilib.
Bunlar, "Azərbaycan Hava Yolları", "Azərbaycan Dəmir Yolları", "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi", "Bakı Metropoliteni", "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-lər, "BakuBus" və "Bakı Gəmiqayırma Zavodu" MMC-lər, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos"), nazirliyə məxsus "Aztelekom", "Azerbaijan International Telecom" (AzInTelecom)", "Azərpoçt", "Bakı Taksi Xidməti" MMC-lər, "Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyasi" İstehsalat Birliyi, eləcə də ilk 8 hüquqi şəxsin təsisçisi və iştirakçısı (iştirak payına uyğun) olduğu hüquqi şəxslər və müəssisələrdir.
AZCON idarəetməsinə verilmiş dövlət müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin vahid prinsiplərə uyğun idarə olunması, işinin təkmilləşdirilməsi, rəqabət qabiliyyətinin və maliyyə dayanıqlılığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Onun fəaliyyətinə ümumi rəhbərliyi Müşahidə Şurası, cari rəhbərliyi icraçı direktor həyata keçirir. Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, idarəetməsinə veriləcək dövlət müəssisələrinin Mülki Məcəlləyə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş məsələləri Holdinq dövlət başçısı ilə razılaşdırmaqla həll edir.
Holdinqin Müşahidə Şurası idarəetməsinə verilmiş dövlət müəssisələrinin gəlirlər və xərclər smetalarını təsdiq edir, idarəetməsinə verilmiş dövlət müəssisələrinin fəaliyyətindən əldə olunmuş vəsait üzərində sərəncam verir, idarəetməsinə verilmiş dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyini onların səmərəlilik göstəricilərinin təhlili əsasında qiymətləndirir, eləcə də gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinq aparır, idarəetməsinə verilmiş dövlət müəssisələrinin müşahidə şuralarının üzvləri, o cümlədən onların rəhbərləri Holdinqin Müşahidə Şurası tərəfindən (icra orqanının rəhbərini Prezidentin təyin etdiyi qurumlara münasibətdə isə dövlət başçısı ilə razılaşdırmaqla) vəzifəyə təyin və vəzifədən azad edilir.
Holdinqin nizamnamə fondu 10 milyon manatdır və Holdinqin idarəetməsinə verilmiş dövlət müəssisələri tərəfindən ödənilən vəsait hesabına formalaşır.
Holdinqin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri aşağıdakı mənbələrdən maliyyələşdirilir:
- idarəetməsinə verilmiş dövlət müəssisələrinin Holdinqə ödədikləri vəsait hesabına (hər bir müəssisə üzrə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada);
- qanunla qadağan olunmayan digər mənbələrdən.
Holdinqin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib.
- Prezidentə nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi, idarəetmə orqanlarının yaradılması, Müşahidə Şurası üzvlərinin (o cümlədən sədrinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, icraçı direktorun vəzifəyə təyin və vəzifədən azad edilməsi, Holdinqin ləğvi və yenidən təşkili:
- Holdinqə:
"Publik hüquqi şəxslər haqqında" qanunun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
Nazirlər Kabineti Holdinqin yaradılması ilə əlaqədar normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini 5 ay müddətində hazırlayıb Prezidentə təqdim etməli, Holdinqin dövlət qeydiyyatına alınması üçün nizamnaməsi təsdiq edildiyi tarixdən üç gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunla müəyyən edilmiş qaydada İqtisadiyyat Nazirliyinə müraciət etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi AZCON-un Nizamnaməsinin layihəsini hazırlayıb 1 ay müddətində Prezidentinə təqdim etməli, fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Prezident İlham Əliyev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında fərman imzalayıb.