"Ermənistan baş nazirinin 12 oktyabr tarixində "Sülh qovşağı: təhlükəsizlik və demokratiyanın vəhdəti" adlı forumda çıxışı zamanı 10 noyabr 2020 tarixli Üçtərəfli Bəyanatla bağlı səsləndirdiyi iddialar reallıqların təhrif olunması cəhdidir".
Oxu.Az bildirir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan baş nazirinin 12 oktyabr tarixində "Sülh qovşağı: təhlükəsizlik və demokratiyanın vəhdəti" adlı forumda çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi fikirləri şərh edərkən bildirib.
O qeyd edib ki, Üçtərəfli Bəyanata istinadən kommunikasiyaların açılması məsələsində Ermənistan baş nazirinin açıqlaması Ermənistan rəhbərliyinin üzərinə götürdüyü öhdəliklərə dair etinasızlığı növbəti dəfə nümayiş etdirir:
"Üçtərəfli Bəyanatın 9-cu bəndində Ermənistanın kommunikasiyaların açılması xüsusunda hansı öhdəliklərinin olduğu, nəqliyyat əlaqəsi üzrə nəzarətin hansı formada təşkil olunacağı açıq-aydın təsvir olunub.
Ümumiyyətlə, Ermənistanın 10 noyabr tarixli Üçtərəfli Bəyanatdan irəli gələn digər öhdəlikləri pozan fəaliyyətlərinə nəzər salsaq, ilk növbədə, Ermənistanın 2023-cü ilin sentyabr ayınadək öz qanunsuz silahlı birləşmələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmaması, humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazilərinə əlavə silah-sursat, hərbi texnika, minalar ötürməsi, Azərbaycana qarşı mina terrorunu davam etdirməsi xatırlanmalıdır".
"Üzdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən Ermənistan tərəfinin Azərbaycan ərazilərində saxladığı qondarma rejimin təbliğatını aparması və Ermənistan baş nazirinin 2 sentyabr 2023-cü il tarixində qondarma "müstəqillik" ilə bağlı separatçı xunta rejiminə təbriklərini çatdırdığını heç kəs unutmayıb.
Bu baxımdan, Ermənistan baş nazirinin Laçın yolunun fəaliyyəti, qaçqın və məcburi köçkünlərin qayıdışına dair ritorik sualları yalnız təəccüb və istehza doğurur.
Ermənistan tərəfinin hərbi əsirlərin qaytarılmadığını iddia etməsi, həmçinin, gülüncdür. Azərbaycan indiyə qədər humanizm prinsipinə sadiq qalaraq, bütün hərbi əsirləri Ermənistan tərəfinə təhvil verib. Erməniəsilli hərbi cinayətkarların və separatçı xunta rejiminin nümayəndələrinin azad edilməsi barədə isə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil", - deyə A.Hacızadə vurğulayıb.
Azərbaycan XİN rəsmisi bir daha Azərbaycanın tarixi və beynəlxalq hüquqi çərçivədə mövcud olan ərazilərinə qarşı əsassız iddialarından, tarixin saxtalaşdırılmasından əl çəkməyən, beynəlxalq hüquq prinsiplərini kobudcasına pozan, yürütdüyü təcavüz siyasəti səbəbindən düşdüyü vəziyyətdən nəticə çıxarmayan Ermənistan rəhbərliyini heç bir çərçivəyə sığmayan, reallıqları təhrif edən və nəticə etibarilə beynəlxalq ictimaiyyəti yanıltmağa yönələn açıqlamalardan çəkinməyə çağırıb.
Azərbaycan XİN: "Paşinyanın iddiaları reallıqların təhrif olunması cəhdidir"