Bir çox Qərb fondları demokratiya quruculuğunu dəstəkləmək bəhanəsi ilə müxtəlif ölkələrə can atır, ofislərini qururlar. Tez-tez verilən açıqlamalar demokratiyanı dəstəkləmək olsa da, medalyonun başqa üzündə ofislər açılan ölkələrin daxili işlərinə fəal şəkildə müdaxilə dayanır. Bu işdə əsas lokomotiv təbii ki, ABŞ-nin bir sıra fondları və təşkilatlarıdır.
Bu təşkilatlar bir sıra məsələlərlə bağlı dövlətlər barədə ictimai rəyin öyrənilməsi mərkəzləri adlanırlar və eyni zamanda beynəlxalq strukturların "yumşaq güc" alətləri sırasına daxildirlər. Həmin tədqiqatların əsas məqsədi məlum səbəblərə görə açıq-aşkar ictimai-siyasi xarakter daşıyır. İRİ-nin sorğuları da bu sıradandır və Vaşinqton dərin dövləti ilə əlaqəlidir.
Qısa arayış:
IRI 1983-cü ildə Vaşinqtonda yaradılıb. Bu gün həmin strukturun direktorlar şurasının sədri Alyaska ştatından senator Den Sallivandır. Əvvəllər bu yeri respublikaçı senator Con Makkeyn tutub. Təşkilat ABŞ Dövlət Departamenti, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və bütün dünyada amerikapərəst siyasi qüvvələri maliyyələşdirən bir sıra fondlarla sıx əməkdaşlıq edir. Eyni zamanda Corc Sorosun Açıq Cəmiyyət Fondları ilə də əməkdaşlıq edir. Dünyanın 30-dan çox ölkəsində nümayəndəliyi olan İRİ Ermənistanda baş nazir Nikol Paşinyan hökuməti ilə fəal və sıx əməkdaşlıq edir.
İRİ-nin Ermənistan fəaliyyəti
Bu qurum erməni dövlətində siyasi proseslərdə birbaşa iştirak edən siyasi partiyalar, dövlət institutları və digər təşkilatlar üçün təlim proqramları həyata keçirir. Bununla belə, onlar həmişə yerli xüsusiyyətlər nəzərə alınmaqla işlənib hazırlanır və vətəndaş cəmiyyətinin əsaslarından və siyasi partiyaların yaradılması metodlarından tutmuş seçki kampaniyalarının aparılmasına qədər geniş spektri əhatə edir. Xüsusilə bunun üçün institut öz tərəfdaşları ilə çoxlu sorğular və araşdırmalar aparır. Sorğunun nəticələri vətəndaş cəmiyyətinin maraqlı tərəflərini ictimai rəydəki tendensiyalar haqqında məlumatlandırmaq üçün istifadə olunur. Təbii ki, bu qurum eksklüziv olaraq Paşinyan və onun peyk təşkilatları ilə işləyir və onların maraqlarına xidmət edir. Çünki bu, onun Vaşinqtondakı baş qərargahının əmridir.
Deməli, İRİ Ermənistanda Qərbin xeyrinə islahatların aparılması üçün lobbiçilik edir. Bundan əlavə, həm mərkəzi, həm də regional səviyyələrdə müxtəlif departamentlər arasında hökumət əlaqələrini sadələşdirərək baş nazirin ofisinə ekspert məsləhətləri verir. İRİ Ermənistan parlamentinin daimi komitələri və struktur bölmələri ilə xarici müştərilərin maraqlarına cavab verəcək qanunvericilik işləyib hazırlamaqda iştirak edir. Sözügedən sorğuların nəticələri ona görə lazımdır ki, onların əsasında onların Paşinyan hakimiyyətinə "təklifləri" legitimləşdirilsin.
Sözügedən qurumun Avrasiya üzrə baş direktoru Stiven Niksdir. Hazırkı vəzifəsində o, Ermənistan, Belarus, Gürcüstan, Qırğızıstan, Moldova, Rusiya və Ukraynada proqramlara nəzarət edir. Aydındır ki, Niksin Ermənistandakı missiyası ictimaiyyətə obyektiv məlumat vermək deyil, Paşinyan hakimiyyətinə kömək etmək, bəzən də ona təzyiq göstərməkdir ki, onun hökuməti problemin həlli yollarını daha radikal və tez həyata keçirsin.
2024-cü il Ermənistanın siyasi həyatı təlatümlü keçdi. Aprel-may aylarında Tavuş yeparxiyasının lideri Baqrat Qalstanyanın başlatdığı "Vətən naminə Tavuş" hərəkatının iyun ayında artıq tənəzzülə uğradığı, lakin hələ də ictimaiyyət arasında nüfuzu olan bir vaxtda Paşinyanın cib "partiyaları" Ermənistanda Aİ-yə üzvlüklə bağlı referendum keçirilməsini təklif etmişdilər. Paşinyanın "cib fiqurları" təklifi əslində amerikalılara məxsus idi. Onlar daha çox amerikalıların, daha sonra Paşinyanın "cib" fiqurlarıdır. Amerikalılar müxalifətin fəallaşmasından çox narahat idilər, ehtiyat edirdilər ki, bu hərəkat Paşinyanın hakimiyyətini yox edə bilər.
Buna görə də Amerika dairələri tələsik iki addım atdılar: həm təsir agentləri vasitəsilə ölkədə Aİ ilə bağlı referendumun keçirilməsi təklifi ilə çıxış etdilər, həm də öz şəbəkə fiqurları vasitəsilə Baqratın hərəkatını yatırtmaq üçün müxtəlif fəaliyyətlər göstərdilər. Bununla da cəmiyyətdə Paşinyan hakimiyyətinə qarşı olan müxalifət əhval-ruhiyyəsini qırmaq idi ki, onun hakimiyyətini xilas etmək mümkün olsun. Amerikalıların əsas məqsədi Paşinyanı KTMT üzvlüyündən, 2020-ci ilin 9 noyabr sazişindən imtinaya məcbur etməklə yanaşı, ABŞ-la Ermənistan arasında yeni strateji sazişin imzalanması idi. Eyni zamanda rəsmi İrəvan Aİİ üzvlüyünü də dayandırmalıdır. Amerikalıların bütün bu addımları o dərəcədə işlənib ki, Paşinyanın komanda yoldaşları liderlərinin ağalarının bütün təkliflərini qeyd-şərtsiz yerinə yetirəcəyinə şübhə etmirdilər. Hətta Alen Simonyan iyunun sonunda Vilnüsdə bəyan etmişdi ki, onun hökuməti həmin "cib" qüvvələrin Aİ məsələsi ilə bağlı referendum keçirmək təklifinə qoşulacaq.
Lakin çoxları üçün təəccüblüdür ki, bir neçə gün sonra, iyulun əvvəlində Paşinyan Aİ-nin referendumla bağlı təklifini rədd edərək, onun yaxşı hazırlanmadığını, Aİ-nin də öz növbəsində bu addıma hazır olmadığını əsas gətirdi. Təbii ki, baş nazirin bu qərarı amerikalıların xoşuna gəlmədi. Hələ üstəlik erməni siyasətçinin 8 oktyabr tarixində Moskvaya səfər etməsi və Rusiya prezidenti Putinlə görüşü məsələnin duz-istiotu olub.
Bununla belə, İRİ planını icra etmək, erməni baş naziri bu işə məcbur etmək üçün bir sıra sorğular keçirib və nəticələri açıqlayıb. Məlum olub ki, Paşinyanın nüfuzu müxalifət təmsilçilərinə nisbətən xeyli yüksəkdir və xalqın böyük hissəsi sadəcə baş nazirə etimad göstərir. Digər sorğu isə ermənilərin böyük əksəriyyətinin Avropa və Qərblə parlaq gələcək gördüyünü "üzə çıxarır". Erməni xalqı başa düşür ki, Rusiyadan uzaqlaşmaq və Qərbə doğru getmək vacibdir. Bu sorğu amerikalılar tərəfindən, konkret olaraq Paşinyan və onun komanda yoldaşları üçün aparılıb. Bununla belə, Paşinyan ictimaiyyətdə hansı əhval-ruhiyyənin hökm sürdüyünü yaxşı anlayır və bilir ki, Ermənistan nəinki Moldova, heç Gürcüstan da deyil, məqsədə çatmaq üçün asanlıqla manipulyasiya edilə bilər.
Qərbin postsovet ölkələrində uğursuzluqları davam edir və bu sıraya Moldova da əlavə edilib. Bu isə o deməkdir ki, Nikol Paşinyanın Qərb üçün "qiyməti" xeyli artıb. Bu isə bir daha deməyə əsas verir ki, yaxın vaxtlarda erməni hökumətinin Rusiyaya qarşı növbəti addımlarının şahidi ola bilərik. Qışın qapıda dayandığını, Lars keçid məntəqəsində maşınların keçidinin çətinləşdiyini nəzərə alsaq, küləyin bu dəfə iqtisadi cəhətdən əsəcəyini ehtimal etmək olar. Qərb isə bir sıra institut və fondları ilə Ermənistanın boynuna vurduğu xaltanı getdikcə daraldır...
"Report" İnformasiya Agentliyi