"Azərbaycan iqtisadiyyatının neft və qazdan asılı olmasına baxmayaraq, bərpa olunan enerji mənbələrinə keçid və metan emissiyalarının azaldılması sahəsində uğurlar əldə edib".
Bu barədə Bruneyin baş nazirinin ofisində İqlim Dəyişikliyi İdarəsinin rəhbəri Əhməd Zaemaddin Halbi Oxu.Az-a açıqlamasında bildirib.
"Azərbaycan mükəmməl balansı qoruyub saxlayır, çünki keçid xalqa qarşı ədalətlə olmalıdır", - deyə Halbi qeyd edib.
O, həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) Bakıda təşkilini yüksək qiymətləndirib.
Bruneyli nümayəndə əlavə edib ki, Azərbaycan konfransı qəbul etmək niyyətini bəyan etdikdən cəmi beş ay sonra belə böyükmiqyaslı tədbirə hazırlaşa bilib.
Halbi ümid etdiyini bildirib ki, COP29-da xüsusilə iqlim dəyişikliyi probleminin həlli üçün inkişaf etməkdə olan ölkələrin maliyyələşdirilməsi məsələsində razılaşdırılmış məqsədə nail olunacaq.
"İnkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə yönəldilməli olan maliyyələşdirmə adaptasiya üzrə qlobal hədəf, nəticələrin yumşaldılması və ədalətli keçid də daxil olmaqla bütün müzakirə olunan məsələlərin özəyidir", - deyə o vurğulayıb.
Bruneydəki vəziyyətdən danışan Halbi qeyd edib ki, ölkə aşağı emissiyalı ölkədir, lakin daşqınlar, dəniz səviyyəsinin qalxması, həddindən artıq istilik, meşə yanğınları və sürüşmələr kimi iqlim təsirlərinə məruz qalır.
"Biz milli adaptasiya planı hazırlayan adaptasiya və dayanıqlılıq üzrə işçi qrupu yaratmışıq. Hazırda biz bütün agentlikləri bu planı başa düşmək və həyata keçirmək üçün səfərbər etməyə çalışırıq, həmçinin belə layihələrin maliyyələşdirilməsi mənbələrini axtarırıq", - deyə o əlavə edib.
Rufina Abdullayeva