Kubra Məhərrəmova yazır...
Bəlkə də dünyada nadir ölkə və dövlətik ki, müharibədə qələbə qazanmışıq və təslim (kapitulyasiya) olan ölkəyə sülh əlimizi uzadırıq.
"Dabanyalayan" da gah mıxa, gah da nala vurur. Gah deyir ki, gəlin "hələlik" bu versiyanı imzalayaq, sonra baxarıq. Gah da deyir ki, "küsdüm sizdən" heç imzalamayacağam. Eyni zamanda da, mütləq nəzərə alınmalıdır ki, Ermənistan dayanmadan silahlanır. Elə ən son xəbərlərə görə Hindistanın "Alpha Defense" nəşri bildirir ki, dost ölkəyə, yəni Ermənistana "Pralay" raketlərinin ixracı üçün icazə alınıb. Bu raketlər yer-yer təsnifatına aiddir və 150-500 km uzaqlıqda olan hədəfi vura bilir.
Qayıdaq sözügedən və dörd ildir ki, rəsmi İrəvanın imzası atılmayan sülh müqaviləsinə.
Müqavilənin əsas razılığa gəlməyən məsələlərindən biri də odur ki, Ermənistanın konstitusiyasında Azərbaycan ərazisinə iddia var. Qarabağı onlar hüquqi cəhətdən öz əraziləri görürlər.
Baxmayaraq ki, Paşinyan bir müddət əvvəl Azərbaycan ərazisini tanıdığını parlamentdə bildirmişdi.
Erməni xislətinin riyakarlığına etibar olmadığı üçün, bəllidir ki, rəsmi Bakı işini möhkəm tutur və Ermənistanın konstitusiyanın dəyişilməsini tələb edir.
Bu məsələ gec, ya tez həll olunacaq. Lakin son günlər erməni kütləvi informasiya vasitələrində müzakirə olunan məsələ düşünürəm ki, daha önəmlidir.
Ermənilər günlərin bir günü, daha dəqiq desək yaxın gələcəkdə azərbaycanlıların, ya da onların təbirincə desək türklərin əski və tarixi torpaqlarına dönməsindən narahat olublar. Buna əsas səbəb 30 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etməsi və ən vacibi çıxışında "Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik" deməsidir.
Qısa haşiyə verim ki, İlham Əliyev dəfələrlə bu ritorikanı söyləyib. Elə 2018-ci ildə (44 günlük Vətən müharibəsinə hələ iki il müddət qalmış) onun dedikləri dünya mediasında "Azərbaycan prezidenti İrəvanı ölkənin tarixi ərazisi adlandırıb. Əliyevin sözlərinə görə, İrəvana qayıtmaq Azərbaycanın strateji məqsədidir" başlıqla tirajlanmışdı.
Elə həmin gündən Ermənistan cəmiyyəti özünü qoymağa yer tapmır.
Çünki bilir ki, üzərində gəzdikləri, qalın torpaq qatlarının altında gizlətdikləri elə Türk-Azərbaycan tarixidir.
Yadınızdadırsa, 2003-cü ildə İrəvanda Respublika meydanının yenidən qurulması zamanı yeraltı şəhər aşkar olunmuşdu.
Asfaltın üst qatı götürüldükdən sonra inşaatçılar daş divarların qalıqlarını, qara və qırmızı tufdan kirəmit, plitələr, gil küp parçaları, gil su borularını görüblər. Amma qazıntılara baxış keçirən arxeoloq və tarixçilər tez buranın üstünün örtülməsini məsləhət görürlər. Görünən odur ki, yeraltı dünyanın ermənilər üçün təqdim etdikləri sürpriz onların ürəyincə olmayıb.
Qısa haşiyə verim ki, İrəvan şəhərinin tarixi haqqında xeyli maraqlı faktlar var. Amma istinad etdiyimiz odur ki, Şah İsmayıl 1501-ci ildə İrəvan şəhərini fəth etdikdən sonra sərkərdəsi Rəvanqulu xana Zəngi çayının sahilində strateji əhəmiyyətli yerdə qala tikdirməyi həvalə edir. Rəvanqulu xan da qalanı 7 ilə tikdirərək başa çatdırır.
Osmanlı və Səfəvi imperiyaları arasında gedən müharibələr nəticəsində İrəvan şəhəri 14 dəfə əldən ələ keçir. Hər dəfə də müəyyən dağıntılara məruz qalır, sonradan yenidən bərpa olunur.
Xeyli tarixi çək-çevirdən sonra İrəvan qalası 1827-ci ilin oktyabrında general Paskeviçin komandanlığı altında rus qoşunları tərəfindən zəbt olunur və İrəvan xanlığı Rusiya imperiyasına birləşdirilir.
İrəvan qalası bu ərazidə Ermənistan SSR yaranana qədər dağıdılmır, ermənilər hakimiyyətə keçəndən sonra qalanın məhvinə başlayırlar. Hazırda qaladan əsər-əlamət yoxdur.
Bu tarixi faktı bir müddətdir ki, bir sıra rus və ya rusiyalı politoloq və ekspertləri də təkrarlayırlar. Belə politoloqlardan biri Aleksandr Artamonov efirlərin birində deyir ki: "Ermənistan İrəvan xanlığının ərazisində yaradılıb. İrəvan xanlığı 20-ci əsrin əvvəllərinə qədər mövcud olub. Daha sonra orada ermənilər məskunlaşdırılıb".
Kim məskunlaşdırıb? O da bəllidir. Düşünürəm ki, bu tarixi faktı biz hər yerdə səsləndirməli, ermənilərin dərin yaddaşına bunu həkk etdirməliyik. Bəli, Azərbaycanın və azərbaycanlıların heç bir ölkəyə ərazi iddiası yoxdur, amma və lakin öz tarixi torpaqlarına qayıtmağa və layiqli həyat sürməyə tam haqqı var.
Daha bir maraqlı fakt isə budur, Sumqayıt hadisələrindən sonra azərbaycanlıların Ermənistandan III deportasiyası zamanı 1988-ci il iyulun 18-də Kremldə SSRİ Ali Soveti Rəyasət Heyətinin vəziyyəti müzakirə etmək üçün növbədənkənar iclası keçirilir. Görüşdə M.Qorbaçovla erməni akademik V.Ambartsumyandan soruşur: "De görüm, XX əsrin əvvəllərində İrəvanda azərbaycanlıların sayı nə qədər idi?" Erməni akademik cavabdan yayınmaq istəyərkən, M.Qorbaçov: "Sən bilməlisən. Yadınıza salım: əsrin əvvəllərində İrəvan şəhərinin 43 faizini azərbaycanlılar təşkil edirdilər. İndi azərbaycanlılar neçə faizdirlər?"
Bu, hələ iki deportasiyadan sonra ancaq İrəvanda olan azərbaycanlı-türk əhalisinin sayı olub. Bütün bu tarixi məqamlar bizə əsas verir ki, Qərbi azərbaycanlılar öz vətənlərinə qayıtsınlar.
Elə ölkə başçısı demişkən: "Ermənistanda azərbaycanlıların bələdiyyəsi, məktəbi, parlament fraksiyası olacaq. Ermənistan ya qəbul edəcək, ya da Qərbi Azərbaycan Respublikası yaradılacaq".
Görünən odur ki, bütün yollar artıq Romaya deyil, İrəvana aparır.
Həm də bu gün İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçildiyi gündən 21 il ötür. 21 il ərzində Azərbaycan həqiqətən də çox böyük tarixi yol qət edib. Ərazisinin 20 faizi işğal altında olan, bir milyondan çox məcburi köçkün və qaçqını olan dövlət bu gün regional gücə malikdir.
Bu gün qalib ölkədir və sülh müqaviləsinin imzalanması üçün əlini dost olmayan ölkəyə uzadır. Nəsə mənə deyir ki, qısa zaman ərzində İrəvanda Azərbaycan dili, musiqisi səslənəcək. Torpağın örtdüyü tarix isə üzə çıxacaq. Əsl Qərbi azərbaycanlıların tarixi.