BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksəksəviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 26-da Albaniya Respublikasının Avropa və xarici işlər naziri İqli Hasani ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüşdə Azərbaycan və Albaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə cari regional vəziyyət müzakirə olunub.
İki ölkənin dostluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlığa əsaslanan münasibətlərinin siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəniyyət, təhsil və digər ölçülər üzrə gücləndirilməsi istiqamətində birgə səylərin göstərilməsinin əhəmiyyəti qeyd olunub.
Energetika sahəsində əməkdaşlığın ikitərəfli iqtisadi əlaqələrin əsas hərəkətverici qüvvəsi olduğu vurğulanıb.
İkitərəfli münasibətlərlə yanaşı, çoxtərəfli platformalar çərçivəsində mövcud qarşılıqlı faydalı əməkdaşlığın, qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan fəaliyyətin davam etdirilməsinin vacibliyi qeyd olunub.
Qarşı tərəf, həmçinin, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma və sülh gündəliyinin irəlilədilməsi istiqamətində göstərilən səylər barədə ətraflı məlumatlandırılıb.
Görüşdə, eləcə də qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Bundan əlavə, Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Monteneqronun baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç ilə görüşüb.
Görüş zamanı tərəflər iki ölkə arasında mövcud siyasi, iqtisadi, enerji və humanitar sahələr üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Yüksəksəviyyəli qarşılıqlı səfərlərin və xarici işlər nazirlərinin müavinləri səviyyəsində müntəzəm siyasi məsləhətləşmələrin keçirilməsinin Azərbaycan və Monteneqro arasında daimi siyasi dialoqun inkişafı və davam etdirilməsi üçün əhəmiyyətli rol oynadığı vurğulanıb.
Ceyhun Bayramov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) sədrlik fəaliyyətimiz barədə qarşı tərəfi məlumatlandırıb və bu çərçivədə Azərbaycanın müvafiq ekoloji fəaliyyətlərdə Monteneqro ilə davamlı əməkdaşlığa hazır olduğunu bildirib.
Postmünaqişə dövründə ölkəmizin bərpa, yenidənqurma və sülh səylərindən ətraflı bəhs olunub, Azərbaycanın dayanıqlı sülh və təhlükəsizliyə istiqamətlənən səylərini bundan sonra da davam etdirəcəyi qeyd edilib.
Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.
Həmçinin, Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Misir Ərəb Respublikasının xarici işlər, miqrasiya və xaricdə yaşayan misirlilərlə iş naziri Bədr Əbdülati ilə görüşüb.
Görüş zamanı Misirin xarici işlər naziri təyin edilməsi münasibətilə qarşı tərəfə təbriklər çatdırılıb, bu təyinatın Azərbaycan-Misir əlaqələrinin daha da dərinləşdirilməsinə töhfə verəcəyinə dair inam ifadə olunub.
Azərbaycan ilə Misir arasında qarşılıqlı hörmət və etimada əsaslanan konstruktiv dostluq münasibətlərinin uzun tarixə malik olduğu bildirilərək, iki ölkənin dövlət başçılarının sıx təmasları sayəsində bu münasibətlərin qorunub-saxlanılması və daha da inkişaf etdirilməsinin mümkün olduğu diqqətə çatdırılıb. Bu xüsusda, Azərbaycan Respublikası Prezidentinin Misirə son rəsmi səfərinin ikitərəfli əlaqələrimizin inkişafı üçün yeni səhifənin açılması, əməkdaşlığımızda çoxsaylı fürsətlərin ortaya çıxarılması baxımından əhəmiyyəti vurğulanıb.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında Misirin dövlət başçısı səviyyəsində iştirakının təsdiqinə görə qarşı tərəfə minnətdarlıq ifadə olunub, qlobal əhəmiyyətli bu tədbirin yaşıl enerji sahəsində Azərbaycan-Misir əməkdaşlığı üçün əlavə imkanlar yarada biləcəyi diqqətə çatdırılıb.
Postmünaqişə dövründə bölgəmizdə mövcud vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin gedişatı barədə qarşı tərəf ətraflı məlumatlandırılıb.
Görüş zamanı, həmçinin, qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.