Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Deputat: "Fransa qanlı müstəmləkəçilik keçmişinə görə maddi və mənəvi təzminat ödəməlidir"
"Avropa İttifaqı Parlamentinin nümayəndəsi Natali Luazo Parlamentdəki çıxışında COP29-la bağlı məsələnin mahiyyətindən uzaq və öz mandatından kənar siyasi fikirlər səsləndirib. Görünür, onun BMT-in bu tədbiri ilə bağlı anlayışı və təcrübəsi yoxdur və ya özünün də dediyi kimi, bu beynəlxalq tədbirin keçirilməsinin Azərbaycana həvalə olunmasını özünün anti-Azərbaycan baxışlarını səsləndirmək üçün bir fürsət bilib.
Əslində isə tədbirə və onun gündəliyinə heç bir aidiyyatı olmayan fikirlər səsləndirməklə, o özünün bilgisizliyini və ikitirəli siyasi baxışlarını ifşa edib".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Onun sözlərinə görə, Aİ Parlamentində insan hüquqları geniş şəkildə işıqlandırılmalı, Avropa ölkələrinin etnik azlıqlar, yerli xalqlar üzərində həyata keçirdiyi siyasi hegemonluq müzakirə mövzusu olmalıdır:
"Hüquqları tapdalanan, təbii sərvətləri talanan, mədəni irsi, abidələri oğurlanaraq Parisə daşınan Afrika ölkələri xalqlarının təzminatı nə vaxt ödəniləcək, bu məsələlər bəs nə vaxt Avropa Parlamentində işıqlandırılacaq? - deyə dünya ictimaiyyəti hələ də gözləyir. Üzr istəmək mədəniyyətinə belə malik olmayan Fransa qanlı müstəmləkəçilik keçmişinə görə bu xalqlara maddi və mənəvi təzminat ödəməlidir. Əgər Luazo öz ölkəsinin qanlı keçmişinə nəzər salsa, Parlamentdə daha faydalı məsələlər qaldırar.
Avropada yerləşən Fransa dünyanın 4 qitəsində müxtəlif əraziləri zəbt edərək koloniya halına salıb, özünə təxminən 11 milyon kvadrat kilometr ərazini əhatə edən dünyanın ən böyük zonalarından biri - Eksklüziv İqtisadi Zona yaradıb. Fransa bu ərazilərdə dəniz ehtiyatlarını, o cümlədən balıqçılıq, neft, qaz və faydalı qazıntıları, eləcə də insan əməyini istismar edir. Şimali Afrikadan Cənub-Şərqi Asiyaya, Yaxın Şərqdən Cənubi Sakit Okean hövzəsinə qədər ərazidə yaşayan milyonlarla insan tarixən Fransanın qanlı qılıncından keçərək tabe edilib, repressiyalara məruz qalıb, öldürülüblər. Əlcəzairdə xüsusi amansızlıqla fransız hökuməti tərəfindən qətlə yetirilmiş 1.5 milyon günahsız insanın sümüklərinin qəhrəmanlıq nümunəsi kimi Paris muzeyində saxlanılması və nümayiş etdirilməsi fransız qəddarlığının bariz, tarixi nümunəsidir.
Fransa mədəni assimilyasiya və yerli xalqların mədəni irsinin qəsdən məhv edilməsi - "kultursid" siyasəti yürüdür. Bu siyasət yerli mədəniyyətlərin və adət-ənənələrin məqsədli şəkildə məhvinə hədəflənib. Fransanın neokolonializm siyasəti ilə fransız mədəni normaları və dəyərlərini üstün tutması, beləliklə də etnik azlıqların unikal mədəni kimliklərinin marginallaşdırılması və aşındırılması davam etdirilir", - deyə deputat vurğulayıb.
Müsahibimiz hesab edir ki, ümumilikdə, bu assimilyasiya səyləri yerli xalqların gənc nəsillərinin öz mədəni irsləri haqqında məhdud biliklərlə böyüməsi üçün hesablanmış bir ssenaridir: "Bunun əvəzinə onlara fransız mədəni və tarixi hekayələri aşılanır ki, bu da onların mədəni kimliyinin itməsinə gətirib çıxaracaq. Bu strategiya təkcə biliklərin və ənənələrin ötürülməsini əngəlləmir, həm də Fransanın dənizaşırı ərazilərində müxtəlif mədəni irslərin məhv edilməsi məqsədi güdür. Tarixin ən böyük müstəmləkə ölkəsi kimi Fransa 19-cu əsrdə Yeni Kaledoniya da daxil olmaqla 13 xarici ərazini müstəmləkəyə çevirib. 1960-cı illərdə müstəmləkəçilik sona çatsa da, bu bölgələrdə Fransa öz nüfuzunu hər vasitə ilə qoruyub saxlayıb. Fransa hökuməti hazırda öz maraqları naminə neokolonializm siyasətini həyata keçirir, dənizaşırı ərazilərdə yerli xalqların assimilyasiyası və qeyri-qanuni miqrantların həmin ərazilərə köçürülməsi siyasətini aparır. Müstəqillik uğrunda həyata keçirilən dinc aksiyalarda 400-dən çox insan yaralanıb, 2 nəfər öldürülüb, 11 nəfər həbs edilib.
Fransız Polineziyasında nüvə sınaqları, Yeni Kaledoniyada nikel hasilatı, Martinik və Qvadelupda pestisidlərlə ətraf mühitin eko-terroru, Mayotun Fransa tərəfindən işğalının onun sosial-iqtisadi inkişafının reqressiyası ilə nəticələnməsi kimi məsələlər Aİ Parlamentində qaldırılmalıdır. Hüquqları pozulduğu üçün etiraz səsi boğulan kanaklar, öz dili, dini, mədəniyyəti, milli mənsubiyyəti ilə bağlı diskriminasiyaya məruz qalan polineziyalılar, Martinikdə susdurulan etnik azlıqların hüquq və azadlıqlarının pozulması halları Avropa Parlamentində işıqlandırılmalı, müzakirəyə qoyulub qətnamələr qəbul edilməlidir", - P.Vəliyeva fikrini yekunlaşdırıb.
Mərahim Nəsib
"Milli Məclis" teqi üzrə xəbərlər
- Sabiq millət vəkili vəfat edib
- Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana CAVAB
- Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB
- Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin - YENİ TƏKLİF
- Milli Məclis Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı TƏLƏB ETDİ