Dünyada nüvə silahının mümkün istifadəsi ilə bağlı qorxular yenidən güclənir. Belə ki, ABŞ-nin nüvə bombasının yaradıcısı Robert Oppenheymerin nəvəsi Çarlz Oppenheymer artıq nüvə zərbələrinin təkrarlanmasının qarşısını almağa çağırıb. Bu cür narahatlıq, digər məsələlərlə yanaşı, Qərbin Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirmək icazəsi verdiyi üçün yaranıb. Vaşinqton Kiyevlə ABŞ silahları vasitəsilə zərbələr coğrafiyasının genişləndirilməsini müzakirə etməyə hazır olduğunu da bəyan edib.
İyunun 4-də ABŞ özünün nüvə qüvvələrinin hazırlığını yoxlamaq üçün "Minuteman III" qitələrarası ballistik raketlərini buraxıb. Bu gün, iyunun 6-da yeni sınaqlar gözlənilir. Rusiya may ayında taktiki nüvə silahlarından (TNS) istifadəyə dair təlimlərə başlayıb, amma bu, Qərbdə elə də narahatlıq yaratmayıb.
İndi taktiki nüvə silahından istifadə ehtimalı nə qədər artıb? Rusiyalı hərbi ekspert, "MilitaryRussia" layihəsinin yaradıcısı Dmitri Kornev vəziyyəti Oxu.Az-a şərh edib:
- Nəzərə almalıyıq ki, real hərbi əməliyyatlar və real təhlükələr, eyni zamanda, informasiya müharibəsi də var. İnformasiya müharibəsində, gördüyümüz kimi, tamamilə qeyri-adi şeylərə icazə verilir. Mütəxəssislər nüvə silahından istifadə etməkdən, bir növ əzələ nümayişindən danışırlar.
Ancaq başa düşməliyik ki, Rusiya Federasiyası müntəzəm olaraq taktiki nüvə silahı ilə təlimlər keçirir. İndi ilk dəfədir ki, bunu dilə gətirirlər. Yəni nüvə silahı olan heç bir ölkənin silahlı qüvvələri nüvə təlimi keçirməyə bilməz.
Əslində isə heç nə dəyişməyib, yeni faktiki addımlar atılmayıb, sadəcə olaraq, açıq-aşkar eyham məqsədi ilə bu barədə danışılıb. Amma Qərb yenə də öz silah sistemlərinin (Rusiya Federasiyası ərazisində) istifadəsinə icazə verdi, ehtimal ki, Ukrayna Silahlı Qüvvələri elə icazəsiz də onlardan istifadə edib. Bunlar "Storm Shadow", "SCALP-EG" raketləridir.
- Bu, taktiki nüvə silahından istifadəyə səbəb olacaqmı?
- Ümid edirəm ki, bu, real nüvə zərbəsinə səbəb olmayacaq, baxmayaraq ki, bu ideyanın (Rusiyada - red.) çoxlu tərəfdarları var, bunu müzakirələrdən, şərhlərdən də görmək olar. Yəni ki, beş-altı, hətta on taktiki nüvə silahı zərbəsi iqlimi pozmayacaq, amma bir sıra hərbi məsələləri həll edəcək. Əgər tsinik kimi düşünsək, yəqin ki, bu, doğrudur. Ancaq başa düşməliyik ki, indi Rusiya Federasiyasının dünyada kifayət qədər tərəfdarı var. Söhbət Rusiya Federasiyasının mövqeyinə hörmət edən ölkələrdən gedir. Əgər Rusiya nüvə silahından istifadə edərsə, vəziyyət dəyişə bilər. Çinin münasibəti dəyişə bilər və bu, artıqlaması ilə bəsdir.
Müxtəlif baxışları olan Avropa var, çoxqütblü ölkələr var. Niyə, məsələn, Ukraynaya çoxlu Avropa hərbi texnikası göndərilmədi? Müxtəlif siyasi qüvvələr bu məsələni həll etməyə çalışırlar. Rusiyanın taktiki nüvə silahından istifadə etməsi Avropa ictimai rəyinin konsolidasiyasına səbəb ola bilər. Avropanın, həqiqətən, böyük resursları var. Orada 6 000 "Leopard-2" tankı var. Onların sayının 10%-i Ukraynaya verilərsə, bu, 600 tank deməkdir. Amma vermirlər. Çox güman ki, "yuxarıda olanlar" bu məqamları yaxşı başa düşürlər.
- Krasnodar diyarında Rusiya radarına zərbə endirilməsi haqqında xəbər var idi, o isə Rusiyanın ballistik raket buraxılışları üçün erkən xəbərdarlıq sisteminin bir hissəsidir. Eyni şey Rusiyanın strateji nüvə təhlükəsizliyi sisteminə də aiddir. İndi xüsusi reaksiya olmadı, bəs Moskva gələcəkdə necə davrana bilər?
- Rusiyanın raket hücumundan xəbərdarlıq sistemlərinin radarlarına zərbələr yalnız Ukraynanın döyüş sistemləri tərəfindən həyata keçirilib, Qərb silahlarından istifadə edilməyib. Amma bunu deyəcəyəm: Qərbin kəşfiyyat təyyarələrinin Qara dənizin neytral suları üzərində uçmasının çətinləşəcəyinə dair eyhamlar var. Bəlkə də, bu, asimmetrik cavab olacaq.
- Gəlin ümumiləşdirək. Sizin sözlərinizdən belə başa düşürəm ki, Rusiyada nüvə silahından istifadənin tərəfdarları çox olsa da (bunu gündəlik siyasi tok-şoulardan və nüfuzlu analitiklərin məqalələrindən görmək olar), taktiki nüvə silahından istifadə təhlükəsi yoxdur. Yoxsa bu təhlükə minimaldır?
- Rusiyanın hərbi-siyasi rəhbərliyində müxtəlif təsir qrupları olduğu üçün təhlükə hələ də mövcuddur. Hansı nöqteyi-nəzərin üstün olacağı çətin sualdır. Amma ümid edirəm ki, sağlam düşüncə qalib gələcək.
Nair Əliyev