Bu gün Bakıda regionun enerji sahəsində mühüm hadisə olan Bakı Enerji Həftəsi başlayıb.
Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir. Bunlar 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi və 29-cu Bakı Enerji Forumudur.
Oxu.Az-ın əməkdaşları Bakı Enerji Həftəsində iştirak ediblər.
Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir. Bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir.
Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı da bu tədbirin yüksək statusunu təsdiqləyir.
Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirak edir. 2024-cü ildə Bakı Enerji Həftəsi əhəmiyyətli bir hadisəyə təsadüf edir. Tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Əlcəzair, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İraq, İsrail, İsveç, İtaliya, Latviya, Qazaxıstan, Qətər, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna və Yaponiya iştirak edir. Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir ki, tədbirə qatılırlar.
Bu ilki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 %-ni təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanın "yaşıl enerji" sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır. Sərgi sahəsinin 40 %-i tanınmış şirkətlərə, sərgilərin daimi iştirakçılarına məxsusdur.
Belə ki, bu il respublikanın neft tarixində yeni dövrün əsasını qoyan "Əsrin müqaviləsi"nin imzalanmasından 30 il ötür.
"Əsrin müqaviləsi" ümummilli lider Heydər Əliyevin banisi olduğu Azərbaycanın energetika strategiyasının əsas tendensiyasını müəyyən edən və Azərbaycanı dünyanın neft ixracatçılarından birinə çevirən özül hesab edilir. Belə ki, məhz "Əsrin müqaviləsi" ilə müstəqil Azərbaycanın neft strategiyasının əsası qoyuldu. Onu da əlavə edək ki, 2024-cü ildə Bakı Enerji Həftəsi daha bir əhəmiyyətli hadisəyə təsadüf edir.
Həmçinin, Bakı Enerji Həftəsi daha bir əhəmiyyətli hadisəyə təsadüf edir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Bu əlamətdar hadisə Bakı Enerji Həftəsinin tədbirlər proqramında əks olunacaq.
Tədbirin açılış nitqi ilə çıxış edən Prezident İlham Əliyev də tədbirin əhəmiyyətinə toxunaraq, Bakı Enerji Həftəsinin Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində çox vacib rol oynadığını bildirib. Ölkə başçısı Azərbaycanın qaz təchizatı məsələlərində özünü etibarlı tərəfdaş kimi artıq sübut etdiyini də diqqətə çatdırıb.
Sərginin əhatə etdiyi mühüm bölmələrə neft və qaz yataqlarının işlənməsi, neft və qazın nəqli və hasilatı, telekommunikasiya və İT, neft və qaz emalı, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar və s. daxildir. Sərgidə süni intellekt, qazma sahəsi, eləcə də neft və qeyri-qaz məhsullarının istehsalı və saxlanması ilə bağlı yeniliklər də təqdim olunur.
Sərgidə Günəş enerjisi, külək enerjisi, geotermal enerji, istilik energetikası, nüvə enerjisi, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri və elektromobillər, enerji və resurslara qənaət edən texnologiyalar və digər sektorlar üzrə məhsul və xidmətlər, eləcə də yeni layihələr nümayiş olunur.
Sərgidə 300-ə yaxın şirkət iştirak edir. Şirkətlər məhsullarını nümayiş etdirirlər. Stendlərə yaxınlaşırıq. Diqqətimizi "AZENCO" stendi çəkir, bizi nümayəndələr qarşılayır və məlumat verməyə başlayırlar.
"AZENCO" Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Pərviz Hacıyev fəaliyyət istiqamətlərindən söz açır:
"AZENCO" ASC 1939-cu ildən yaradılıb. O gündən bu günə qədər Azərbaycan bazarında öz fəaliyyətini göstərir. Bizim fəaliyyətimiz əsasən energetika sahəsinə aiddir. Bütün energetika sahəsində demək olar ki, "AZENCO" ASC cəlb edilib. Bununla bağlı Azərbaycan bütövlüyünün bərpası ilə bağlı Qarabağ regionunda "AZENCO" ASC təşkilatı fəal iştirak edir. Cəmiyyətimiz enerji infrastrukturun tam bərpasında iştirak edib".
P.Hacıyev sərgidə təqdim etdikləri layihədən bəhs edir:
"Təqdim olunan layihəmiz Qarabağ regionunda tikdiyimiz yarımstansiyanın yüksəkgərginlikli xətlərinin çəkilməsi ilə bağlıdır. Bu stend Kəlbəcər rayonundadır. Biz birbaşa yüksəkgərginlikli xətləri gördüyümüz yerlərdə bərpa edirik. O yarımstansiyada hazır tikilən yaşayış məntəqələri tam enerji ilə təmin olunur".
BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional şirkət xarici kommunikasiya rəhbəri Tamam Bayatlı sərgini ilin ən böyük tədbiri hesab etdiyini vurğulayır:
"İlk illərdən sərgidə iştirak edirik. Belə hesab edirəm ki, bu sərgi ilin ən böyük tədbiridir. Biz də çox böyük fəxrlə hər il nailiyyətlərimizi bu sərgidə Azərbaycan xalqına təqdim edirik.
Bu il sərgidə əsas diqqətimiz Azəri-Çıraq-Günəşli layihəsinin 30 illiyi münasibətilə hazırladığımız məlumatlara verilir. Haradan başlamışıq və indi haradayıq. Azəri-Çıraq-Günəşli yatağının işlənməsi üzrə əməliyyatçıyıq. Yatağı istismar edən şirkət bizik. Bu 30 il ərzində əldə edilmiş nailiyyətlərimizə onu vurğulamaq istəyirəm ki, yataqdan indiyə qədər 4, 4 milyard barel neft hasil olunub, dünya bazarlarına çıxarılıb. 56 milyard kubmetr səmt qazı neft ilə birlikdə çıxarılıb, Azərbaycan dövlətinə təhvil verilib. Çoxşaxəli fəaliyyətimiz var".
T.Bayatlı Xəzərin texnoloji möcüzəsindən söz açır:
"Biz 7-ci hasilat platformasını Azəri-Çıraq-Günəşlidə quraşdırdıq. Aprel ayında ilk neft əldə etdik. Platforma BP-nin dünya üzrə texnoloji baxımından ən qabaqcılıdır. Xəzərin texnoloji möcüzəsi adını qoymuşuq. Ən innovativ avadanlıqlar və texnologiyalarla təchiz olunub, dənizdə quraşdırılıb. Amma onun nəzarət işləri qurudan həyata keçirilir. İlk platformadır ki, dənizdədir, qurudan nəzarət olunur".
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid