Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi, 2023-cü ildə isə lokal xarakterli antiterror tədbirləri ilə ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra Ermənistanla gündəmə gələn sülh prosesi Türkiyənin də diqqət mərkəzindədir. Belə ki, Birinci Qarabağ müharibəsi ilə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi Türkiyənin də Ermənistanla diplomatik münasibətlərini kəsməsi ilə nəticələnmişdi.
Bu baxımdan, Türkiyə İkinci Qarabağ müharibəsindən sonra sülh müqaviləsini davamlı olaraq vurğulayıb və İrəvanla Ankara arasında ilkin addımların atılmasına rəvac verib. Bu istiqamətdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 79-cu sessiyasında növbəti dəfə bir araya gəliblər. Görüşdə müzakirə edilən məsələlərlə yanaşı, bəzi məqamlar xüsusilə yadda qalıb. Məsələn, görüş Paşinyan Ermənistanını hər vəchlə dəstəkləyən, regiondan Rusiyanı çıxarıb onun yerini almaq istəyən, Ermənistanı özünün forpostuna çevirməyə çalışan ABŞ-də baş tutsa da, tərəflər Nyu-Yorkdakı Türk Evində bir araya gəliblər. Ərdoğan mesaj xarakteri daşıyan bu addımı ilə Paşinyanın hər nə qədər Qərbin himayəsində olsa belə, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan, təklif edilən şərtləri qəbul etməkdən başqa çarəsi olmadığını nümayiş etdirib. Elə Paşinyanın Türk Evindəki görüş təklifini qəbul etməsi də onun reallıqla barışdığını istisna etmir.
Görüşlə bağlı digər məqam isə Ərdoğanın müəllifi olduğu "Daha ədalətli dünya mümkündür" kitabını Paşinyana hədiyyə etməsi olub. Kitabın Birləşmiş Ştatlarda, üstəlik, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sessiyası zamanı və ən əsası - Türk Evində erməni baş nazirə təqdim edilməsi də özlüyündə bir çox ismarış xarakterli mövzuları ehtiva edir. Çünki sözügedən kitab Paşinyanın ağuşuna sığındığı Qərbə və BMT-yə meydan oxuyur.
Paşinyanın kitabı qucaqlayarkən sevincini gizlədə bilməməsi isə görünür, müəlliflə razılıq əlamətindən qaynaqlanır. Təbii ki, bu sevinc hissi ənənəvi hiyləgərliyin növbəti anonsunu da istisna etmir. Çünki "Daha ədalətli dünya mümkündür" kitabı qlobal problemlərin həllinə və bu problemlərin öhdəsindən gələ bilməyən BMT Təhlükəsizlik Şurasında islahatların zərurətinə həsr olunub. Üstəlik, kitabda qaçqın böhranı, terrorçuluq və islamofobiyanın geniş vüsət almasından bəhs olunur və buna səbəbkar olan qurum və şəxslər tənqid edilirlər.
Ərdoğanın Ermənistanın hökumət başçısı ilə keçirdiyi görüşün hansı ölkədə baş tutmasının, həmçinin konkret ünvan və tərəf-müqabilinə verdiyi hədiyyənin özündə bir sıra mühüm mətləbləri və ismarışları əhatə etdiyini görüşdə və ondan əvvəl verilən açıqlamalardan da başa düşmək mümkündür. Belə ki, Türkiyə prezidenti erməni baş nazirlə görüşündə ölkələri arasında normallaşma, ələlxüsus Ermənistan və Azərbaycan arasında sülh prosesini müzakirə edib. Ərdoğan bir daha bildirib ki, Türkiyə Azərbaycanla Ermənistan arasında daimi sülhün təmin edilməsini və yeni dövrdə iki ölkə arasında möhkəm dostluğun qurulmasını dəstəkləyir, bunu asanlaşdırmaq üçün səylər davam edir. Üstəlik, o, Türkiyə və Ermənistan arasında ilkin şərtlər olmadan normallaşma yolunda mühüm məsafə qət edildiyini, dialoq prosesinin davam etdirilməsinə səmimi dəstəyini ifadə edib. Türkiyə lideri görüşdən əvvəl, yəni BMT Baş Assambleyasındakı çıxışında da Azərbaycan-Ermənistan və Ermənistan-Türkiyə təmaslarına toxunub, Bakı ilə İrəvan arasında sülh prosesini dəstəklədiyini, eləcə də Ankara-İrəvan xəttində də qarşılıqlı müsbət addımların atıldığını vurğulayıb.
Digər müzakirə predmeti isə Azərbaycandan fərqli olaraq, Türkiyənin ilkin şərtlər olmadan münasibətləri normallaşdırmaq istəyidir. Azərbaycan isə ilkin şərt olaraq Ermənistan konstitusiyasından ərazi iddialarını ehtiva edən bəndlərin çıxarılmasını, yalnız bundan sonra sülh müqaviləsinin mümkün olduğunu irəli sürüb. Bu baxımdan, Türkiyənin Ermənistanla münasibətlərin bərpasına daha tez nail olacağı istisna deyil. Lakin unutmaq olmaz ki, bu gün Azərbaycan əleyhinə qərəzli mövqe sərgiləyən Fransa və ABŞ kimi ölkələr, həmçinin bu ölkələrin diktəsi ilə fəaliyyət göstərən təşkilatlar Ermənistanı tamamilə ələ alıb regionda yeni münaqişə ocaqları yaratmaq istəyirlər.
Türkiyənin ilkin şərt olmadan Ermənistanla münasibətləri normallaşdırması da həm həmin ölkələrin təzyiqlərini neytrallaşdıra, həm də bununla Bakı-İrəvan münasibətlərini Azərbaycanın irəli sürdüyü şərtlər çərçivəsində daha tez bərpa edə bilər. Çünki Ermənistan da yaxşı başa düşür ki, onun nicatı okeanın o tayından gələn və regiona aidiyyəti olmayan ölkələrlə deyil, qonşuları ilə iqtisadi-siyasi münasibətlərin bərpası və inkişafı ilə mümkündür. Əks halda, onun varlığı Qərb üçün plasdarm rolunu oynamaqdan başqa bir şeyə xidmət etməyəcək.
Təbii ki, bütün bunlarla yanaşı, Paşinyanın dəfələrlə müxtəlif platformalarda müxtəlif açıqlamalar verərək təxribatçı mövqeyinə zəmin formalaşdırdığını da unutmaq olmaz. Çünki Nikol həmin addımları ilə gah revanşist əhvali-ruhiyyədə olan daxili auditoriyanı prosesə hazırlamaq istədiyini göstərib, digər tərəfdən isə hiyləgər xislətinə uyğun olaraq, mənfur planlarını həyata keçirmək üçün vaxt qazanıb. Lakin unutmaq olmaz ki, sülh müqaviləsi imzalanmasa, Cənubi Qafqazda istənilən an qarşıdurma yaşana bilər. Bunun məsuliyyəti isə Ermənistan və havadarlarının üzərinə düşəcək.
Mərahim Nəsib