"Azərbaycan Prezidenti İlham Əliyevin konstitusiyanı dəyişdirməsi tələbini Paşinyanın özü bir neçə ay əvvəl qanuniləşdirib".
Bunu erməni politoloq Suren Surenyants Ermənistan mediasına verdiyi müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ermənistan XİN Azərbaycan Prezidenti İlham Əliyevin digər tələbi barədə mövqe bildirməyib, bununla da Minsk Qrupunun buraxılması ilə bağlı onunla faktiki olaraq həmrəyliyini nümayiş etdirib.
Erməni politoloq bildirib ki, Azərbaycanın bu məsələni niyə indi – Ermənistan daxili siyasi həyatında gərginliyin olduğu vaxtda qaldırması maraqlı məqamdır.
"Görünən odur ki, Paşinyan bu gərginlikdən istifadə etməyə cəhd edərək, Azərbaycanla danışıqlarda vaxt qazanmaq istədi. Lakin dünən İlham Əliyev başa saldı ki, Paşinyana bu imkanı vermək niyyətində deyil".
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 6-da TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən Ermənistan-Azərbaycan prosesi ilə bağlı bir neçə açıq olan məsələnin hələ də qaldığını deyib.
"Onlardan biri Ermənistanın Konstitusiyasıdır ki, orada Azərbaycana qarşı ərazi iddiaları var. İkincisi, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarına son qoyulmalıdır. Təbii ki, biz artıq bunu Ermənistan tərəfinə təklif etmişik ki, Azərbaycan və Ermənistan ATƏT-ə birgə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Minsk qrupuna heç bir ehtiyac yoxdur, o, indi fəaliyyət göstərmir. Biz onun fəaliyyət göstərməsinə de-fakto imkan verməyəcəyik. Qaldı ki, de-yure - hüquqi cəhətdən bu, ləğv edilsin və bu, Ermənistanın nə qədər səmimi olmasından xəbər verəcək", - deyə Azərbaycanın dövləb başçısı vurğulamışdı.