Sentyabrın 20-də "Gülüstan" sarayında "Əsrin müqaviləsi"nin 30 illiyi və Neftçilər Günü peşə bayramı münasibətilə tədbir keçirilib.
Oxu.Az Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, yerli və xarici şirkətlərin nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət himni ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra ötən bir il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında enerji sektoruna dair səsləndirdiyi fikirlər əsasında hazırlanan videoçarx təqdim edilib.
SOCAR-ın prezidenti Rövşən Nəcəf Azərbaycan Prezidenti İlham Əliyevin neftçilərə təbrik məktubunun mətnini oxuyub.
Tədbirdə çıxış edən SOCAR-ın prezidenti neft-qaz sənayemizin inkişafına, neftçilərə göstərilən davamlı dəstəyə görə Prezident İlham Əliyevə neftçilər adından minnətdarlığını ifadə edib.
R.Nəcəf Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycan dövlətinin banisi, enerji strategiyasının müəllifi Heydər Əliyevin rəhbərliyi ilə imzalanan "Əsrin müqaviləsi"nin neft-qaz sənayesində əldə olunan uğurların təməlini qoyduğunu, ölkəmizin davamlı və dayanıqlı sosial-iqtisadi tərəqqisinə, beynəlxalq mövqelərinin gücləndirilməsinə əlverişli zəmin yaratdığını bildirib. 19-20 sentyabr 2023-cü ilin şanlı tariximizdə növbəti Zəfər salnaməsinin yazılması ilə əlamətdar olduğunu söyləyən Rövşən Nəcəf Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirləri zamanı rəşadətli Ordumuzun nümayiş etdirdiyi yüksək peşəkarlıq və böyük şücaət nəticəsində tarixi torpaqlarımızın işğaldan azad edildiyini, ərazi bütövlüyümüz və dövlət suverenliyimizin tam təmin olunduğunu qeyd edib.
R.Nəcəf dövlət başçısı İlham Əliyevin müvafiq sərəncamları ilə 20 sentyabr tarixinin ölkəmizdə Dövlət Suverenliyi Günü elan edilməsinin, həmçinin bu tarixin Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunmasının böyük qürur və iftixar hissi doğurduğunu ifadə edib.
Azərbaycanın dünyada neft və qaz ilə yanaşı, neft və neft-kimya məhsulları ixrac edən ölkələrdən biri kimi də mövqeyini davamlı olaraq gücləndirdiyini ifadə edən R.Nəcəf SOCAR tərəfindən icra olunan layihələrin iqtisadiyyata əlavə dəyər qazandırılmasında, yaşıl enerji keçidində, qeyri-neft sektorunun, kiçik və orta biznes subyektlərinin inkişafında önəmli rol oynadığını qeyd edib.
bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel Neftçilər Günü və "Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişin imzalanmasının 30 illiyi münasibətilə təşkil olunan tədbirdə iştirakdan böyük şərəf duyduğunu ifadə edib. Vitse-prezident Azərbaycanın 20 sentyabr 1994-cü il tarixindən etibarən qazanılan uğurlar sayəsində dünyanın neft istehsal edən qlobal enerji təchizatçılarından birinə çevrildiyini bildirib.
Milyonlarla insanın enerji təhlükəsizliyində "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının rolundan bəhs edən Q.Birrel bu Sazişin Azərbaycana və bütün regiona iqtisadi firavanlıq gətirdiyini vurğulayıb.
Sonra qocaman neftçi Firdovsi Əhmədov tərəfindən neftçilərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladıqları təşəkkür məktubu oxunub.
Tədbir çərçivəsində əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması mərasimi olub.
SOCAR, bp, "ONGC Videsh", TPAO, "ExxonMobil", "Itochu", Inpex", "MOL Group", "Equinor" şirkətləri arasında "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında" 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma" sənədi imzalanıb.
Həmçinin SOCAR və bp şirkəti arasında enerji təchizatı təhlükəsizliyinin artırılması məqsədilə apstrim neft-qaz layihələri üzrə əməkdaşlıq haqqında və "Qarabağ" neft yatağı və "Əşrəfi-Dan Ulduzu-Aypara" sahəsinə dair Anlaşma memorandumları imzalanıb.
Eyni zamanda, SOCAR ilə "MOL Hungarian Oil and Gas" şirkəti arasında "Şamaxı-Qobustan sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilat haqqında" Anlaşma Memorandumu imzalanıb.
Daha sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və SOCAR-ın birgə təşəbbüsü ilə "Əsrin müqaviləsi"nin 30-cu ildönümünə həsr olunan poçt markalarının dövriyyəyə buraxılması məqsədilə markaların möhürlənməsi mərasimi keçirilib. Zərflər SOCAR-ın prezidenti R. Nəcəf, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov, bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel, bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz tərəfindən möhürlənib.
Sonra mərasim bədii hissə ilə davam etdirilib, "Dörd dost" qısametrajlı filmi nümayiş etdirilib və konsert proqramı təqdim olunub.