"Təəssüflər olsun ki, Avropa parlamentində hələ də Frank Şvabe kimi deputatlar var. Beynəlxalq platformada onların Azərbaycana qərəzli münasibəti onunla bağlıdır ki, bizim qələbəmizi, torpaqlarımızı işğaldan azad etməyimizi, Türkiyə ilə münasibətlərimizin günbəgün inkişaf edib qüdrətimizin artmasını həzm edə bilmirlər".
Bunu Oxu.Az-a açıqlamasında professor Fikrət Sadıxov deyib.
Onun sözlərinə görə, Azərbaycanın gücü, eləcə də türk amilinin inkişaf etməsi Avropa Şurası Parlament Assambleyası (AŞPA) və onun Frank Şvabe kimi deputatlarını qıcıqlandırır:
"Azərbaycan nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırandan sonra da onlar aktiv şəkildə ölkəmiz əleyhinə çıxış edirlər. Guya Azərbaycan onları parlament seçkisini müşahidə etməyə dəvət etməyib. Azərbaycan çox yaxşı edib, çünki bu, bizim haqqımızdır, daxili işimizdir və buna heç kəs qarışa bilməz. Beynəlxalq hüquq normalarına uyğun olaraq, Azərbaycan dövlətinə, onun milli maraqlarına qarşı çıxış edənləri, əks bəyanat verənləri, üstəlik, nəinki bəyanat, hətta davranışları ilə də bunu göstərənləri, əlbəttə ki, ölkəmizə buraxmamağa bizim tam hüququmuz var. Bu, adi beynəlxalq praktikadır. Bunu digər dövlətlər də edirlər. Şvabenin aktivliyi də elə bununla bağlıdır".
"Görünür, Frank Şvabeni yandıran, onu narahat edən dediyim bu məqamlardır ki, Azərbaycana gəlib müşahidəçi qismində iştirak edə bilmir. Daha dəqiq desək, Azərbaycanı yeni bəyanatlarla tənqid etməyə imkanı olmur. Ona görə də Şvabe yaxşı-yaxşı fikirləşib, nəticə çıxarmalıdır. Çünki o, Azərbaycana qarşı bundan sonra da belə çıxışlar edəcəksə, bizə nə onun kimi deputatlar, nə də müşahidəçilər lazımdır", - deyə analitik əlavə edib.
Siyasi şərhçi Xəyal Bəşirov isə Oxu.Az-a açıqlamasında Frank Şvabenin anti-Azərbaycan qüvvələrinin önündə gedənlərdən biri olduğunu deyib:
"Avropa qitəsində Azərbaycana qarşı xüsusi missionerlər var. Hazırda onların başında Fransa Prezidenti Emmanuel Makron dayanırsa, o sıralamada mühüm yerlərdən birini Almaniya nümayəndə heyətinin AŞPA-dakı rəhbəri Frank Şvabe tutur. Əslində, Frank Şvabe Makron, Jozep Borrel, Peter Stano kimi anti-Azərbaycan qüvvələrindən heç də fərqlənmir".
Analitikin sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı mandatının dondurulması təsadüfi deyil:
"Frank Şvabe Azərbaycanın Avropa Şurasının üzvü olduğu müddətdə bu qurumun ölkəmizdəki seçkiləri müşahidə edən nümayəndə heyətlərində dəfələrlə iştirak edib. Məsələn, 2018-ci ildə növbədənkənar prezident seçkisində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkiyə Avropa Şurasının nümayəndə heyətindən, yəni Frank Şvabenin iştirak etdiyi nümayəndə heyətindən daha sərt mövqe bildirmişdi. Şvabenin məntiqi ilə yanaşsaq, biz ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu da seçkiyə buraxmamalı idik. Yəni bizim Avropa Şurası ilə hər hansı bir problemimiz yoxdur. Problem onların bizə qarşı olan mövqeyidir. Bunun da başlıca səbəbi Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, işğaldan azad edilmiş ərazilərdə - onlar üçün həssas bir region olan Qarabağda da bu seçkinin tarixdə ilk dəfə keçirilməsi ilə bağlıdır".
"Frank Şvabe COP29-da iştirak etmək üçün Azərbaycana gəlmək istəyir. Amma Azərbaycan XİN ölkəmizə qarşı çıxan bu şəxslərin "qara siyahı"ya salındığı ilə bağlı mövqe bildirib. Halbuki, Azərbaycan heç bir dövlətə, heç bir təşkilata bağlı dövlət deyil. Ermənistan tərəfini belə, biz COP29-da iştirak etmək üçün ölkəmizə dəvət etmişik. Əgər onlar da ermənilərdən daha çox ermənilik etmək istəmirlərsə, o halda bu tədbirdə iştirakları mümkündür.
Eyni zamanda, bir məqamı da vurğulamaq yerinə düşər. Frank Şvabe özünün verdiyi son müsahibəsində qeyd edir ki, guya onlar Azərbaycana qarşı haqlı mövqe bildirdiklərinə görə "arzuolunmaz şəxs" elan ediliblər, amma biz Azərbaycanı tərifləyən həmkarlarının maraqlarını təmin edirik. Şvabe bununla faktiki olaraq özünün fəal təmsil olunduğu AŞPA-nı bir daha korrupsiyaya qurşanmaqda ittiham edir. Onda belə çıxır ki, həmin deputatlar Azərbaycandan rüşvət alıb Azərbaycanın mövqeyini müdafiə edirlərsə, deməli, Şvabe kimilər də hansısa qüvvələrdən rüşvət alıb onların maraqlarına xidmət edərək anti-Azərbaycan mövqeyi sərgiləyirlər. Bunu biz yox, dolayısı ilə Şvabe özü etiraf edir", - deyə müsahibimiz fikrini yekunlaşdırıb.
Mərahim Nəsib