Müasir Fransa dünyanın diqqətindədir. Amma bu diqqət yüz illər boyu ədəbiyyatı, mədəniyyəti, yaxud da başqa hansısa müsbət tendensiyası ilə deyil, müəllifi olduğu mənfi meyillərlədir.
Əvvəla, müasir Fransa özünün müstəmləkəçilik siyasəti ilə dünyada "rekord qırır". Belə ki, rəsmi Paris fərqli regionlarda, o cümlədən Afrikada istismarçılığını davam etdirir. İnsan hüquqları məhdudlaşdırılır.
Məsələ ondadır ki, Fransa hakimiyyətinin məhz bu siyasətinin nəticəsidir ki, ölkə daxilində etirazlar ara vermir, getdikcə güclənir. Fransanın Martinik departamentində komendant saatının vaxtının uzadılması etirazlara səbəb olub. "Figaro" nəşrinin yazdığına görə, narazı kütlə departamentin mərkəzi Fort de Fransada yolları bağlayıb, barrikadalar qurub.
Polis aksiyanı yatırmaq üçün güc tətbiq edib. Qarşıdurma zamanı çox sayda avtomobil, iş yeri və ticarət obyekti yandırılıb. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb, 3 etirazçı saxlanılıb. Onlardan ikisi həbs edilib.
Bahalığa qarşı aksiyaların davam etdiyi Martinik departamentində komendant saatının vaxtı oktyabrın 28-dək uzadılıb.
Martinikdəki etirazlar barədə danışarkən əvvəlcə onu demək lazımdır ki, belə aksiyalar ölkə miqyaslıdır. Yəni etirazlar təkcə Martiniklə kifayətlənmir.
Üstəgəl, Fransanın istismarına məruz qalan ərazilərdə də rəsmi Parisə qarşı etirazlar həyata keçirilir. Bütün bunlar əslində Yelisey sarayı üçün ciddi siqnaldır.
Martinik və digər keçmiş müstəmləkələrində zorakılıqlarına, insan hüquq və azadlıqlarına biganə yanaşan Fransa ölkəsində də bu siyasətini davam etdirir. Fransanın mövcud hakimiyyəti özünün iddia etdiyindən fərqli olaraq demokratiyadan çox uzaqdır. Ölkə daxilində də polis zorakılığı ara vermir. Üstəgəl, dini ayrı-seçkilik, o cümlədən islamofobiya meyilləri də səngimir.
Müxtəlif beynəlxalq hesabatlar da Fransa daxilindəki vəziyyətin acınacaqlı olduğunu göstərir. Belə ki, ölkədə miqrantların və cinsi azlıqların hüquqları məhdudlaşdırılır. Ölkədə irqçilik, irqi ayrı-seçkilik təzahürləri getdikcə artır.
Beynəlxalq hesabatlarda göstərilir ki, Fransa irqi ayrı-seçkilik sistemli ölkə olaraq qalır.
Maraqlıdır ki, ölkədəki durumun qeyr-sabit olduğunu Fransa özü də etiraf edir. Belə ki, Daxili İşlər Nazirliyinin 2023-cü ilin martında dərc etdiyi hesabatda göstərilib ki, 2022-ci ildə 12,6 min cinayət qeydə alınıb. Onların 6,6 mini dini, irqi və etnik zəmindədir. Araşdırmalar göstərir ki, Fransa cinayətlərin əksəriyyəti dini zəmində törədilib.
Həmçinin göstərilib ki, Fransa cəmiyyətinin ciddi problemlərindən biri antisemitizmdir. Həmçinin islamofobiya meyilləri də getdikcə güclənir. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkədə tək 2022-ci ildə 188 islamofob hərəkət qeydə alınıb.
Son illərdə fiziki hücumların sayı isə 36% artıb. Ancaq cəmi 24% hallarda qanunu pozan şəxslər məsuliyyətə cəlb edilib. Bu, həm də Fransa hakimiyyətinin öz cəmiyyətinə etinasızlığını göstərir.
Maraqlıdır ki, bütün bunlar Fransa E.Makronun hakimiyyəti dövrünə təsadüf edir. Belə ki, o, 2017-ci ildə hakimiyyətə gəlib. Elə bundan sonra da həm ölkə daxilində, həm də xarici siyasətində ciddi fiaskolar müşahidə olunur. Bunun ən bariz nümunələrindən biri də odur ki, 2019-cu ildə ölkədə 200-ə qədər jurnalistə qarşı müxtəlif ayrı-seçkilik halları, həmçinin fiziki zorakılıq tətbiq olunur. Bu məsələni əslində xüsusi qeyd etmək lazımdır. Belə ki, azad media bütün dünyada demokratiyanın əsas xüsusiyyətlərindən biri kimi təqdim olunur. Yelisey sarayı isə sözdə demokratiyanı müdafiə etdiyini desə də, əməldə bunu göstərmir, əksinə, demokratik meyillərə qarşı çıxır. Ölkədə hüquq-müdafiəçilərinə qarşı zorakılıq və təzyiq halları da ciddi narahatlıq doğurur.
Bütün bunların fonunda Makronun reytinqi getdikcə azalır. Bu, mövcud iqtidarın daxili və xarici siyasətindəki uğursuzluğunun təzahürüdür.
Rəsmi Paris, əlbəttə, baş verənlərdən dərs çıxarmalıdır. Əks halda Makron hakimiyyətinin nüfuzu getdikcə daha da azalacaq. Bu isə Makronun vaxtından əvvəl hakimiyyəti ilə sağollaşması ilə nəticələnə bilər.
Ümumiyyətlə, Fransanın hazırkı siyasi kursu, yəni hegemonluq cəhdi müasir beynəlxalq münasibətlər sistemində qəbuledilməzdir. Nəzərə almaq lazımdır ki, Fransa zaman-zaman, hətta özünün müdafiə etdiyi beynəlxalq hüquqa da qarşı çıxır. Bu isə rəsmi Parisə heç bir halda başucalığı gətirməz.
Beləliklə, Fransada vəziyyət kifayət qədər ağırdır. Rəsmi Paris elə buna görə də digər dövlətlərin, o cümlədən Azərbaycanın uğurlarını qəbul edə bilmir. Rəsmi Parisin bir çox hallarda Azərbaycanın daxili işlərinə qarışması da bu kontektsdən qiymətləndirilməlidir.
Yaxşı olar ki, rəsmi Paris Cənubi Qafqazın və Azərbaycanın işlərinə qarışmaq əvəzinə, öz qayğıları ilə məşğul olsun. Əks halda vəziyyət daha da pisləşə, aksiyalar güclənə bilər. Bu isə Fransa hakimiyyəti üçün yaxşı nəsə vəd etmir.
"Report" İnformasiya Agentliyi