Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Fransada xaos gözlənilir: "Makron ittiham etdiklərinin yolu ilə gedir"
"Avropa parlamentinə seçki keçiriləndə Emmanuel Makronun məğlub olmasından sonra onun hakimiyyətdən getməsi ilə bağlı çağırışlar edildi və Fransa prezidenti o zaman bildirdi ki, istefa vermək fikrində deyil. Onun ardınca Fransanın özündə keçirilən parlament seçkisindən sonra da mövqelərinin xeyli zəifləməsinə baxmayaraq, müxalifətin namizədinə baş nazirlə bağlı təqdimat verməyərək, yenə də çoxluğun fikirləri ilə razılaşmadığını faktiki olaraq göstərmiş oldu".
Bu sözləri Oxu.Az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.
O bildirib ki, Makron üçün xalqın nə istəməsindən asılı olmayaraq, öz maraqları birinci gəlir:
"Bunun nəticəsində də oturduğu kreslodan ikiəlli yapışıb. Təbii ki, dünyaya demokratiya dərsi verməyə çalışan, ayrı-ayrı ölkələrdə seçkilərə müdaxilə etmək istəyən, xalqın seçdiyi hökumətlərə təzyiq göstərmək metodu ortaya qoyan, kimlərisə ədalətli seçki keçirməməkdə ittiham edən Makron sadaladıqlarının hamısını özü edir və indi də, hökumətə etimadsızlıq göstəriləcəyi halda belə, vəzifədən getməyəcəyini bəyan etməsi bütün bu deyilənlərin bariz nümunəsidir. Yəni Makron demək istəyir ki, hətta hökumətə etimadsızlıq göstərilib, parlament yeni hökuməti təsdiq etsə belə, o, prezident kimi səlahiyyətlərində qalacaq. Bu isə o deməkdir ki, prezident ilə hökumət və parlament arasında gərgin münasibətlərə şahidlik edəcəyik. Yəni hökumətin qərarlarına prezident tərəfindən veto qoyulması, prezidentin parlamentə və yaxud da hökumətə təqdim etdiyi layihələrin onlar tərəfindən icra olunmaması reallaşa bilər. Təbii ki, belə olan halda Fransanın daxilində xaos yaranacağı istisna deyil".
"Bu baxımdan, demokratiyadan danışan şəxsin çoxluğun fikirləri ilə razılaşması və hökumətə etimadsızlıq göstəriləcəyi halda prezident kimi istefa verməsi ən düzgün qərardır. Amma söhbət Makrondan getdiyi üçün bu düzgün qərarın qəbulu da gözlənilən deyil", - deyə politoloq əlavə edib.
Mərahim Nəsib