Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Geodemokratiya
Rüstəm Qaraxanlı yazır...
Kollektiv Qərbin Gürcüstana qarşı siyasətini sərtləşdirməsi onun regionumuzda cərəyan edən proseslərdən birdəfəlik kənarda qalması ilə nəticələnə bilər. Bu uğursuz yanaşma illərdir ki, Azərbaycana münasibətdə tətbiq olunub və faktiki nəticəsiz qalıb. Vaşinqton və Brüsselin postsovet düşərgəsinə Rusiya-Ukrayna müharibəsi eynəyindən baxmağa davam etməsi amorf və höcət Qərbin effektivsizliyinin, korşalmış siyasətinin göstəricisidir. Nə okeanın o tayında, nə də Avropada israrla anlamaq istəmirlər ki, dayanmadan çoxqütblülüyə doğru transformasiya olunan dünyada Azərbaycan və Gürcüstan kimi ölkələr üçün Qərbin yorucu narrativləri cazibədar görünmür.
ABŞ siyasi konyunkturasının prinsiplərinə meydan oxuyan Donald Trampın xarici siyasət görüşləri qəribçiliyə salınsa da, respublikaçı namizəd haqlıdır: Qərbin Ukraynada Rusiyaya qalib gəlmə ümidləri ətrafındakı duman getdikcə daha da tündləşir. Bu reallıqda Azərbaycanın ardınca Cənubi Qafqazın "qapı"sı olan Gürcüstanı da itirmək bölgədəki maraqların Nikol Paşinyanın Ermənistanda hakimiyyətdə qalıb-qalmaması çərçivəsinə pərçimlənməsi deməkdir. Bakı və Tbilisi Çinlə münasibətləri strateji statusa yüksəldiblər. Gürcüstanda reallaşan iri nəqliyyat layihəsi - Anaklia dəniz limanını çinlilər tikirlər. Cənubi Qafqazın kritik bəndi rolunda çıxış etdiyi "Orta dəhliz"ə ən böyük maliyyəni Çin yatırır. Rusiya bölgədəki logistika qovşağına eksport əməliyyatlarının prioritet istiqaməti olaraq yanaşır. Belə bir vəziyyətdə ABŞ-nin və Avropa İttifaqının Gürcüstan hökuməti ilə tərəfdaşlığını suisid həddinə endirməsi ən azı anlaşılan deyil.
Gürcüstanda baş tutan parlament seçkilərini hakim partiyanın 54 faizlik göstərici ilə udması Qərbin xüsusilə 2008-ci ildən sonra gürcü xalqının aqibəti ilə öz maraqları naminə oynamasının acı mənzərəsidir. Təəssüf ki, bu gün Ukrayna rəhbərliyi bunu ya anlaya bilmir, ya da anlayır, amma çarəsizdir. Qərb özünü öz tələsinə salıb: seçkilərin "demokratiyaya zidd olması"na dair heç bir tutarlı fakt yoxdur, ancaq ABŞ-nin dövlət katibi Tbilisi ilə hədə tonlu ünsiyyətindən vaz keçə bilmir. Eyni yanaşmanı London və Brüssel də təkrarlayır. Paris Gürcüstandakı "ağır artileriya"sı - 22 il bundan öncə Fransa vətəndaşlığını gürcü kimliyinə dəyişmiş prezident Salome Zurabişvilini belə bada verməkdən çəkinmir. Hətta okeanın o tayında yerləşən və regionda ciddiyə alınmayan Kanadanın da bu "orkestr"ə qoşulması ötən ilin avqust-sentyabr aylarını xatırladır: rəsmi Ottavanın "Artsaxda insan haqları" carçısı rolundan ən böyük "qazanc"ı siyasi sarkazm mövzusuna çevrilməsi olmuşdu.
Gürcüstanda və Moldovada üst-üstə düşən seçkilər ətrafında izlənən proseslər "Qlobal Şimal"ın burada "demokratiya axtarışı"nda deyil, uğursuz geosiyasi maraqlarının hayında olduğunu göstərir. Rusiyaya qarşı hər hansı sanksiyalara qoşulmayan Gürcüstan iki il ərzində ÜDM-ni 18 faiz yüksəltməyə nail olub, Qərbin küyünə gedən Moldova isə yerində addımlamaqda davam edir. Moldovada inflyasiya 3 dəfə artıb, Gürcüstanda isə əksinə - bir o qədər azalıb. İki ildə Kişinyov cəmi 7 milyon dollarlıq birbaşa investisiya cəlb edə bildiyi halda, Tbilisi 4 milyardlıq göstəriciyə nail olub. 2022-ci ildə Gürcüstan ticarətdə Moldovanı 4 milyard dollarla qabaqlayırdısa, indi bu göstərici 9 milyarda bərabərdir. Bu statistika Qərbdən asılı duruma düşən və milli maraqlarından çıxış edən iki eyni imkanlı ölkənin üz-üzə qaldıqları vəziyyətin aynasıdır.
Cənubi Qafqazın qlobal siyasətdə və ticarətdə geosiyasi vahid kimi çıxış etməyə başlamasının həlledici səbəbi Azərbaycanın 4 il əvvəl Ermənistanı məğlub edib tarixi ədalətsizliyə son qoymasıdır. Bakı bütün bölgəni geosiyasi güclərin iradəsinin diktəsindən xilas etməyi bacarıb. Tək Qafqazın cənubunu deyil. Qlobal nəqliyyat marşrutları mövzusunun aktuallığı fonunda Orta Asiya və yaxud Türk coğrafiyasının əhəmiyyətinin artım silsiləsi Azərbaycanın əldə etdiyi zəfərin bölgənin hüdudularını aşan əks-sədasının təsiridir. Belə bir gerçəklikdə kollektiv Qərbin "demokratiya" dramı bir vaxtlar İraqda nüvə silahı axtarmasına bənzəyir. Qafqazda belə "arqument"lərin ciddiliyinə yalnız Yerevanda ümid edə bilərlər. İnanarlar deyil, ümid edə bilərlər.