Rüstəm Qaraxanlı yazır...
Venesuela prezidenti Nikolas Maduro Böyük Britaniya və İspaniyanı yerli amerikalıları və Afrikadan gətirilən qulları talanda suçlayaraq onlardan reparasiya tələb edib. Karib hövzəsi dövlətlərini bu tələblərində dəstəklədiyini deyən Maduro bəyan edib ki, həm İspaniya, həm də Britaniya "torpaqlarımızı talan etməkdə, əcdadlarımızı qula çevirməkdə və onlara əzab verməkdə günahkardırlar".
Bir müddət bundan öncə Polşa da Almaniyanın ünvanına oxşar məzmunlu ittihamla çıxış edərək ona dəyən zərərin ödənilməsi tələbini irəli sürüb. Ukrayna prezidenti Zelenski isə Rusiyanı nəinki reparasiya, həm də kontribusiya ilə hədələyir. Reparasiya dəymiş ziyana görə maddi kompensasiyanın uzun müddət ərzində ödənilməsini nəzərdə tutur. Almaniya II Dünya müharibəsini törətdiyinə görə kompensasiya ödənişini yalnız 2010-cu ildə bitirib. 1990-cı ildə Küveytə soxulmuş İraq isə üç il əvvəl - 2021-ci ildə. Zelenskinin istəyinin reallaşması təbii ki, az real görünür. Reparasiya aqressiya törədən, ancaq nəticədə məğlub olan dövlət tərəfindən ödənir. Ukrayna-Rusiya cəbhəsindəki hazırkı vəziyyət heç də Kiyevin xeyrinə deyil və belə görünür ki, onun qələbəsi ilə bitməyəcək. Kontribusiya isə yenə də məğlub tərəfindən ödənilir, ancaq bir fərqlə ki, qalib işğalçı da ola bilər. Yəni faktiki olaraq bu halda kontribusiyanı Moskva Kiyevdən tələb edə bilər - müharibəni də başlayıb, əraziləri də işğal edib və güman ki, qalib tərəf də o olacaq.
Ermənistanla yekun sülhün əldə edilməməsi şəraitində Azərbaycan ərazilərinə dəymiş hədsiz maddi ziyanın reallıq olması reparasiya mövzusunu bizim üçün də aktual edir və şübhə yoxdur ki, zamanı gəldikcə qaldırılacaq. Prezident İlham Əliyev müharibə bitəndən dərhal sonra və bir neçə dəfə bu mövzuya toxunub, Azərbaycana dəyən maddi zərərin dəqiq hesablanması üçün işğaldan azad edilmiş ərazilərdə müvafiq işlər görülməsi tapşırığını verib. Ötən həftə sosial şəbəkələrin erməni seqmentində çıxmış bir məlumat Ermənistanla Azərbaycan arasındakı sülh prosesində reparasiya mövzusunun da olduğuna dəlalət edir. Həqiqətə nə qədər yaxın və uzaq olması üzərində dayanmayaraq qeyd edək ki, həmin məlumata görə, rəsmi Bakı Yerevandan 10 il ərzində 350 milyard dollar vəsaitin ödənilməsini tələb edir.
İşğal və aqressiyaya görə kompensasiyanın ödənilməsinin ən azı iki forması məlumdur. Restitusiya dəymiş maddi zərərin ödənilməsi və talan edilmiş əmlakın qaytarılmasıdır. Bizim halda Ermənistanın qəsb etdiyi infrastrukturu və vətəndaşlarımızın oğurlanmış əmlakını qaytara bilməsi mümkünsüz görünür. Satisfaksiya isə məğlub olan işğalçının vurduğu mənəvi ziyana görə siyasi məsuliyyətidir - məğlub tərəfin rəhbəri publik formada törətdikləri əməlin beynəlxalq hüquqa zidd olduğunu bildirməli və üzr istəməlidir. Prezident İlham Əliyev son açıqlamalarından birində bu məqama da toxunaraq Ermənistanın rəsmi şəxslərinin üzr istəməli olduğunu bəyan edib.
Müasir dünyada reparasiyanın ödənilməsi və ya mənəvi zərərə görə üzrün istənilməsi yolunda ən azı iki böyük maneə var. Bunlardan birincisi odur ki, məğlub tərəf kapitulyasiya etdiyini rəsmən boynuna almalıdır. Məhz buna görə rəsmi Bakı 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın kapitulyasiya aktı olduğu bildirir. Paşinyan isə Fransa və digər havadarlarının yekun sülhə xələl gətirən əməllərinə arxalanaraq kapitulyasiyanı qəbul etmir. Məğlubun rəsmən olmaması beynəlxalq hüquqi müstəvidə, müvafiq platformalarda problemin qaldırılmasını əngəlləyən ciddi maneədir. Ermənistanın konstitusiyasında dəyişiklik etməkdən boyun qaçırmasının bir səbəbi də mümkün gələcək reparasiya tələblərindən irəli gəlir. "Konstitusiya mövzusu Ermənistanın daxili işidir" paradiqması ermənilərin problemi beynəlxalq hüquqi platformalardan uzaqlaşdırmaları cəhdidir. Əgər İrəvan konstitusiyada dəyişikliyə gedərsə, Azərbaycan torpaqlarının ilhaqını vaxtilə qanuniləşdirdiyini qəbul etmiş olacaq.
İkinci maneə müasir dünyanın acı gerçəkliyi - güclünün həmişə haqlı olması prinsipidir. Söhbət Azərbaycanla Ermənistan arasında kimin güclü olmasından getmir. Məsələ hələ də birqütblü olan dünyada söz sahibinin kimlər olmasındadır. Problem kollektiv Qərbin, ələlxüsus da ABŞ və Fransanın aşkar şəkildə işğalçının tərəfində durmalarındadır. Aydın məsələdir ki, Azərbaycan tələblərini hüquqi müstəviyə çıxardıqda Minsk qrupunun ən azı iki üzvü qanuni tələbimizin qarşısında ciddi maneələr yaratmağa çalışacaqlar.
Vyetnam müharibəsində həm işğalçının, həm də məğlubun ABŞ olmasına baxmayaraq, Vaşinqton törətdiklərinə görə bir sent belə kompensasiya ödəməyib və rəsmi üzr istəməyib. ABŞ İraq və keçmiş Yuqoslaviya ərazisini bombaladığına, hərbi müdaxiləyə görə də reparasiya ödəməyib. 1999-cu ildə hətta məşhur "Time" dərgisində bu başlıqlarla yazılar da işıq üzü görüb: "Bringing the serbs to hell" (Serbləri cəhənnəmə göndərək) və "Massive bombing attack opens the door to peace" (İraqın şiddətli bombalanması sülhə yol açır). Vaşinqton rəsmiləri İraqda törətdiklərini xəyali nüvə silahına görə etdiklərini, ancaq ehtimallarının yanlış olduğunu gizlətmirlər. Vaşinqtonun antiterror mübarizəsi adı altında Əfqanıstanı işğal etməsi, sonra isə ölkəni yenidən mübarizə apardığı taliblərə təhvil verib qaçması də başqa bir misal. Hər hansı məsuliyyətdən söhbət belə getmir.
Qərbdəki erməni diasporunun, xüsusilə də ABŞ qanunvericiləri arasındakı lobbinin son zamanlar Azərbaycanın ünvanına hədəflənmiş ədalətsiz çıxışlar və təşəbbüslər etmələri ənənəvi və öyrəşdiyimiz çirkli təbliğat kampaniyası olmaqla yanaşı, həm də atılan preventiv - önləyici addımlardır. Rəsmi Bakını "erməni siyasi xadimləri"ni həbs etməkdə, "erməni əsirləri"ni qaytarmamaqda suçlamaqla ləkələmək cəhdi indidən daha çox gələcəyə hesablanıb.