"Müasir Azərbaycan dövlətinin 106 yaşı var. 28 may 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasının öz müstəqilliyini yenidən bərpa etməsinin 33-cü ili mübarək olsun! Can Azərbaycanımızın şanlı bayrağı insanlıq var olduqca dalğalansın".
Oxu.Az-a bu sözləri 18 Oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpası Günü barədə danışan Türkiyənin ölkəmizdəki keçmiş səfiri, "İmza" Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.
Diplomat Azərbaycanın müstəqilliyinin ilk illərindəki dövlət quruculuğu prosesinə qısa nəzər salıb:
"Türk və islam dünyasında ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin heç bir ayrı-seçkilik etmədən bütün vətəndaşlara bərabərhüquqlu formada yanaşması heç vaxt unudulmamalıdır. Cəmi 23 ay ömür sürən AXC 1920-ci ilin aprel ayında işğal edildi. 18 oktyabr 1991-ci ildə yenidən müstəqilliyini bərpa edən Azərbaycan dünya dövlətləri arasında özünə layiqli yer tutmağı bacardı.
15 iyun 1993-cü ildə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev dövlət quruculuğu üçün, Qarabağdakı işğala son vermək üçün gərgin fəaliyyət göstərib. Ulu öndərin əsas fəaliyyət istiqamətlərindən biri də başda Türkiyə olmaqla digər qardaş dövlətlərimizlə əlaqələri gücləndirmək olub. Bütün çətinliklərə və maneələrə baxmayaraq, həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft kəməri bunun ən möhtəşəm örnəklərindən biridir".
Hulusi Kılıç Azərbaycanın 21-ci əsrdə öz ərazi bütövlüyünü bərpa edən ilk dövlət olduğunu vurğulayıb:
"Heydər Əliyevin siyasi varisi İlham Əliyev öncə ölkənin iqtisadiyyatının gücləndirilməsi üçün çalışdı, sonrakı mərhələdə həmin iqtisadi imkanlardan istifadə edərək güclü Azərbaycan Ordusu yaratmaq üçün böyük zəhmət çəkdi. Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, TANAP, "Petkim" layihələrinin reallaşmasında İlham Əliyevin danılmaz xidmətləri var.
Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə aparılan 44 günlük Vətən müharibəsi, bir günlük antiterror tədbirləri və qazanılan zəfər Azərbaycan tarixinin ən qürurverici səhifələrindən biridir. Bu qələbə ilə Azərbaycan həm dünyada, həm də türk dövlətləri arasında mövqeyini möhkəmləndirdi və onun qarşısında yeni bir səhifə açıldı. Bu gün Azərbaycanla və onun lideri ilə hesablaşırlar. Biz Azərbaycana nəzər yetirdiyimiz zaman onun güclü lideri, iqtisadiyyatı, müasir ordusu olan bir dövlətə çevrildiyini görürük. Bunun nəticəsi kimi, 21-ci əsrdə mövcud çətin beynəlxalq siyasi vəziyyətdə öz ərazi bütövlüyünü bərpa edən ilk dövlətin Azərbaycan olduğunu deyə bilərik. Bir daha qardaş Azərbaycan xalqını bu gözəl bayram münasibətilə ürəkdən təbrik edirəm!"
Söhrab İsmayıl