"Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı efirə gedib.
Verilişdə bildirilib ki, hazırda bütün dünyanın gözü Azərbaycandadır, COP29-un keçirilməsinə beynəlxalq maraq ən yüksək səviyyədədir.
Bir aydan sonra ölkəmizə xeyli sayda qonaq təşrif buyuracaq. Xarici KİV isə bunu diqqətlə izləyir. Türkiyənin "Anadolu" agentliyi xəbər verir ki, Türkiyə COP29 prosesində Azərbaycanı dəstəkləyəcək.
Mənbənin məlumatına əsasən, türkiyəli nazir Murat Kurum bildirib ki, Azərbaycan noyabrın 11-22-də BMT-nin İqlim Dəyişmələri ilə bağlı 29-cu Çərçivə Konvensiyasının Tərəflərin Konfransını qəbul edəcək. O, bu prosesdə Türkiyənin hər cür dəstək verəcəyini qeyd edib.
Rusiyanın "RG.RU" nəşri Azərbaycanla Braziliya arasında iqlim tərəfdaşlığı üzrə Anlaşma Memorandumunun imzalanmasına dair xəbər yayımlayıb. Qeyd olunub ki, memorandumun məqsədi COP29-un keçiriləcəyi Azərbaycan və COP30-a ev sahibliyi edəcək Braziliya arasında qlobal iqlim təşəbbüslərinin və dayanıqlı inkişafın təşviqi üçün əməkdaşlığı inkişaf etdirməkdir.
İsrailin "Jewish News Syndicate" nəşrində dərc olunan məqalədə Zəngəzur dəhlizindən bəhs olunub. Mənbə oxucularının diqqətinə çatdırır ki, 44 günlük Vətən müharibəsi başa çatandan sonra Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında imzalanmış üçtərəfli bəyanatda Zəngəzur dəhlizinin açılması barədə Ermənistanın üzərinə öhdəlik qoyulub. İsrail mətbuatı bu məqamda tarixi faktlara da istinad edib.
Vurğulanıb ki, hələ 1919-cu ildə Böyük Britaniya Zəngəzur dəhlizi üzərində Azərbaycanın yurisdiksiyasını təsdiqləsə də, bir il sonra - 1920-ci ildə Sovet hakimiyyəti bölgəni nəzarətə götürüb və Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında quru əlaqəsini kəsərək ərazini yenidən Ermənistan SSR-ə verib.
Məqalədə bir daha vurğulanıb ki, Böyük Britaniya Zəngəzur torpağını Azərbaycan ərazisi kimi tanıyıb və heç vaxt bundan imtina etməyib.
Müəllif bildirib ki, beynəlxalq yükdaşımalarda Zəngəzur dəhlizinin əhəmiyyəti çox böyükdür, bu yolla yüklər zaman baxımından mənzilbaşına daha tez çatdırılacaq.
Ətraflı Baku TV-nin süjetində:
"Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı efirə gedib.