Rusiya Prezidenti Vladimir Putin Kazanda XVI BRICS sammitinin məhdud tərkibdə iclasını açıb.
Oxu.Az bu barədə "Vedomosti"yə istinadən xəbər verir.
Məlumata görə, Putindən başqa iclasda Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Hindistanın Baş naziri Narendra Modi, İran Prezidenti Məsud Pezeşkian, Çin Xalq Respublikasının Sədri Si Cinpin, BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nahyan, Efiopiya Baş naziri Abiy Əhməd, Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafoza və Braziliyanın Xarici İşlər naziri Mauro Luis İeker Vieyra iştirak ediblər.
Putin vurğulayıb ki, məhdud tərkibdə iclas "Ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi" şüarı altında keçirilən Rusiyanın sədrliyi dövründə əsas tədbir hesab olunur. Rusiya lideri qeyd edir ki, Rusiya cari ildə birlik çərçivəsində birgə fəaliyyətin təşkilinə böyük məsuliyyətlə yanaşıb.
Onun sözlərinə görə, Rusiya sədrlik edən ölkə kimi BRICS-in nüfuzunu möhkəmləndirməyə, onun dünya işlərində, aktual, qlobal və regional problemlərin həllində rolunu artırmağa çalışıb. Rusiya BRICS dövlətlərinin siyasət və təhlükəsizlik, iqtisadiyyat və maliyyə, mədəni və humanitar əlaqələr kimi üç əsas istiqamət üzrə çoxşaxəli əməkdaşlığının dərinləşməsinə hər cür kömək edib, həmçinin yeni iştirakçı ölkələrin birliyin işinə rəvan və maksimum tam inteqrasiyasını təmin etmək üçün hər şeyi edib.
Məhdud tərkibdə qlobal gündəmin ən aktual aspektlərini nəzərdən keçirmək, beynəlxalq arenada BRICS dövlətlərinin əməkdaşlığı mövzusu, o cümlədən kəskin regional münaqişələrin nizamlanması barədə fikir mübadiləsi aparmaq təklif olunub. Həmçinin Yohannesburqda keçirilmiş əvvəlki sammitin iki mühüm qərarının yerinə yetirilməsini müzakirə etmək - BRICS çərçivəsində maliyyə əməkdaşlığının dərinləşdirilməsi və birliyin daha da genişləndirilməsi planlaşdırılıb.
Putin qeyd edib ki, Qlobal Cənub və Şərq ölkələrinin BRICS ilə əlaqələrin möhkəmləndirilməsinə olan əhəmiyyətli marağını nəzərə almamaq düzgün olmazdı. Onun sözlərinə görə, artıq 30-dan çox dövlət bu və ya digər formada belə əlaqələr qurmaq istəyini ifadə edib. Bununla yanaşı, o, BRICS-in işinin səmərəliliyinin azalmasına yol verməmək üçün balansı qorumağın vacibliyini vurğulayıb.
Rusiya lideri xatırladıb ki, Yohannesburqda birliyin tərəfdaş dövlətlərinin modallığını və kateqoriyalarını işləyib hazırlamaq və bu statusu almaq üçün ölkələrin siyahısını formalaşdırmaq qərara alınıb. Bu barədə qərarın yekun Kazan Bəyannaməsində əks olunması planlaşdırılır.
Putin qeyd edib ki, BRICS dinamik inkişaf və dünya işlərində öz nüfuzunun möhkəmlənməsini nümayiş etdirir. O vurğulayıb ki, birlik ölkələri nəhəng siyasi, iqtisadi, elmi-texnoloji və insan potensialına malikdir. O, həmçinin əlavə edib ki, müxtəlif qitələri, inkişaf modellərini, dinləri və sivilizasiyaları təmsil edən BRICS iştirakçıları ümumi dəyərlər və dünyagörüşü ilə birləşiblər. Onun sözlərinə görə, ölkələr bərabərlik, mehriban qonşuluq, qarşılıqlı hörmət uğrunda çıxış edir və dostluq, razılıq və ümumi rifah ideallarının bərqərar olmasına can atırlar.
Qeyd edək ki, oktyabrın 22-də Kazanda XVI BRICS sammiti başlayıb. O, iki hissədən ibarətdir. Birinci hissə təşkilata üzv ölkələrin "Ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi" mövzusuna həsr olunmuş iclasıdır ki, bu da 2024-cü ildə BRICS-də Rusiyanın sədrliyi dövrünün şüarıdır. İkinci hissə "BRICS plus/autreach" formatında iclasdır ki, onun mövzusu BRICS və Qlobal Cənub - daha yaxşı dünyanın birgə qurulması olacaq.