Rüstəm Qaraxanlı yazır...
Ötən ayın sonunda nüfuzlu "Politico" nəşrində işıq üzü görmüş məlumata görə, Avropa İttifaqı "dalana dirənmiş" Ermənistan-Azərbaycan sülh prosesini yenidən dirçəltmək və yekun anlaşmaya nail olmaq niyyətindədir. Yazıda bildirilir ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel İrəvanla Bakı arasında uzunmüddətli sülhün bərqərar olması üçün səylərini bərpa edir.
Bu barədə ictimaiyyətə hər hansı məlumat verilməsə də, Aİ-nin iki yüksəkrütbəli məmuruna istinad edən nəşrə görə, Ş.Mişel tərəflərə yazdığı xüsusi məktubda "sülh sazişini bitirmək" üçün danışıqlar masasına dönməyi təklif edib. Məlumatda belə bir qənaət xüsusilə maraq və təəccüb doğurur: "Brüsseldə neçə aydır davam edən diplomatik dalandan və gözlənilən razılaşmanın baş verməməsindən məyusluq artır".
Aİ-nin özünü sülh prosesindən izolə etməsi reallığında "Politico"da işıq üzü görən bu yazı, yumşaq desək, istehza yaradır. Ş.Mişelin vasitəçilik missiyası həm Azərbaycan dövləti, həm də cəmiyyəti tərəfindən müsbət qarşılanıb. O vaxtadək ki, Belçikanın sabiq baş naziri Mişel Fransanın hazırkı Prezidenti Emmanuel Makronun sülh prosesinə yersiz və aqressiv müdaxiləsi ilə əvvəl kölgəyə çəkilib, sonra isə qeyb olub. Faktiki olaraq, Parisin kapriz və iddialarının güdazına getmiş Aİ səylərinin nəticəsiz qalmasında günahın münaqişə tərəflərində axtarılması anlaşılan deyil. Problemin bu formada qoyuluşu ya "Politico"dakı məlumatın həqiqəti əks etdirmədiyini, ya nəbz tutmaq üçün qəsdlə sızdırılmış informasiya olduğunu, ya da Mişelin səylərini bərpa edəcəyi təqdirdə əliboş qalacağını göstərir.
Aİ-nin, özlərinin dedikləri kimi, məyusluq doğuran nəticəsiz təşəbbüslərini zərbə altına qoyan ilk amil heç bir razılıq və xəbərdarlıq olmadan, əsasən, Fransanın patronajlığı ilə avropalı "sabiq polis" məmurlarından ibarət müşahidə missiyasının Ermənistana göndərilməsi olub. Bu avantüranın müəllifinin Makron olduğu ilk gündən sirr deyildi. Bir müddət Fransa lideri kampaniyasına Almaniyanı da cəlb edə bilmişdi, lakin addımın yanlışlığını anlayan rəsmi Berlin simasını bərpa etmək üçün "missiya"nın işindən tədricən məsafə saxlamağa başladı.
Bunun ardınca Makron Fransası həm de-yure olaraq keçmiş Minsk qrupunun həmsədrlərindən biri olduğunu "unudaraq", həm də Aİ vasitəçiliyini qulaq ardına vuraraq Ermənistanı silahlandırmağa başladı. Əvvəl söhbətin yalnız "müdafiə xarakterli" silahlardan getdiyi deyilsə də, Parislə İrəvan artıq özüyeriyən artilleriya sisteminin tədarükünə dair müqavilə də imzalayıblar.
Paralel olaraq "müşahidə missiyası"nın tərkibi rəngarəngləşməkdə və genişlənməkdə davam etdi. İndi burada tək avropalı deyil, misal üçün, kanadalı "müşahidəçilər" də keşik çəkirlər. ABŞ hərbçilərinin iştirakı ilə Ermənistan silahlı qüvvələrinin təliminə start verilib, Ermənistanın Müdafiə Nazirliyində isə daimi əsasla bir yüksəkrütbəli amerikalı zabit xidmət göstərəcək.
Bütün bunlar Aİ və onun prezidentinin gözləri önündə baş verir və açığı, Brüsseldəki məyusluğun mahiyyəti də məhz buna görə anlaşılan deyil. Əgər söhbət sülhdən gedirsə, Aİ-nin əsas üzvlərindən biri və bəlkə də, birincisi olan Fransanın İrəvanı silahlandırması Brüssel üçün qeyri-adi görünmürmü?
...1865-ci ildə Belçika taxt-tacına kral II Leopold çıxdı. Dövlətin siyasi sistemi konstitusiyalı monarxiya olduğundan aydındır ki, kralın əlində əhəmiyyətli səlahiyyətləri yox idi. Ancaq Leopold da iddialı adam idi, ölkənin həyatında hansısa rolu oynamaq istəyirdi. O, uzun müddət parlamenti dilə tutdu ki, digər Avropa dövlətləri kimi, Ş.Mişelin vətəni Belçikanın da öz müstəmləkəsi olsun. 1876-cı ildə Belçikada beynəlxalq coğrafi konfrans təşkil olundu. Tədbirdə II Leopold təklif etdi ki, Konqoda xristianlığın yayılması, quldarlıqla mübarizə, kannibalizmin qarşısının alınması və qısaca olaraq, "sivilizasiyanın bərqərar olması" üçün səhmdar cəmiyyət yaradılsın. 1884-85-ci illərdə Berlində Afrikada təsir sferalarının müəyyən edilməsi üçün konfrans keçirildi və... Belçikanın Konqo üzərindəki əlahiddə hakimiyyəti qəbul olundu.
Bunadək isə Belçika öz ərazisindən 76 dəfə böyük olan Konqonun bütün təbii sərvətləri üzərində nəzarəti ələ keçirmişdi. Şüar quldarlıqla mübarizə olsa da, II Leopold Afrikanın ən böyük və zəngin ölkələrindən birini bütünlüklə qul rezervasiyasına çevirməyi bacarmışdı. Belçika tərəfindən Konqoda həyata keçirilmiş soyqırımı tarixin ən acı dəhşətlərindən biridir.
Yaxşı işbaz olan Leopoldun qanlı müstəmləkəçiliyi illəri saysız-hesabsız vəhşiliklərlə yadda qalıb. O vaxtlar silah-sursat baha olduğundan hərbçilər güllə kontrabandası ilə məşğul idilər və bunu kauçuk plantasiyalarında işləmək istəməyən qulların edamına "silirdilər". Bunun qarşısını almaq üçün göstəriş verilmişdi ki, hər edam edilən qulun kəsilmiş əli sübut üçün rəhbərliyə təqdim olunsun. Gülləni satan, ancaq öldürülən şəxsin də kəsilmiş əlini sübut kimi təqdim etməli olan hərbçilər qısa zamanda çıxış yolu tapdılar: sağ-salamat insanların diri-diri əllərini kəsməyə başladılar. Həmin dövr Konqoda insan əli valyuta qismində istifadə olunurdu...
Bu gün Ermənistanda keşik çəkən "müşahidə missiyası" II Leopoldun 1876-cı ildə yaratdığı səhmdar cəmiyyəti kimi bir şeydir. Fərq ondadır ki, bu dəfə əl kəsmək istəyənlərin əllərini biz özümüz kəsmişik - suverenliyimizə qarşı yönəlmiş əlləri.
Bunu oralarda nə qədər tez anlasalar, təşəbbüsləri də bir o qədər uğurla nəticələnər.