"Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına mükəmməl təşkilat, həmçinin səxavətli qonaqpərvərliyə görə təşəkkür edirəm".
Bunu Fici Baş nazirinin müavini və maliyyə naziri Biman Prasad Oxu.Az-a BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı fikirlərini bölüşərkən deyib.
O, tədbirin Bakıda təşkilini yüksək qiymətləndirib.
"Biz, inkişaf etməkdə olan kiçik ada dövlətlər bilirik və hiss edirik ki, bu, xüsusilə maliyyə hədəfi üzrə razılaşmanın əldə edilməsinə görə çox vacib COP-dur. Yeni kollektiv kəmiyyət maliyyə hədəfi çox vacibdir", - deyə Prasad vurğulayıb.
O, həmçinin iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üzrə iş proqramının və qlobal adaptasiya hədəfi üzrə razılaşmanın əldə edilməsinin vacibliyini qeyd edib.
"Biz Bakını razılaşma olmadan tərk edə bilmərik", - deyə Ficinin nazir müavini bildirib. O, konsensusun əldə edilməsində konfransın sədri kimi Azərbaycanın səylərini yüksək qiymətləndirib.
Prasad bildirib ki, kiçik ada dövləti olan Fici tez-tez təbii fəlakətlərin - siklon, daşqın və s. əsas ağırlığını daşıyır.
"Əgər siz beşinci kateqoriyalı dağıdıcı siklona məruz qalsanız, bu, potensial olaraq ÜDM-inizin əhəmiyyətli hissəsini ala bilər və insanlarımızın həyatına fəlakətli təsir göstərə bilər", - deyə o xəbərdarlıq edib.
Nazirin sözlərinə görə, Fici artıq 1.5 dərəcə qlobal istiləşmənin nəticələrindən əziyyət çəkir və zərərin bərpası və gələcək itkilərin qarşısının alınması üçün dünya birliyinin dəstəyinə ehtiyac duyur.
"Ölkə infrastrukturun dayanıqlığının artırılmasına sərmayə qoyur və əhalinin sosial müdafiəsi tədbirlərini həyata keçirir. Lakin inkişaf etmiş tərəfdaş ölkələrin köməyinə də ehtiyac var", - deyə o əlavə edib.
"Ölkələrimizə inkişaf etmiş tərəfdaşlarımızdan kömək lazımdır, həmçinin biz iqtisadiyyatımızın, borc vəziyyətimizin, maliyyə və gəlirlərimizin idarə edilməsi baxımından öz dayanıqlığımızı qururuq", - deyə Biman Prasad sözlərini yekunlaşdırıb.
Rufina Abdullayeva