SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində “Ürəkdən-ürəyə” adlı konsert keçirilib. Tədbir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə baş tutub.
Pianoçu və bəstəkar Ruslan Ağababayev, musiqiçilər Elvin Bəşirov və Ruslan Hüseynov qonaqlara böyük bir şou-proqram təqdim ediblər. Leyla Əliyevanın yaradıcılığından ilhamlanan bəstəkar onun şeirlərinə musiqi yazıb və tamaşaçılara təqdim edib.
Yeri gəlmişkən, R.Ağababayev Bakıda anadan olub. O, Bakı Musiqi Akademiyasının məzunudur. Gənc 1997-ci ildə təhsilini ABŞ-də davam etdirərək Ron Karter, Bryus Bars, Devid Loub və Devid Del Tredic kimi məşhur caz musiqiçilərindən dərs alıb.
Prezident təqaüdçüsü, skripka ifaçısı Ceyla Seyidova, estrada, caz ifaçısı və Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadə, həmçinin ölkəmizdə yaşayan kubalı qonaq Yansel Kastelyon tədbirin xüsusi qonaqları olublar.
Konsertdən əvvəl Uşaq Mərkəzində Azərbaycan Rəssamlıq Akademiyasının, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin tələbələrinin, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin üzvlərinin və uşaq evinin gənc rəssamlarının onlarla əsərinin sərgisi keçirilib.
Sərgidə sevimli Bakıya, İçərişəhərin dar küçələrinə, doğma Azərbaycanın mənzərələrinə, işğaldan azad edilmiş Qarabağa, xüsusən də gözəl Şuşaya və Xankəndiyə həsr olunmuş əsərləri görmək olardı.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da gənc istedadların yaradıcılığına baxıb, heç bir rəssamı diqqətsiz qoymayıb, hər bir qonaqla söhbət edib, onları yüksək qiymətləndirib və yaradıcılıqlarını davam etdirməyə sövq edib.
Sərginin qonaqları da müxtəlif üslub və janrlarda çəkilmiş rəsm əsərlərinə heyran qalıblar. Rəssamların hər biri yaşlarının az olmasına baxmayaraq, öz əsərlərinin mesajını və mənasını çatdıra biliblər.
“Bilirsiniz, burada təqdim olunan əsərlər, əsasən, Vətənimizin mənzərəli təbiətinə, tarixi yerlərinə həsr olunub”, - deyə sərginin təşkilatçılarından Vasif Nəcəfzadə Media.Az-a bildirib.
Onun sözlərinə görə, sərgidə linoqravüra texnikası ilə hazırlanmış əsərlər də yer alıb. Bu, ksiloqrafiyaya bənzər çap üsuludur. Şəkil linoleum və ya digər polimer bazasında kəsilir və bir vərəqdə çap olunur.
“Burada Aydan Nəbizadə, Fatimə Fərmanova, Əminə Cəmaləddinova və bir çox digər istedadlı və perspektivli gənc rəssamların əsərləri təqdim olunur”, - deyə o əlavə edib.
Gənc rəssam Əminə Cəmaləddinova Azərbaycan Rəssamlıq Akademiyasının birinci kurs tələbəsidir. O, altı ildir, rəsm çəkir, əvvəllər Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib:
“Əsərlərimdə mənzərələrə üstünlük verirəm. Sərgidə Vətənimizin gözəl guşəsi olan Quba rayonunun təsvirini təqdim etmişəm”.
Öz növbəsində, gənc istedad Qənirə Xəlilova 11 yaşından rəsm çəkir. Qızın peşəkar təhsili yoxdur və hər şeyi özü öyrənib.
“Yaradıcılıqda mən özümü tapıram, sanki reallıqdan qaçıram, dincəlirəm və həzz alıram. Sərgidə qarlı mənzərələri əks etdirən rəsmləri təqdim etdim”, - deyə gənc rəssam bildirib.
01:08
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dekabrın 28-də SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində pianoçu Ruslan Ağababayevin “Ürəkdən-ürəyə” adlı konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konsertdə iştirak edib.
ABŞ-da tanınmış pianoçu və bəstəkar olan Ruslan Ağababayev konsertdə müxtəlif kompozisiyalarını səsləndirib. Əməkdar artistlər Sevda Ələkbərzadə, Ceyla Seyidova, Eyyub Əliyev konsertin qonaq ifaçıları olublar.
Ruslan Ağababayev Bakıda anadan olub, Bakı Musiqi Akademiyasının məzunudur. 1997-ci ildə o, ABŞ-a gedərək təhsilini orada davam etdirib, caz və kompozisiya üzrə Ron Karter, Bryus Bars, Devid Loub və Devid Del Tredicdən dərs alıb.
Tədbir çərçivəsində gənc rəssamların sərgisi də təşkil olunub.
Sərgidə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının üzvləri, Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin tələbələri və uşaq evinin sakinlərinin əsərləri nümayiş olunub. Eyni zamanda, vətənpərvərlik mövzusu ilə yanaşı, müxtəlif janrlarda çəkilmiş 17 rəsm əsəri və əl işləri təqdim edilib.
Rəssamların əsərlərində Qarabağ, Azərbaycanın göz oxşayan abidələri boyalarla özünəməxsus formada izləyicilərə çatdırılıb.
Cəmilə Ələkbərova