İyulun 26-da start götürən və avqustun 11-dək davam edəcək Paris Olimpiadası açılış mərasimindən etibarən xoşagəlməz hadisələrlə müşayiət olunur. Hətta yarışların başlamasından üç gün keçməsinə rəğmən, demək olar ki, hər gün hansısa biabırçı hadisə baş verir. Bunun nəticəsidir ki, çoxsaylı şikayətlər dünyanın diqqətini yarışlardan daha çox, sözügedən istiqamətə yönəldib. Hətta iş o yerə çatıb ki, Fransa yepiskopları belə, idman tədbirinin açılış mərasimində İsa peyğəmbəri ələ salan səhnələrə görə hökuməti sərt tənqid ediblər.
Əlbəttə, bu dinini-imanını itirmiş rejimə vaxtında xəbərdarlıq edilsəydi, biabırçılıq bu həddə çatmazdı. Məsələn, 26 yaşlı fransalı idmançı Sunkamba Silla hicablı olduğu üçün Olimpiya Oyunlarının açılış mərasiminə buraxılmadığı zaman həmin bu yepiskoplar susurdular. Amma xristianlıq ələ salınanda "partladılar".
Olimpiadanın bir idman tədbiri olması Parisin vecinə deyil. Əlinə mikrofon keçən təlxək kimi, hər fürsət düşdükcə təxribat törətməyə, hansısa siyasi nöqteyi-nəzərini ortaya qoymağa çalışır. Məsələn, açılış mərasimində erməni idmançılar səhnəyə daxil olarkən onları tərif atəşinə tutan "France 2" telekanalının aparıcıları hədlərini aşaraq Qarabağı Ermənistan ərazisi kimi təqdim ediblər.
Turniri stadiondan şərh edən digər diktorlar isə Cənubi Koreyadan olan idmançıları Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) nümayəndələri kimi qələmə veriblər. Afrikalı miqrantlar isə ümumiyyətlə silahlı polislərin müşayiəti ilə zorla şəhərkənarı ərazilərə köçürülüb və müvəqqəti sığınacaqlara yerləşdiriliblər. İş o yerə çatıb ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) açılış mərasiminin əsas fraqmentlərinin yer aldığı videonu rəsmi resurslarından silmək məcburiyyətində qalıb. Bu baxımdan, əminliklə demək olar ki, bu günə qədər keçirilən beynəlxalq yarışlar arasında Paris-2024 Yay Olimpiya Oyunları qədər çirkin, insanları alçaldan, irqi, dini, milli ayrı-seçkilərlə və əxlaqa zidd davranışlarla yadda qalan turnir olmayıb. Bir sözlə, bu tədbir Fransanın siyasi səhnədə olduğu kimi, digər sahələrdə də deqradasiyaya uğradığını göstərir.
Keçmiş deputat, siyasi elmlər doktoru Cümşüd Nuriyev sözügedən məqamlarla bağlı Oxu.Az-ın suallarını cavablandırıb:
- Açılış mərasimində xoşagəlməz halların olacağı əvvəlcədən proqnozlaşdırılırdı. Çünki bir ölkənin ki başçısı səbatsız Emmanuel Makron ola, bir ölkənin ki baş naziri ilə xarici işlər naziri kişi olduqları halda ər-arvad ola, belə dövlətdən biabırçılıqdan başqa nə gözləmək olar? Ona görə də nümayiş olunan istər qeyri-əxlaqi hərəkətlər, istər təxribatçı addımlar, istərsə də ayrı-seçkiliklər Makronun öz xislətinin məhsuludur.
Makron dəfələrlə ermənilərə olan sevgisini nümayiş etdirib, qaradərililərə isə onun nədənsə xüsusi bir nifrəti var. Səbəbini, yəqin ki, özü bilər. Ona görə də milli, irqi ayrı-seçkilik Fransanın bilavasitə dövlət siyasətinə çevrilib. Təəssüf ki, Makron hakimiyyətə gələndən sonra bu siyasət daha geniş vüsət alıb. Ümumi götürəndə isə Makronun əsas məqsədi, onsuz da, Fransanı çökdürmək və Avropada biabır etmək idi. Buna da nail oldu. Əbəs deyil ki, açılış mərasimində baş verən hadisələr məşhur türk şair Mehmet Akif Ersoyun bir fikrini yenidən gündəmə gətirdi: "Qərb soyunmağı intibah hesab edirsə, onda dünyanın ən mədəni canlısı heyvandır". Hazırda Fransa da belə bir geriləmə içindədir.
- Maraqlıdır, demək olar ki, heç bir olimpiadada, ümumiyyətlə, beynəlxalq tədbirdə bu cür qeyri-adekvat, tənqidlərə məruz qalan nüans olmayıb. Sizcə, bu, məqsədyönlü addımdır, yoxsa onun təqdirəlayiq yenilik kimi qiymətləndiriləcəyini düşünüblər?
- Əxlaqsızlığı təbliğ etmək Fransanın özünü daha modern göstərmək istəyindən, əslində isə problemindən irəli gəlir. Makron özü də əxlaqsız olduğuna görə hamını əxlaqsız görmək istəyir. Hətta Fransa xristian ölkəsi olmasına rəğmən, onlar öz dinlərini də təhqir etdilər: açılış mərasimində İsa peyğəmbərin 12 həvarisi ilə məşhur "Sonuncu şam yeməyi" səhnəsini LGBT üzvləri səhnələşdirib ələ saldılar. Təəssüf ki, Fransanın dünyaya bəxş etdiyi dahilər bir kənarda qalıblar, LGBT "dahiləri" isə gündəmdən düşmürlər. Bu, Fransanın sonunun başlanğıcı oldu. Bir sözlə, Makron rəhbərlik etdiyi ölkəni öz əli ilə çökdürür.
- Turnirdə həm də siyasi səhvlər, potensial qarşıdurmaya zəmin yaradacaq hallar da az olmadı və davam etməyəcəyinə kimsə zəmanət vermir. Hətta təxribata məruz qalan Azərbaycanla Cənubi Koreya müvafiq olaraq BOK-a və Fransaya rəsmi qaydada şikayət ünvanlayacaqlarını bildirirlər. Sanki rəsmi Paris beynəlxalq mədəni-idman yarışlarından destruktiv siyasətini həyata keçirmək üçün istifadə edir...
- Bunların hamısı birmənalı şəkildə əvvəlcədən düşünülmüşdü və arxasında erməni lobbisi və mafiyası dayanır. Makron bu prosesə əvvəlcədən öz razılığını verib. Hətta onlar Azərbaycanı və idmançılarını alçaltmağa çalışdılar, amma bacarmadılar. Məhz buna görə BOK açılış mərasimindəki biabırçı videoları rəsmi sosial media hesablarından silməklə sözügedən nöqsanları ört-basdır etmək istədi, amma məlum məsələdir ki, alınmadı. Çünki hər birinin surəti çıxarılıb və ictimailəşib. Ona görə də inanmıram ki, BOK bundan sonra Fransada hansısa tədbirin keçirilməsinə razılıq versin.
- Açılış mərasimində Əlcəzairin nümayəndə heyəti 1961-ci il oktyabrın 17-də Parisdə müstəqillik tələbi ilə keçirilən aksiya zamanı həlak olanların xatirəsinə Sena çayına qızılgüllər atdı. Bir növ, Fransanın soyqırımı siyasətini bütün dünyaya nümayiş etdirmək istədilər. Bu addımı necə qiymətləndirmək olar?
- Fransa təkcə Əlcəzairə qarşı yox, bütün Şimali Afrikaya zülm edib. Onun soyqırımı siyasəti nəticəsində bir milyon yarımdan çox adam amansızlıqla qətlə yetirilib. Əbəs deyil ki, fransız dili dünyada dövlət dili səviyyəsində populyarlığına görə ikincidir. Yəni dünyanın 26 dövlətində rəsmi dövlət dili kimi işlənir. Bu ölkələrin də əksəriyyəti Afrika qitəsində yerləşir. Fransa özünü nə qədər inkişaf etmiş ölkə kimi göstərməyə çalışsa da, dünyada ən çox terrorla məşğul olan, soyqırımı siyasəti həyata keçirən dövlətdir. Ona görə də Əlcəzair idmançılarının bu davranışı, əslində, Fransanın iç üzünü açmaq məqsədi daşıyırdı.
- Bütün bu faktlara əsaslanaraq, artıq Makron rejiminin Fransanı bir dövlət kimi acınacaqlı duruma saldığını deyə bilərikmi?
- Fransanın yürütdüyü siyasətin nəticəsi belə də olmalı idi. Onsuz da, əvvəldən deyilirdi ki, Makronun siyasəti Fransanı məhvə aparır. Ölkə daxilindəki müəyyən qüvvələr də bundan yararlandılar. Hakimiyyətə gələcək solçular da onlarla birləşəndən sonra Fransanın aqibəti daha da pis olacaq. Çünki millətçilik dünyada heç bir dövlətə xoşbəxtlik gətirməyib.
Aqil Vəlili