İran parlamentinin 12-ci çağırış deputatı, parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının keçmiş üzvü Əhməd Ərdəstani Tehranın nüvə silahı əldə etdiyini təxmin edib. Siyasətçi bu qənaətə İran hakimiyyətinin İsrailə və ABŞ-nin İraqdakı bazasına hücumu zamanı əminliyinə əsaslanıb. Maraqlıdır, mövcud İran-İsrail gərginliyi fonunda verilən bu açıqlama nəyə işarədir? İran, həqiqətən də, nüvə silahına malikdirmi və əgər bu iddia təsdiqini tapsa, Tehran nüvə silahına malik olduğunu etiraf edə bilərmi?
Mövzunu Oxu.Az üçün dəyərləndirən beynəlxalq münasibətlər üzrə şərhçi Turab Rzayev bildirib ki, İranın nüvə silahına malik olması və bunu elan etməsi çoxdan gözləniləndir:
"Çünki İran faktiki olaraq regionda balans yaratmalıdır. Bu balansı yaratmaq üçün də İrana ənənəvi silahları bəs etmir. İran daha çox uzaqmənzilli raketlərlə İsraillə balans yaratmağa çalışırdı. Ancaq bu il aprelin 1-də İranın Suriyanın Dəməşq şəhərindəki konsulluğunun binasına İsrailin hava hücumu nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin yüksəkrütbəli komandiri general Məhəmməd Rza Zahidi və daha yeddi nəfər də daxil olmaqla 16 nəfərin həlak olması aprelin 13-də İranın İsrailə raket və dron zərbələri ilə hücum etməsi ilə nəticələndi. Lakin bu hücum istənilən effekti vermədi. Bu raketlərin və dronların böyük hissəsi həm başqa ölkələrin ərazisində vuruldu, həm də İsrailə çatan çox az hissəsi "Dəmir qübbə" sistemi tərəfindən zərərsizləşdirildi. Bu da İsrailin daha da cəsarətlənməsinə səbəb oldu.
Bütün bunların fonunda HƏMAS liderinin də məhz İranda öldürülməsi, üstəlik, İraqda, Livanda, Yəməndə yenə də İrana yaxın qruplaşma liderlərinin öldürülməsi faktiki olaraq İranın prestijini yerlə bir etdi. Ona görə də İran daha ciddi cavab tədbirlərini istisna etmir və bunun üçün də nüvə silahına malik olduğunu elan etməlidir".
"İndiki halda İranın nüvə proqramı və uranın zənginləşdirilməsi lazımi istiqamətlərə cavab verə bilmirsə, yaxud İranın ballistik, uzaqmənzilli raketləri nüvə başlığını daşımaq üçün hazır deyilsə, Rusiyadan da müvəqqəti yardım alına bilər. Bu, hətta İran ərazisində yerləşən Rusiya raketləri də ola bilər. Çünki indiki məqamda İranın bu dərəcədə alçaldılması heç Rusiyaya da sərf etmir. Qərb blokuna qarşı mövcud olan Rusiya-Çin-İran blokunun da nüfuzu zədələnib.
Digər tərəfdən, Moskvaya da sərf edir ki, Yaxın Şərq böhranı daha da dərinləşsin və diqqətlər Ukraynadakı müharibədən uzaqlaşsın. Ona görə də mümkündür ki, İran həm İsraili, həm də dünyanı təşvişə salmaq, eləcə də özü ilə hesablaşmağa məcbur etmək üçün nüvə silahı olduğunu bəyan etsin və bundan sonra İsrailə ciddi cavab versin", - deyə ekspert bildirib.
Onun sözlərinə görə, İranın yeni prezidenti Qərblə münasibətləri normallaşdırmağa çalışırdı və İrandakı dəyişiklik də buna hesablanmışdı:
"Məsud Pezeşkian kimi demokrat-islahatçı birinin hakimiyyətə gətirilməsi də bununla bağlı idi. Maliyyə problemlərindən əziyyət çəkən İran yenidən nüvə sazişinə qayıtmaq istəyir. Bu məsələyə diqqət yetirsək, görərik ki, baş verənlər İranı daha ağır cavaba təhrik edir ki, Tehran rejimi ilə ABŞ və Britaniya arasındakı eskalasiya daha da körüklənsin. Ona görə də İranın cavabı daha da mülayim ola bilər - hansı ki, həm İranın prestijini xilas etsin, həm də Qərblə yaxınlaşma planlarına mane olmasın".
Mərahim Nəsib