Milli Məclisdə 125 deputat yerindən doqquzu hazırda boşdur.
Deputat Qənirə Paşayevanın vəfatından sonra parlamentdə boş qalan deputat yerlərinin sayının artması həmin dairələrə seçkilərin keçirilib-keçirilməyəcəyi haqqında müzakirələri artırdı.
Əvvəlcə, onu qeyd edək ki, bu il iyulun 14-də deputat Madər Musayev də vəfat edib.
Ötən il Mərkəzi Seçki Komissiyanın (MSK) 17.03.2022-ci il tarixində keçirilən iclasında Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilməsi ilə bağlı (konstitusiyanın 89-cu maddəsinə əsasən, Milli Məclisin deputatı başqa ödənişli fəaliyyətlə məşğul olduğuna görə) deputat mandatına xitam verilib.
Bundan başqa, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, deputat Eldəniz Səlimov 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Konstitusiyanın 89-cu maddəsinə əsasən, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda Milli Məclisin deputatı mandatından məhrum edilir. Sumqayıt Apelyasiya Məhkəməsində hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə elan olunan qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb. Beləliklə, E.Səlimovun deputat mandatına xitam verilib.
2020-ci il avqustun 4-də Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov da dünyasını dəyişib. Beləliklə, yuxarıda qeyd edilən səbəblərdən dolayı 105 saylı Tovuz, 10 saylı Binəqədi üçüncü, 50 saylı Abşeron-Qobustan, 55 saylı Xaçmaz şəhər, 116 saylı Qəbələ seçki dairələrinin Milli Məclisdə təmsilçisi yoxdur.
Bundan əlavə, xatırladaq ki, 2020-ci ilin fevralında keçirilən Milli Məclisə növbədənkənar seçkilər zamanı MSK baş vermiş qanun pozuntularına görə 4 dairənin nəticələrini ləğv edib. Nəticəsi ləğv edilmiş dairələr 33 saylı Xətai birinci seçki dairəsi (lider namizəd Hüseynbala Mirələmov), 35 saylı Xətai üçüncü seçki dairəsi (lider namizəd Rauf Arifoğlu), 74 saylı Lənkəran kənd seçki dairəsi (lider namizəd Hadı Rəcəbli) və 80 saylı İmişli-Beyləqan seçki dairəsi (lider namizəd Çingiz Qənizadə) olub.
Boş qalan deputat yerlərinə seçkilərin keçirilməsi ilə bərabər, sual altında qalan məqamlardan biri də həmin seçicilərin problemləri haqqında kimə müraciət edə biləcəyidir.
Milli Məclisdə təmsilçisi olmayan seçicilərin problemlərini qanunverici orqan qarşısında kim qaldırmalıdır? Onlarla görüşlərə kim getməlidir? Vətəndaşlar müraciətlərini necə çatdırmalıdırlar?
Bununla əlaqədar Oxu.Az-a danışan Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Tahir Rzayev qeyd edib ki, seçicilər tək öz təmsilçilərinə deyil, bütün deputatlara müraciət edə bilərlər:
“Düzdür, müraciətləri yerində qəbul etmək üçün seçicilərlə bilavasitə görüşlər təşkil etmək, həmin ərazilərə səfər etmək lazımdır. Bunu həyata keçirmək olmur. Çünki hər bir deputatın özünün təmsil etdiyi dairə var, bu dairələr üzrə də seçicilər öz fikirlərini, problemlərini, müxtəlif təkliflərini deputata çatdırırlar. Deputat imkanları daxilində bunları yerinə yetirməyə bilavasitə səlahiyyətli və borcludur.
Buna baxmayaraq, indi elə bir imkan, şərait yaradılıb ki, deputat təkcə təmsil olunduğu rayonun sakinlərini deyil, digər ərazilərdəki seçiciləri də dinləyə bilər. Bütün ölkə vətəndaşları deputata müxtəlif sorğularla müraciət edə bilirlər. Ona görə də, Milli Məclisdə doqquz nəfər deputatın olmaması ciddi problem yaratmır”.
Deputat onu da vurğulayıb ki, Milli Məclis 83 deputatın səlahiyyətləri təsdiq olunduqda səlahiyyətlidir:
“Qanun layihələrinin səsverməsi zamanı yetərsay təmin olunur.
Deputatlar müntəzəm olaraq yerlərdə görüşlər keçirirlər, müxtəlif tədbirlərdə iştirak edirlər və istənilən vətəndaş dairəsindən asılı olmayaraq, Azərbaycan Respublikasının deputatına müraciət ünvanlaya bilər, sözünü çatdıra bilər. İnanın, mən özüm belə təmsil etdiyim dairə ilə bərabər ətraf rayonlardan məktublar, müraciətlər, zənglər alıram. Hətta Milli Məclisdə qəbuluma gələnlər də olur. Sözsüz, hər ay bir neçə dəfə Ağcabədidə seçicilərlə görüşürəm, elə orada da ətraf rayonlardan problemlərini çatdırmağa gələnləri qəbul edirəm. Səlahiyyətlərim daxilində bütün müraciətçiləri istiqamətləndirir, onların tələblərini təmin edərək, qanunları izah edərək, razı salmağa çalışıram”.
Boş qalan dairələrdə təkrar seçkilərin keçirilməsinə gəlincə, Tahir Rzayev seçki təyin edilməsi səlahiyyətinin ölkə başçısına aid olduğunu xatırladıb:
“Seçkilərin keçirilməsi qanunvericiliklə tənzimlənir və seçkinin təyin edilməsi ölkə başçısının səlahiyyətlərinə aiddir. Əgər qeyd edilən doqquz dairədəki seçicilərin müraciətləri olarsa, deputatların olmaması ciddi problemə gətirib çıxararsa, təkrar seçkilərin keçirilməsi təklifi qaldırıla bilər. Ancaq VI çağırış Milli Məclisin fəaliyyətə başlamasından artıq üç ildən çox vaxt keçib və indiyə qədər belə bir məsələ qeydə alınmayıb. Qanunvericiliyə uyğun olaraq, parlament seçkilərinə altı ay qalana kimi boş qalan yerlərə təkrar seçkilər keçirilə bilər. Sözsüz ki, bu, müvafiq orqanların rəyindən asılıdır”.
Aysel Aslan