"Natiq Qasımova "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi ilə bağlı sərəncama görə Ali Baş Komandana təşəkkür edirəm".
Bunu "Report"a Milli Qəhrəman Natiq Qasımovun qardaşı Nofəl Qasımov deyib.
N.Qasımov bildirib ki, bu gün onun ad günüdür və bu xəbər həyatında aldığı ən böyük hədiyyədir:
"33 ildə Natiq Qasımovun sağ-salamat gəlməsini istəmişik. Bu illər ərzində dövlətimiz tərəfindən çox axtarışlar olub. Təəssüf ki, taleyi barədə hələ də məlumatımız yoxdur. Sağ olsun Ali Baş Komandanımız, cənab İlham Əliyev, istəyimizi, arzumuzu həyata keçirdi. Cənab Prezidentə təşəkkür edirəm. Şükür bu günə, Natiq Qasımovun düşmən qarşısında göstərdiyi şücaətinə görə Milli Qəhrəman adı verildi".
"Xalqıma da təşəkkür edirəm ki, bu gün hər kəs yanımızdadır. Hamı zəng edib təbrik edir. Düzdür, biz onun daha sağ olduğunu fikirləşmirdik. Çünki ermənilərə elə dağ çəkib ki, onu salamat buraxdıqlarını düşünmürdüm", - deyə o əlavə edib.