Oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkisi yaxınlaşdıqca ölkəni iki fərqli mövqeyə ayıran və hətta prosesləri qarşıdurma mərhələsinə gətirəcək dərəcədə ciddiləşən Qərb-Rusiya istiqaməti özünün ən yüksək mərhələsinə qədəm qoyub. Xüsusən də prezidentlə hökumət arasında ziddiyyətlər bu gərginliyi maksimal həddə çatdırıb. Belə ki, Prezident Salome Zurabişvili Avropa İttifaqına inteqrasiya tərəfdarı olsa da, Baş nazir İrakli Kobaxidze Rusiya ilə əlaqələrin inkişafında maraqlıdır. Bu kontekstdə paytaxt Tbilisidə artıq "Gürcüstan Avropa İttifaqını seçir!" aksiyasına start da verilib. Hətta bu kimi seçkilərdə dəfələrlə müşahidə edilib ki, Qərbin nümayəndələri proseslərdə birbaşa iştirak edir, bir növ gedişatı idarə edirlər. Bu isə həm də başqa bir ölkənin daxili işinə müdaxilədir. Bir sözlə, gürcü xalqı və dövləti Rusiya ilə Qərb arasında seçimə məcbur edilir və əslində, bu, ilk növbədə gürcülərin iradəsinə təsir etməkdən başqa bir şey deyil. Bəs, belə olan halda mövcud gedişat nə vəd edir?
Mövzunu Oxu.Az-a dəyərləndirən Milli Məclisin deputatı Elşad Musayevin sözlərinə görə, Gürcüstanda bu prosesə uzun müddət idi ki, hazırlıq gedirdi:
"Gürcüstanı öz nəzarətində saxlamaq uğrunda Qərb və Rusiya arasında ciddi mübarizə gedir. Mixail Saakaşvilinin dövründə Gürcüstan Qərbə inteqrasiya xətti götürmüşdü və müəyyən qədər də şirnikləşdirici vədlər verilirdi. Ondan sonrakı müddətdə "Gürcü arzusu" hakimiyyətə gəldi və balansı saxlamağa cəhd göstərdi. Yəni, həm Qərbə inteqrasiya xətti, həm də Rusiyaya qarşı yumşaq mövqe nümayiş olundu. Lakin hazırda bütün tərəflər kartları açıq oynamağa başlayıblar".
"Qərb ona yaxın qeyri-hökumət təşkilatları vasitəsilə Gürcüstanda öz təsirini daha da genişləndirmək niyyəti güddüyü üçün hökumət "Xarici təsirin şəffaflığı" və "Xarici agentlərin qeydiyyata alınması" barədə qanun layihələrini qəbul etmək məcburiyyətində qaldı. Bu isə Qərbi narahat etdiyi üçün artıq rəsmi Tbilisidən açıq mövqe tələb olunur. Yəni Gürcüstan ya Rusiya, ya da Qərb tərəfdə olmalıdır. Ona görə Gürcüstanda hakimiyyəti dəyişmək üçün düyməyə basılıb", - deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, Gürcüstanda kimin qalib gəlməsi uğrunda ölüm-qalım mübarizəsi gedir:
"Bir dövlət istədiyi qanun layihəsini də özü qəbul edir, istədiyi siyasi xətti də özü müəyyənləşdirir. Amma açıq-aşkar görünür ki, demokratiyadan danışan qüvvələr Gürcüstanın daxili işlərinə müdaxilə edirlər".
Siyasi şərhçi Sahil Kərimli Oxu.Az-a açıqlamasında bildirib ki, son günlər Gürcüstanda baş verən proseslər bir daha göstərir ki, Qərb dairələri, Amerika Birləşmiş Ştatları və Avropanın bəzi ölkələri Gürcüstandan heç də asanlıqla əl çəkmək istəmirlər:
"Çünki əvvəlki dövrlərdə biz Qərbin Gürcüstan üzərindəki nüfuzunu necə möhkəmləndirməsi, qeyri-hökumət təşkilatları vasitəsilə Gürcüstan ictimaiyyətində baş verən proseslərə müdaxilə etmələri, həmin təşkilatları maliyyələşdirərək Gürcüstanda gedən siyasi proseslərə ciddi müdaxilə etmək cəhdlərinin şahidi olmuşuq".
"Gürcüstanda keçiriləcək parlament seçkisi ərəfəsində biz yenə də Qərbin bu istiqamətdəki məkrli və çoxşaxəli planlarının həyata keçirilməsinin şahidi oluruq. Bu günlərdə Gürcüstanda keçirilən Qərbmeyilli kütləvi etiraz aksiyaları da bu cəhdlərin növbəti işartıları kimi qiymətləndirmək lazımdır", - deyə şərhçi vurğulayıb.
Müsahibimiz hesab edir ki, Gürcüstan cəmiyyəti və siyasi rəhbərliyi yaxşı anlayır ki, ölkə gələcək illərdə öz müstəqil və milli dövlətçilik maraqlarına əsaslanan siyasət yürütməlidir:
"Gürcüstan dövləti qarşıdakı illərdə öz siyasi xəttini müəyyən etməlidir. Bu baxımdan, Qərb Gürcüstanda hər hansı bir uğura nail ola bilməyəcək. Çünki Gürcüstan artıq Qərbdən qopmaq, onun təsir dairəsindən uzaqlaşmaq üçün müəyyən lazımi addımları atıb".
Mərahim Nəsib