Oktyabrın 8-də Varşavada ATƏT-in İnsan Ölçüsü Konfransı çərçivəsində Qərbi Azərbaycan İcması tərəfindən qayıdış hüququ mövzusunda yan tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması məlumat yayıb.
Bildirilib ki, tədbirin əsas məqsədi Ermənistandan qovulmuş azərbaycanlıların öz tarixi torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmaq hüququnun təmin edilməsinə beynəlxalq səviyyədə diqqəti artırmaq olub. Tədbir zamanı qayıdışın hüquqi, humanitar və praktiki aspektləri geniş şəkildə müzakirə edilib.
Tədbirdə moderatorluğu şərhçi və jurnalist doktor Harvey Dzodin edib. Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən çıxış edərək, Ermənistanın törətdiyi etnik təmizləmə, icmanın qayıdış hüququ sahəsində gördüyü işlərdən danışıb və bu mövzunu qlobal gündəmdə saxlamaq üçün həyata keçirilən səyləri vurğulayıb. Bosniya və Herseqovinadan olan məcburi köçkün Erna Yaşareviç köçkünlüklə bağlı şəxsi hekayəsini bölüşərək, ədalətin təmin edilməsinin barışıq üçün zəruri şərt olduğunu qeyd edib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparat rəhbəri Aydın Səfixanlı Ermənistanın Qərbi azərbaycanlıları etnik təmizləməyə məruz qoyması və onların qayıdışına imkan verməməsi səbəbindən meydana çıxan insan hüquqları pozuntuları barədə çıxış etmişdir.
Bu tədbir beynəlxalq ictimaiyyətin diqqətinin Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların problemlərinə və onların qayıdış hüququnun təmin edilməsi məsələsinə yönəltmək üçün faydalı olub. Tədbir, eyni zamanda, Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına, ədalət və barışığa nail olmaq üçün beynəlxalq dialoqa töhfə verib.