Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Qərbi Azərbaycan e.ə I minilliyin ortalarında Türk İskit dövlətinin tərkibində olub" adlı veriliş efirə gedib.
Verilişdə tarixçi alim Ramin Əlizadə iskidlərin Qərbi Azərbaycan ərazisində yaratdıqları dövlətdən söz açır.
Bildirilib ki, Qərbi Azərbaycan e.ə I minilliyin ortalarında İskit-Sak (İşquz, İç Oğuz) dövlətinin tərkibində olub. İskitləri parfiyalılar Sak, sonradan rus tarixçiləri Skif adlandırıblar. İskitlər Şərqi Anadoludan Kür və Araz çaylarının qovuşduğu yerə - Sak düzünə/Balasakana qədər yayılmışlar.
Onun sözlərinə görə, Azərbaycanı ilk dəfə İskit sərkərdəsi Ərən/Sak oğlu vahid dövlət kimi birləşdirib: "Sakların adını I Ərəndən götürüb Orontidlər adlandırdılar, ermənilər saxtalaşdırıb Yervantidlər yazırlar. İskitlərlə hurrilər, madalılar, albanlar, utilər, kaspilər, kadusilərlə qaynayıb-qarışıblar".
Qeyd olunub ki, bütün Azərbaycan torpaqlarında yaranmış dövlətləri İşquz/İskit boylarına məxsus alplar və ərənlər idarə edib. Qərbi Azərbaycan ərazisi qədim mənbələrdə Sakan/Sak ölkəsi kimi verilib, ermənilər saxtalşadırıb Sünik və Sisakan yazıblar.
Sonda vurğulanıb ki, urartuluların Qərbi Azərbaycan ərazisində işğallarına İskitlər son qoyub.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
Qərbi Azərbaycan Xronikası: Ermənilərin Sünik və Sisakan yalanının üstü açıldı - Tarixi saxtakarlıq