Ermənistan və Azərbaycan arasında ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı danışıqlar davam edir.
Ermənistan KİV-in verdiyi məlumata görə, bu barədə ölkə parlamentinin spikeri Alen Simonyan Lüksemburq Deputatlar Palatasının sədri Klod Vayslerlə keçirdiyi mətbuat konfransında bildirib.
"Bu, indiki mərhələdə müzakirə olunan mövzulardan biridir", - deyə Simonyan bildirib.
Regionda kommunikasiyaların açılması ilə bağlı məsələyə gəlincə isə, spiker bildirib ki, Ermənistan əvvəllər bəyan etdiyi prinsiplərə sadiqdir və Azərbaycanla danışıqlar aparır.
"İrəvan bu danışıqları təkcə sülh müqaviləsi çərçivəsində deyil, bütün səviyyələrdə davam etdirməyə hazırdır. Biz 10 noyabr 2020-ci il tarixli bəyanatda öz əksini tapmış bütün kommunikasiyaların açılması ideyasına əhəmiyyət veririk. Ermənistan bu istiqamətdə fəaliyyətini davam etdirir", - deyə o vurğulayıb.
Spiker bu işin uğurla başa çatacağına ümidini ifadə edib.