Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) səkkizinci günündə Yaşıl Zonada "QS dünya universitetlərinin reytinq nəticələrinin elanı: Dayanıqlılıq 2025" adlı tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, tədbiri Azərbaycanın Elm və təhsil naziri Emin Əmrullayev açıb.
"Təhsilsiz planetin gələcəyini təsəvvür etmək mümkün deyil. Bu baxımdan müəllimlər inkişaf prosesində yaxından iştirak edə bilər. Nazirlik olaraq xarici ölkələrin təcrübəsini bizim ölkə ilə, bizim ölkənin təcrübələrini xarici ölkələrlə bölüşürük", - deyə nazir bildirib.
"Bu gün COP29-da QS Dünya Universitetləri Reytinqi nəticələrini elan etmək bizim üçün böyük fəxrdir. Bu reytinqin əsasında sonrakı müzakirələr daha keyfiyyətli olacaq. Onun əsasında biz universitetləri daha dayanıqlı edə bilərik. Mən bütün tərəfdaşlarımıza minnətdarlıq edirəm", - deyə Emin Əmrullayev qeyd edib.
Daha sonra QS (Quacquarelli Symonds) prezidenti Ben Softer çıxış edərək QS dünya universitetlərinin reytinq nəticələrini elan edib: "941-950 - Bakı Dövlət Universiteti; 1081-1100 - Azərbaycan Dövlət İqtisad Universiteti; 1451-1500 - Bakı Mühəndislik Universiteti; 1501+ - Azərbaycan İnşaat və Memarlıq Universiteti; 1501+ - Azərbaycan Texniki Universiteti; 1501+ - Xəzər Universiteti".
Sonda reytinq cədvəlində yer almış universitetlərin rəhbərlərinə rəsmi sertifikatlar təqdim edilib.
Xanım Aydın