Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Sazişlə bağlı məqamlar: "Azərbaycan sülh müqaviləsini Paşinyanla imzalamayacaq"
"Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin yaradılması, yəni sülh müqaviləsinin imzalanması üçün ən yaxşı fürsət yaranıb".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin Kazandakı görüşü və görüşdə müzakirə olunan məsələlər də onu deməyə əsas verir ki, xüsusən də Ermənistan siyasi iradə ortaya qoya bilsə, sülh müqaviləsinin imzalanması baş tuta bilər:
"Çünki münasibətlərin normallaşması üçün bir çox müsbət məqamlar var. Lakin bir neçə məsələ də var ki, hələlik bu kontekstdə fikir ayrılıqları mövcuddur. Bu ziddiyyət konkret olaraq Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olması ilə bağlıdır. Çünki bir dövlət digər dövlətlə açıq münasibət formalaşdırırsa, onun heç vaxt həmin dövlətə ərazi, torpaq iddiaları ola bilməz. Digər məsələ isə Minsk qrupunun Ermənistan tərəfindən də ləğv edilməsi ilə bağlıdır ki, bu da vacib məsələdir. Çünki de-fakto belə bir qurum yoxdur. Amma Ermənistanda revanşistlər və hakimiyyət isteblişmentindəki bəzi şəxslərin zaman-zaman Minsk qrupunun adını çəkməsi, onun hələ də mövcud olması haqqında danışmaları, münasibətlərdə fikir ayrıqları yaradan səbəblərdən biri kimi qeyd edilə bilər".
"COP29-a qədər bu məsələnin həll olunması isə çərçivə sazişi formasında baş tuta bilər. Amma Ermənistan bunun üçün referendum keçirməli və Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən maddələr konstitusiyadan çıxarılmalıdır. Hətta Ermənistanın gerbində Ağrı dağı da əks olunur ki, bu da Türkiyəyə qarşı ərazi iddiasıdır. Həmçinin, qondarma soyqırımı məsələsi də Ermənistan tərəfindən səsləndirilən mövzulardandır. Ermənistan hüquqi sənəd ortaya qoyaraq bunların hər birindən imtina etməlidir", - deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan sülh müqaviləsini Paşinyanla deyil, Ermənistan dövləti ilə imzalayacaq:
"Bu isə o deməkdir ki, Paşinyan hakimiyyətdən gedəndə, digər hakimiyyət dövründə bu məsələlər yenidən gündəmə gəlməsin. Ona görə də bu sənəd həm milli qanunvericiliyə, həm də beynəlxalq hüquqa əsaslanmalıdır. Bu mənada son zamanlar üçüncü tərəflər olmadan keçirilən ikitərəfli görüşlər davamlı olmalıdır. Son Kazan görüşündə də həmin nümunə ortaya qoyuldu və iki ölkənin rəhbərləri xarici işlər nazirlərinə məsələlərin irəliləməsi üçün tapşırıqlar verdilər. Delimitasiya və demarkasiya məsələləri ilə bağlı baş nazir müavinlərinin rəhbərlik etdiyi komissiyanın da işinin irəliləməsi üçün tapşırıqlar verildi. Yəni ümumi yekun olaraq Ermənistan həqiqi real sülh istəməlidir və bunun üçün yalnız sözdə yox, real addımlar atmalıdır".
"Ermənistan sülh müqaviləsini imzalamaq niyyətində olması ilə bağlı görüntü yaratsa da, real addımlar atmır. Çünki Ermənistan paralel olaraq həm silahlanır, həm də ərazisində Avropanın, hətta Kanadanın nümayəndələrindən ibarət missiya mövcudluğunu qoruyub-saxlayır və inkişaf etdirir. Bu da prosesə mane olan amillərdəndir. Buna rəğmən, Azərbaycan sülh sazişi üçün bütün vacib addımları atıb və atmaqdadır. Biz həqiqi sülhə xidmət edən, dövlətlərarası açıq münasibətləri formalaşdıran real addımların atılmasını Ermənistan tərəfdən də gözləyirik", - müsahibimiz əlavə edib.
Deputat onu da diqqətə çatdırıb ki, COP29-a isə ya Ermənistanın baş naziri Nikol Paşinyanın, ya da xarici işlər naziri Ararat Mirzoyanın gəlməsi müsbət addım olardı:
"Lakin bunun üçün Ermənistan siyasi isteblişmentində siyasi iradə lazımdır. Ermənistan nümayəndə heyətinin bu tədbirdə iştirakı ümumi münasibətlərə pozitiv təsir göstərə bilər".
Mərahim Nəsib
"Azərbaycanla Ermənistan arasında sülh sazişi" teqi üzrə xəbərlər
- Paşinyan: "İlin sonuna qədər Azərbaycanla müqavilə imzalamaq üçün hər şeyi edəcəyəm"
- Türkiyə XİN-dən Azərbaycan və Ermənistana sülh çağırışı
- Ermənistan regional kommunikasiyaların açılması ilə bağlı Azərbaycana təklif göndərib
- Ermənistan XİN: "Bakı və İrəvan sülh müqaviləsi üzrə razılığa gəlməyə yaxındırlar"
- Paşinyan: "İrəvan və Bakı kommunikasiyalar üzrə razılaşmaya yaxındır"