Erməni lobbisinin əlində alətə çevrilən alman deputat Frank Şvabe yenə Azərbaycana qarşı qarayaxma kampaniyasına start verib. Belə ki, Bundestaq üzvü müsahibələrindən birində bildirib ki, Azərbaycan Avropa Şurasına üzv olmaqda maraqlı deyil, çünki bu təşkilatın "dəyərlərinə hörmət etmir". Bundan sonra o, rəsmi Bakının qarşıdan gələn Milli Məclisə seçkiyə AŞPA müşahidəçilərini dəvət etməməsindən narazılığını bildirib.
Rəsmi Bakı dərhal bu cəfəngiyyata reaksiya verib. Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Almaniya Parlamentinin üzvü Frank Şvabenin ölkəmiz əleyhinə səsləndirdiyi fikirlərə dair cavabında deyib ki, AŞPA-da nümayəndə heyətimizin mandatı bərpa olunmayanadək sözügedən şəxslər Azərbaycana gəldikləri təqdirdə onlara ölkə ərazisinə daxil olmağa icazə verilməyəcək.
"İlk növbədə, qeyd etmək istərdim ki, bir sıra korrupsiya hallarında, qaranlıq biznes əlaqələrində adı hallanan Frank Şvabenin Azərbaycan və ölkə rəhbərliyi barədə səsləndirdiyi fikirlər bu insanın nə dərəcədə qərəzli, saxta və ikiüzlü siyasətçi olduğunu nümayiş etdirir. Siyasi sabitlik, iqtisadi inkişaf və tərəqqi göstəricilərinə görə lider ölkələrdən olan Azərbaycanın siyasi rəhbərliyinə qarşı səslənən fikirlər ilk növbədə ölkənin uğurlarına qarşı qərəz kimi dəyərləndirilir. Bununla yanaşı, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində tərəfimizdən atılan addımlar və apardığımız müstəqil siyasətin Şvabe kimi şəxslərin məkrli niyyətləri ilə üst-üstə düşmədiyi onları narahat edən bir faktdır", - A.Hacızadə bildirib.
Şvabeyə yaxşı məlumdur ki, AŞPA müşahidəçilərinin Milli Məclisə seçkini müşahidə etməyə dəvət olunmamasının yeganə səbəbi siyasi səviyyədə verilən vədlərə baxmayaraq, AŞPA-da Azərbaycan nümayəndə heyətinin mandatının hələ də bərpa edilməməsidir.
Beləliklə, Azərbaycanla bağlı sərsəm açıqlamaları ilə ölkəmizə qarşı hərəkət edən qüvvələrin, erməni lobbisinin əlində oyuncaq olan Şvabe yenidən gündəmə gəlib. Görünən də odur ki, deputat İkinci Qarabağ müharibəsinin nəticələri ilə heç cür barışmaq istəmir. Daha doğrusu, barışa bilərdi, ancaq erməni lobbisindən aldığı sədəqələr buna imkan vermir. Onun son zamanlar qarayaxma kampaniyasında daha aktiv iştirak etməsi göstərir ki, ayrılan vəsaitlər artıb.
Digər mühüm bir səbəb odur ki, Azərbaycan hərbi, diplomatik və qlobal səviyyədə önəmli nəticələr əldə edib və bir neçə aydan sonra keçirilməsi nəzərdə tutulan COP29 kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi edəcək. Şübhəsiz ki, belə bir beynəlxalq tədbirdən sonra ölkəmizin nüfuzu daha da möhkəmlənəcək. Bu da başda erməni lobbisi olmaqla Şvabe və digərlərini narahat edir. Şvabe özü korrupsiyaya bulaşmış şəxsdir. Onun təmsil olunduğu partiyanın nümayəndələri müxtəlif ölkələrin xəfiyyələrinə işləməkdə ad çıxarıblar. Məsələn, Şröder bu günə qədər də "Qazprom"da təmsil olunur. Görəsən, Şvabe bu barədə niyə danışmır? Angela Merkelin isə uzun müddətdir SSRİ "KQB"sinin agent şəbəkəsində olduğu danılmaz fakta çevrilib.
Digərlərinin maraqlarına xidmət etməyi, oyuncaq alətə çevrilməyi öz üzərinə götürmüş Şvabe ölkəsinin, seçildiyi ərazinin problemlərindən daha çox, məhz azərbaycanofobiya ilə məşğuldur. Lakin Şvabe və onun havadarları anlamalıdırlar ki, bütün bu cəhdlər Azərbaycana mane ola bilməyəcək. Korrupsioner dairələr erməni havasına oynamağa davam etsələr də, anlamırlar ki, bu gedişlər sonda elə həmin şəxslər üçün acı nəticələr doğuracaq. Azərbaycan bu gün beynəlxalq arenada özünü təsdiq etmiş ən etibarlı dövlətlərdəndir. Bu isə o deməkdir ki, ölkəmizin əli çirkli pula toxunmuş heç bir quruma və şəxslərə ehtiyacı yoxdur.
Frank Şvabe özünü deputatdan çox, siyasi terrorçu kimi aparır. Özünü, ölkəsini və Avropa Şurasını rüsvay edən muzdlu siyasətçi tək təşkilatı deyil, həm də Avropaya inteqrasiya ideyasını məhv edir. O, Ermənistanın siyasi elitası ilə sıx bağlıdır və müxtəlif dövrlərdə həm AŞPA-da, həm də onun hüdudlarından kənarda Ermənistanın maraqlarını müdafiə edib və indi də edir. Şvabe Bundestaqda "erməni soyqırımı" iddiasının tanınmasında və AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılmasında Corc Sorosun sifarişini yerinə yetirən siyasi riyakardır.
Sonda qeyd edək ki, Azərbaycanın beynəlxalq səviyyədə qazandığı uğurlar və artan nüfuzu Şvabe kimilərinin təxribatçı kampaniyalarına baxmayaraq, davam edir. Prezident İlham Əliyevin qətiyyətli liderliyi və xalqımızın iradəsi sayəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və beynəlxalq səviyyədə öz gücünü nümayiş etdirir. Frank Şvabe kimi siyasətçilər Azərbaycanın bu uğurlarını sarsıtmaq gücündə deyillər və onların fəaliyyəti yalnız tarixin səhifələrində qərəzli, öz maraqlarına xidmət edən şəxslər kimi xatırlanacaq. Bu cəhdlər Azərbaycanın dünya səviyyəsində qazandığı nüfuzu zədələyə bilməz. Bir sözlə, Azərbaycanın qətiyyəti və iradəsi Şvabe kimi siyasətçilərin bütün cəhdlərini boşa çıxaracaq.
"Report" İnformasiya Agentliyi