"Çimərlik mövsümü 2024" teqi üzrə xəbərlər
İyunun 15-dən Azərbaycanda çimərlik mövsümü açılır.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Şıx, Qoradil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində tərk edilmiş sahil əraziləri təmizlənib və ödənişsiz ictimai çimərliklər yaradılıb.
Sakinlərin rahat və təhlükəsiz istirahəti üçün çimərliklər ərazisində Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, soyunub-geyinmə kabinaları və duşlar, sanitariya qovşaqları, çadırlar, şezlonqlar, zibil konteynerleri quraşdırılıb, futbol və voleybol meydançaları yenilənib və istifadəyə hazır vəziyyətə gətirilib. Yaradılan bütün imkanlardan pulsuz istifadə edilə bilər.
Bu il Sahil çimərliyində əlilliyi olan insanlar üçün zəruri şərait yaradılıb. Qeyd olunan çimərliyə xüsusi yollar və panduslat salınıb ki, fiziki imkanları məhdud olan şəxslər maneəsiz şəkildə suya çata bilsinlər, çimərliyə yaxın ərazidə isə avtomobil dayanacağı xüsusi nişanlarla ayrılıb.
Qeyd edək ki, bu cür infrastruktur ilk dəfə ölkədə Şıx çimərliyində yaradılıb, yaxın illərdə digər ictimai çimərliklərə də belə infrastrukturun yaradılması planlaşdırılır. Nümunəvi ictimai çimərliklər sayının artırılması cəmiyyətdə ekoloji və sosial məsuliyyətin təbliğinə yönəlib.
Bakı şəhərinin Buzovna, Zuğulba, Mərdəkan, Şüvəlan, Novxanı, Görədil, Nardaran, Bilgəh və Pirşağı çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəriciləri norma səviyyəsində olduğu aşkarlanıb.
Bununla yanaşı, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, habelə Sumqayıt şəhərinin çimərliklərinin sanitariya-mühafizə zonalarında, eyni zamanda respublikanın sahil zolağının şimal bölgəsinin Yalama, Nabran, İstisu, Seyidli kəndi, cənub bölgəsinin Lənkəran və Astara çimərliklərinin qumsallıqlarında rekreasiya əhəmiyyətli monitorinqlər keçirilib.
Qeyd edilib ki, aparılan monitorinqlər zamanı həmin ərazilərdən götürülən dəniz suyu nümunələrinin laborator təhlillərinə əsasən, dəniz suyunun tullantı çirkab suları ilə intensiv çirklənmə hallarının hələ də davam etdiyi və çimərliklərdə dəniz suyunda bakterioloji çirklənmə göstəricilərinin mövcud normativlərin tələblərinə cavab vermədiyi müəyyən edilib.
2024-cü ilin çimərlik mövsümündə dəniz suyunun yüksək bakterioloji çirklənmə göstəricilərinin əhalinin sağlamlığı üçün təhlükə yarada biləcəyini nəzərə alaraq, "Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, Sumqayıt şəhəri, şimal bölgəsinin (Yalama, Nabran, İstisu, Seyidli kəndi), cənub bölgəsinin Lənkəran və Astara çimərliklərindən istifadənin müvəqqəti olaraq tövsiyə olunmadığı barədə qərar qəbul edilib.
Qeyd edək ki, dəniz suyunun laboratoriya müayinələri zamanı sanitariya-kimyəvi (suyun rəngi, qoxusu, üzən qarışıqlar, asılı maddələr, biokimyəvi oksigen tələbatı, neft məhsulları, fenol) və bakterioloji (bağırsaq çöpləri) göstəricilər araşdırılır.