Kiçik və orta biznes evləri (KOB evləri)

"Kiçik və orta biznes evləri (KOB evləri)" teqi üzrə xəbərlər

Kiçik və orta biznes evləri (KOB evləri) – sahibkarlıq subyektlərinə dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlərin vahid məkanda və əlaqələndirilmiş formada təqdim olunduğu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin struktur bölmələridir.

KOB evlərinin məqsədi sahibkarlıq subyektlərinə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun olaraq vahid məkanda, əlaqələndirilmiş formada, yeni üslubda, müasir innovasiyaları tətbiq etməklə dövlət-biznes (G2B) və biznes-biznes (B2B) xidmətlərinin göstərilməsi, hər bir xidmətin sahibkar məmnunluğu təmin edilməklə qanunauyğun, keyfiyyətli və şəffaf həyata keçirilməsidir.

KOB evlərində xidmətlərin operativ və bir məkanda təqdim olunması sahibkarların vaxta və əməliyyat xərclərinə əhəmiyyətli dərəcədə qənaət etməsinə və daha çox biznesin inkişafı məsələlərinə fokuslanmasına imkan verir. 

Hazırda Bakı, Xaçmaz və Yevlax şəhərlərində olmaqla üç Kiçik və orta biznes evləri fəaliyyət göstərir.

“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli Fərmanının 9.2-ci bəndinə əsasən mərkəzi və yerli icra hakimiyyəti və bələdiyyə orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə vahid “G2B” (dövlət–biznes) elektron reyestrə daxil olan xidmətlərin göstərilməsi və hüquqmüəyyənedici sənədlərin verilməsi, həmin reyestr fəaliyyətə başlayana qədər isə “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı” üzrə xidmətlərin KOB evləri vasitəsilə həyata keçirilməsi müəyyən edilib.