Bir çox avtomobil sahibləri avtomobillərini təkcə xaricdən deyil, həm də kapotun altını ideal vəziyyətdə saxlamağa çalışırlar. Bununla belə, mühərrikin müntəzəm yuyulması hətta onun dəyişdirilməsi zərurətinə qədər ciddi problemlərə səbəb ola bilər.
Oxu.Az-ın "Ridus"a istinadən verdiyi məlumata görə, bu barədə rusiyalı avtomobil eksperti Konstantin Liqaçyov xəbərdarlıq edib.
"Adətən mühərriki avtomobili satmazdan əvvəl yuyurlar ki, kapotun altındakı hissə gözəl görünsün. Bu həmçinin müəyyən nasazlıqlar zamanı edilir: məsələn, yağ sızmasının səbəbini və yerini müəyyən etmək lazım olanda. Bütün digər hallarda avtomobilin mühərrikini yumağın heç bir mənası yoxdur", - deyə Konstantin Liqaçyov bildirib.
Onun sözlərinə görə, bu, bütöv bir texnoloji əməliyyatdır və onun hər hansı pozulması avtomobil üçün mənfi nəticələrə səbəb ola bilər.
Mütəxəssis qeyd edib ki, çox vaxt mühərrikin yuyulması ilə avtomobillərdən kifayət qədər məlumatı olmayan ustalar məşğul olurlar.
"Onlar mühərriki güclü təzyiqlə yuyurlar və vacib elementləri örtməyi unudurlar. Bu, suyun avtomobilin elektronikasına düşməsinə və qısaqapanmaya səbəb ola bilər", - deyə ekspert vurğulayıb.
Liqaçyovun sözlərinə görə, suyun avtomobilin hava filtrinə düşməsi xüsusilə təhlükəlidir.
"Bu halda hidravlik zərbə ehtimalı böyükdür ki, bu da baha başa gəlir - mühərrikin dəyişdirilməsi tələb olunur", - deyə mütəxəssis əlavə edib.
Rəylər