"ADY sərnişinlərin ölkədaxili səfərlər zamanı internetdən istifadəsini asanlaşdıraraq oktyabr ayından etibarən qatarlarda ödənişsiz "Wi-Fi" şəbəkəsi istifadəyə verir. Səyahət boyu sərnişinlərin əlaqə və əyləncə ehtiyaclarını qarşılayan bu xidmət işgüzar əlaqələr üçün də səyahət rahatlığını və məmnuniyyətini əhəmiyyətli dərəcədə artırır. Sərnişinlər yolda olduqları müddətdə e-poçtlarını yoxlaya, müzakirələrə qoşula və təqdimat hazırlaya bilərlər. Həmçinin, sərnişinlər səyahət zamanı onlayn kitabxanalara daxil ola, sevdikləri e-kitabları və bloq yazılarını oxuya bilərlər. Bu, onların səyahət müddətini daha faydalı keçirmələrinə kömək edəcək. Hələ ki ödənişsiz "Wi-Fi" şəbəkəsi bir həftə test rejimində çalışacaq".
Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Dəmir Yollarının Sərnişindaşıma departamentinin rəhbəri Azər Fərəcov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, xidmətin keyfiyyətli qurulmasını təmin etmək baxımından ADY ölkənin hər üç mobil operatoru ilə müzakirələri yekunlaşdırıb:
"Razılaşmaya əsasən, Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə monitorinqlər aparılıb və sözügedən marşrutlar üzrə mobil rabitənin dayanıqlı təminatı üçün operator şirkətlər tərəfindən tədbirlər planı həyata keçiriləcək. Yuxarıda qeyd edilən əlavə dəyər xidmətlərinin təqdim olunması, dünyada qəbul olunmuş müasir standartlara uyğun müştəri məmnuniyyətinin təmin edilməsi, eləcə də artan xərclərin qarşılanması və infrastrukturun saz vəziyyətdə saxlanması üçün ADY yeni qiymət siyasətinə keçir".
Məhərrəm Əliyev
Rəylər