"Azyaşlıların imanını gücləndirmək adı altında dini mərasimlərə aparmaq yolverilməzdir".
Bunu "Report"a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Azər Badamov deyib.
"Bəzi hallarda valideynlər dini mərasimlərə gedəndə özləri ilə azyaşlı övladlarını da aparırlar. Onlar fikirləşirlər ki, uşağı balaca vaxtdan dinə inamlı tərbiyə edirlər. Belə valideynlərin hərəkətini yanlış hesab edirəm", - deyə A.Badamov qeyd edib.
O bildirib ki, uşaqların özlərini dərk etdikdən sonra din mövzusunda qərar vermələri daha düzgündür:
"Uşaqları məcburən dini mərasimlərə aparmaq və onun psixoloji inkişafına təsir edən hərəkətlərə imkan vermək olmaz. Uşaq hansı istiqamətə yönəlmək istəyirsə, özü seçməlidir. Elm və texnologiyaların yüksək inkişaf etdiyi dövrdə yaşadığımızı nəzərə alsaq, uşaqlarımız elmi biliklər almalı, dünyəvi şüur və milli mənəvi dəyərlərlə tərbiyə olunmalıdırlar".
Xatırladaq ki, bu barədə Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin vətəndaşlara müraciəti olub. Müraciətdə qeyd olunub ki, valideynlər kütləvi dini mərasimlərin keçirildiyi yerlərdə, o cümlədən təziyə məclislərində azyaşlı uşaqların iştirakının onların təhlükəsizliyi və sağlamlığı baxımından məqsədəuyğun olmadığını nəzərə alsınlar, habelə qanunvericiliklə icazə verilməyən hallara yol verilməməsinə diqqətlə yanaşsınlar.
Rəylər